Oğuzda 62 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb.
Publika.az lent.az-a istinadən xəbər verir ki, Şəki Rayon
Mərkəzi Xəstəxanasından verilən məlumata görə, oktyabrın 22-i axşam
saat 20 radələrində Oğuz rayonu Calut kənd sakini, 1954-cü il
təvəllüdlü Məhərrəm Məhəmməd oğlu Abbasov döyülmə xəsarətləri ilə
xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 62 yaşlı M.
Abbasov döyülmə zamanı müxtəlif bədən xəsarətləri ilə bərabər sağ
çənə sümüyünün çıxığı və sınığı xəsarəti də alıb. M. Abbasova
xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və
müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan
birinə göndərilib.
Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, hadisə rayonun Calut
kəndi ərazisində baş verib. M. Abbasovla həmkəndlisi Fəzahir
Həsənov arasında şəxsi münasibətlər zəminində dava olub. Nəticədə
F. Həsənov M. Abbasovu döyərək ona müxtəlif bədən xəsarətləri
yetirib.