Sibirin əlillər xəstəxanasında vəfat edən şairimiz (VİDEO)

Sibirin əlillər xəstəxanasında vəfat edən şairimiz (VİDEO)
01:08 24 Oktyabr 2016
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 1882-ci il oktyabrın 24-də qədim Naxçıvanda ruhani ailəsində anadan olub. İlk ibtidai təhsilini evdə, atasından alıb. 1891-1896-cı illərdə mollaxanada oxuyub. 1896-1898-ci illərdə görkəmli maarifpərvər Məhəmməd Tağı Sidqinin təşkil etdiyi "Məktəbi-tərbiyə"də təhsilini davam etdirib. 1899-1903-cü illərdə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizdəki "Talibiyyə" mədrəsəsinin müdavimi olub və həmin illərdə fars dilini mükəmməl öyrənib. Təsadüfi deyildir ki, Cavidin ilk qələm təcrübələri də məhz fars dilində olub. 1906-1908-ci illərdə İstanbul Universitetinin ədəbiyyat şöbəsində ali təhsil alıb. 1909-cu ildə şair özünə "Cavid" təxəllüsünü seçib və sonralar bu təxəllüs onun ailə üzvlərinin də soyadına çevrilib.

Pedaqoji fəaliyyəti

Hüseyn Cavid 1910-cu ildə Gəncədə ruhani məktəbində, 1912-ci ildə Gəncədə Pişnamazzadənin məktəbində, bir müddət sonra isə Tiflisdə "Aliyev uçeniye" məktəbində, 1914-cü ildə Tiflisdə "İttifaq" məktəbində, 1915-1916-cı illərdə Bakıda "Şəfa" məktəbində, 1918-ci ildə Naxçıvanda "Rüşdiyyə" məktəbində, 1919-cu ildə Bakıda hazırlıq kursunda, həmçinin bir müddət qız məktəbində, 1920-1937-ci illərdə Darülmüəllimin- Bakı Müəllimlər Seminariyasında işləyib. Ömrünün son on yeddi ilini burada çalışan Hüseyn Cavid nüfuzlu və hörmətli müəllim kimi tanınmaqla yanaşı, həm də ciddi və məhsuldar yaradıcılığı ilə də məşhur olub.

Hüseyn Cavid və maarifçilik

Müxtəlif dərnəklərdə, komissiyalarda təmsil olunan Cavid artıq sağlığında canlı klassikə çevrilmişdi. Belə ki, 1924-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının nəşriyyatında ədibin "Peyğəmbər" dramı çap olunmuş, həmçinin "İblis" faciəsi ilk dəfə kitab şəklində oxucu auditoriyasına təqdim edilmiş, Bakıdakı II dərəcəli 16-cı qız məktəbinə hələ sağlığında ikən Hüseyn Cavidin adı verilmişdi. 1925-ci ilin fevral ayında Bakıda keçirilən I Türkoloji qurultayda Hüseyn Cavid də iştirak edib.

1926-cı ilin iyun-oktyabr aylarında gözlərini müalicə etdirmək məqsədi ilə Berlinə ezam edilən Cavid, Almaniya təəssüratlarından "Azər" poemasında və "İblis" faciəsində uğurla istifadə edib.

Şairin "Topal Teymur" əsəri 1926-cı ildə Azərbaycan Akademik Teatrında tamaşaya qoyulub.

Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi çoxillik xidmətlərinə görə 1927-ci ildə Xalq Komissarları Şurasının qərarı ilə Hüseyn Cavidə fəxri təqaüd verilməsi məsələsi irəli sürülüb.

1928-ci ildə Təbriz teatrında "Şeyx Sənan" faciəsi, 1930-cu ilin martinda isə Tiflis Dövlət Qırmızı Ordu teatrında "Knyaz" pyesi tamaşaya qoyulub. 1937-ci il iyunun 3-nə qədər, yəni Hüseyn Cavidə qarşı haqsız ittihamlar irəli sürülənə qədər, Azərbaycan yazıçılarının ən hörmətli, ən nüfuzlu bir yazarı kimi ədibin özü də, əsərləri də həmişə gündəmdə olub.

1937-ci il iyunun 4-də Cavid xalq düşməni kimi həbs edilib. İki il Keşlə və Bayıl həbsxanalarında ağır zindan həyatı yaşayan Cavid 1939-cu il iyul ayının 4-də antisovet təbliğatda iştirakı ittihamı ilə təqsirləndirilib. O, 8 il həbs cəzası alaraq Sibirə sürgün olunub.

Ömrünün sonlarında gözləri tutulan, mənəvi-psixoloji təzyiqlərdən sağlamlığını itirən böyük şair Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayətində, Tayşet rayonunun Şevçenko qəsəbəsindəki Əlillər evində dünyasını dəyişib.

Gülbəniz Babaxanlı, Cavidin ev-muzeyinin direktoru: - Cavid Azərbaycan ədəbiyyatının əsl klassikidir. Cavid Azərbaycan poeziyasının söz zadəganıdır. Cavid Azərbaycan poeziyasının zirvəsində duran şairdir. Cavid yaşadığı qısa bir dövrdə dünya şöhrətli əsərlər yaradıb. Onun müdrik yaşı hələ qarşıdaydı, yaşasaydı, dünya dahiləri ilə bir sırada dayanacaqdı, əbədiyaşar əsərləri daha çox yaradacaqdı, yaşasaydı, bu gün əlimizdə olandan iki dəfə çox yaradıcı irsi qalacaqdı... Bilirsiniz də, Cavidin bizə gəlib çatan əsərlərindən 5-i itib. Beş tarixi əsər ki, Cavid onları sürgündən əvvəl yazmışdı, həbs edilən gecə, o əsərlər də müsadirə edilərək məhv olunub.

- Cavidlər haqqında yazılanlardan bəlli olur ki, şairin oğlu Ərtoğrol da öz ömrünü yaşaya bilməyib.., bir çox əsərləri də kimlər tərəfindənsə mənimsənilib...

- Bu, əslində ayrı bir söhbətin mövzusudur. Ərtoğrolu Bülbül də, Üzeyir bəy də öz övladları kimi çox istəyiblər. Ərtoğrolun muzeyimizdə məktubları qorunur, o məktublardan görünür ki, Cavidin adını çəkməyə belə kimsənin cəsarət etmədiyi bir zamanda Üzeyir bəy də, Bülbül də Cavidin oğluna çox böyük diqqət, qayğı göstəriblər. Ərtoğrol müharibəyə aparıldıqdan sonra da, Tiflisdə hospitalda vərəmdən ağır vəziyyətdə yatanda da mütəmadi olaraq məktub vasitəsi ilə onlar Ərtoğrolun səhhəti, vəziyyəti ilə daim maraqlanıblar. Bülbül müalicəsinə görə Ərtoğrola pul da göndərib. Bu iki korifey sənətkar o dövrdə Cavid ailəsi üçün yeganə etibarlı kişilər idi ki, Ərtoğrol hər məktubunda anası ilə yeniyetmə bacısını yalnız onlara etibar edib tapşırırdı. Bülbül Ərtoğrolu hələ tələbə ikən işə götürmüşdü. Biz, yəni, muzeyin kollektivi, Ərtoğrolun Bülbülün yanında işlədiyi zaman topladığı və tədqiq etdiyi əsərlərdən ibarət bu yaxınlarda 10 cildlik kitab buraxdıq. Azərbaycan folklor nümunələri idi, aşıq yaradıcılığı idi, hamısı da əlyazma şəklində. 40 ədəd qovluqda rəngi solmuş, saralmış vərəqlər 70 il toxunulmaz qalmışdı. Biz onları toplayıb sistemləşdirdik. Hazırda muzeyimizdə Cavidlə yanaşı, şairin oğlu bəstəkar Ərtoğrolun da, qızı teatrşünas Turan xanımın da şəxsi arxivləri saxlanılır. Muzeydə materiallar, bir qayda olaraq, əlyazma şəklində qorunur. Ərtoğrolun sənədlərinin arasındakı iclas protokollarında oxumuşam ki, 1938-ci ildə aşıqların ifasını lentə alıblar, sonra Ərtoğrol 34 adda aşıq mahnısını nota köçürüb. Bu gün də arxivimizdə qorunur. Bəzən musiqişünaslar, bəstəkarlar Ərtoğrolun çap olunmamış əsərlərini bizdən istəyirlər, vermirik. O əsərlərin üzərində Ərtoğrolun zəhməti və müəllif hüquqları var.

2012-ci ilin oktyabrında Hüseyn Cavidin anadan olmasının 130 illiyidir. Biz bu yubileyə çox ciddi hazırlaşırıq. Bu münasibətlə bizim bir çox layihələrimiz var. Hazırda bu istiqamətdə planlaşdırdığımız işlərimizi görürük.

Muzeyə xaricdən də çox qonaqlarımız gəlir. Ümumiyyətlə, Cavid irsinə müraciət edənlər həmişə çoxdu. Muzey akademiyanın nəzdində fəaliyyət göstərdiyinə görə həm əlaqələndirmə mərkəzi kimidir, həm də burada elmi-tədqiqat işləri də gedir. Cavidin 5 cildlik külliyyatı var əlimizdə. Bu yaxınlarda Özbəkistanda Cavidin 130 illiyini keçirdik. "Topal Teymur" əsərinə görə Özbəkistanda Cavid irsinə çox böyük maraq var. Çünki hələ Cavidin sağlığında onun əsərləri Daşkənddə tamaşaya qoyulurdu.

Özbəkistanda Cavidi tanıyırlar, Türkmənistanda Cavid kimdi, bilirlər, Türkiyədə Cavidi sevirlər. Cavidin əsərləri zaman, məkan tanımır. Onlar hər zaman müasirdi, aktualdı...

Bu reys İrkutska uçur...

1982-ci ilin oktyabr ayının 13-də Naxçıvandan üç eloğlu, üç vətənpərvər, üç Cavidsevər - Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsirov çətin və məsuliyyətli bir səfərə yola düşdülər. Məqsəd Cavidin məzarını axtarıb tapmaq və onun cənazəsinin qalıqlarını Vətənə gətirmək idi.

Həmid Cəfərov: - Evimdə Cavid nurlu bir guşəm var. Burada təbii ki, Cavidin əsərləri əsas yer tutur. Vəfatından 41 il sonra Cavidin Vətənə qayıdışı ilə əlaqədar tarixi sənədləri, məqalələri, oçerkləri, şairin adının əbədiləşdirilməsini əks etdirən fotomaterialları bu guşədə toplamışam. Cavidin qayıdışından sonra ötən bu otuz il ərzində onlarla kitab yazılıb. Yüzlərlə qələm əhli mətbuatda bu mövzuya geniş yer veriblər. Cavidin Vətənə qayıdışından sonra ulu öndərimizin göstərişi ilə şairin ev-muzeyi yaradıldı. Latın qrafikası ilə əsərləri çap edildi.

Hüseyn Cavid elə bir söz sərrafıdır ki, onun həyat və yaradıcılığı həmişə geniş müzakirə predmetidir. Bəzən düşünürəm, məni Cavidə bağlayan nə olub?

1962-ci ildə mən tələbə idim. İndiki BDU-nun filologiya fakültəsinə, rus bölməsinə qəbul olunmuşdum. Hazırda Cavidin ev-muzeyi yerləşən binanın arxa tərəfində bizim fakültə yerləşirdi. Qrup rəhbərimiz gözəl pedaqoq Ziynət Əlizadəydi. Ruhu şad olsun!

Ziynət xanımın Azərbaycan ədəbiyyatına, Hüseyn Cavidə vurğunluğu mənə Cavidi sevdirdi. O, auditoriyamızla yanaşı dayanan binanı göstərib həmişə mənə deyərdi ki, sənin həmyerlin Cavid Əfəndi 1937-ci iləcən bu evdə yaşayıb. O zaman ağlıma belə gəlməzdi ki, 20 il ötəcək, ulu öndərin tapşırığı ilə, məhz mən və iki əməlisaleh eloğlum - Telman və Zakir uzaq Sibirə gedib dahi şairin məzarını doğma vətənə gətirəcəyik.

Ötən əsrdə - 80-ci illərin əvvəllərində repressiya qurbanlarına artıq dövlət səviyyəsində bir diqqət, qayğı yaranmışdı. Təbii ki, Cavid kimi dahi şairin də həyat və yaradıcılığı diqqətdən kənarda qala bilməzdi .

Cavid 1937-ci ilin 4 iyununda həbs edildikdən sonra, iki il Keşlə və Bayıl həbsxanalarında saxlanılmış, sonra Maqadana sürgün edilmişdi. Orada səhhəti ağırlaşandan sonra İrkutsk vilayətindəki Tayşet rayonunun Şevçenko kəndinə - əlillər xəstəxanasına köçürülmüşdü. Biz üç həmyerli - mən, Telman və Zakir Tayşetdən Şevçenkoya gedən yolu öz gözümüzlə gördük. İndinin özündə də 75 kilometrlik o yol gediş-gəliş yolu yox, ölüm-dirim yoludu...İlin on iki ayı şaxta, buz, fəlakət yoludu...100 kilometrlərlə ərazisi olan Şevçenko kəndi əslində sərt, keçilməz Sibir meşəsidir.

Hüseyn Cavid Əlillər xəstəxanasında bir aydan da az qalib. 5 dekabr 1941-ci ildə İrkutsk vaxtı ilə saat 10.30-da ürək çatışmazlığından və ayaqlarının don vurmasından vəfat edib. O vaxt Cavidin yanında adamlar olub və ehtimal olunur ki, dəfndə də elə həmin adamlar iştirak ediblər.

- Həmid müəllim, siz necə dəqiqləşdirdiniz ki, açılan qəbir məhz Hüseyn Cavidə məxsusdur?

- Əvvəla, o İrkutsk vilayəti, Tayşet rayonundakı arxiv barədə fikrimi deyim. O arxiv yüksək səviyyədə səliqəli, dəqiq və aydın tərtib edilmiş kartlardan ibarətdir. Hər bir kartda oraya sürgünə göndərilənlərin adı, soyadı, tərcümeyi-halı, həyatının hansı şəkildə sona çatdığı, hansı nömrəli aktla, hansı nömrəli qəbirdə dəfn olunduğu barədə səhih məlumatlar var. O məzarlıqda düz 40 min nəfər sürgünə göndərilmiş repressiya qurbanı dəfn olunub. İndinin özündə də o arxivlə maraqlanan olsa,repressiya qurbanı olmuş neçə-neçə azərbaycanlının məzarını müəyyənləşdirmək olar.

...Cavidi taxta tabutda, iki metr dərinlikdə, üzü Şərqə, yəni üzü qibləyə, müsəlmansayağı dəfn etmişdilər. Bu da onu düşünməyə əsas verir ki, son anında Cavidin yanında ya öz millətimizdən, ya da öz dinimizdən kimsə olub.

1991-ci ildə Cavidə həsr edilmiş "Qayıdış" filminin çəkilişində mən yenidən İrkutska getdim. Bizdən sonra keçmiş SSRİ məkanının digər respublikalarından da gəlib neçə-neçə qəbri köçürüb aparmışdılar öz vətənlərinə...

Biz Cavidin məzarını cəmi üç saat axtardıq. Dəhşətli burasıdır ki, arxiv kartlarına baxandan sonra belə qənaətə gəldik ki, 40 min nəfərlik məzar əhlinin sırasında azərbaycanlıların sayı daha çoxdur. O qanlı illərdə beriyaların və mikoyanların "xidməti" sayəsində Gürcüstanda və Ermənistanda repressiya olunanların sayı Azərbaycana nisbətən az olub.

Cavid çox nadir istedadı ilə yanaşı, böyük pedaqoq, üzaqgörən və qeyri-adi adam olub.

...Bir dəfə Keşlə həbsxanasında olarkən, Mişkinaz xanımla görüş zamanı Cavid ona deyib ki, filan əsərimin filan səhifəsində Ərtoğrolla Turanın taleyini yazmışam, tap, oxu, amma özlərinə göstərmə. Mişkinaz xanım o yazını tapıb oxuyub, sonra da yandırıb.

Cavid Quranı çox gözəl mənimsəmişdi. Şübhəsiz ki, onun bilik dairəsinin bu qədər zənginliyi o böyük kitabın hikmətiydi.

2002-ci ilin 24 oktyabrında, yəni Hüseyn Cavidin anadan olmasının 120 illik yubileyi günündə şairin ev-muzeyinin Bakıda açılışı oldu.

Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə əlaqədar 1995-ci il iyunun 10-da keçirilən müşavirədə ulu öndər Heydər Əliyev çıxışında öz mövqeyini bildirdi.

1996-cı ilin oktyabrında Hüseyn Cavidin Naxçıvanda məqbərəsi yaradıldı, Mişkinaz xanımın məzarı Bakıdan, Ərtoğrolun məzarı isə Naxçıvandan Cavid türbəsinə köçürüldü. 2004-cü ildə Turan xanımın vəfatından sonra Cavidlərin dördüncü - sonuncu nümayəndəsi də həmin məqbərədə dəfn edildi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam ulu şairin irsinə çox böyük diqqətin nəticəsidir. Mən böyük qürurla deyirəm ki, ulu öndərin tapşırığı ilə dahi Hüseyn Cavidin cənazəsinin vətənə gətirilməsi prosesində iştirakım bu yubileyə bir töhfədir. Bundan sonra hələ neçə yüz illər keçəcək, Cavid günəşi tarixin qanlı səhifələrindən yenə də vüqarla boy göstərəcək...

Telman Əliyev: - Mən 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində doğulmuşam. Orta məktəb illərində Cavidi sevən şagirdlərdən biri də mən olmuşam. Onun əsərlərini və şeirlərini daim oxumuş, bir müəllimim kimi onun yaradıcılığından öyrənməyə çalışmışam.

1982-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq işləri ilə bağlı Azərbaycan KP Mərkəzi Komitəsinin Bürosunun qərarı çıxmışdı.

O zaman mən Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini vəzifəsində çalışırdım.

Ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə Naxçıvandan Sibirə gedib Hüseyn Cavidin məzarının tapılıb vətənə gətirilməsi bir vəzifə kimi Həmid Cəfərova, Zakir Nəsirova və mənə həvalə olundu.

İrkutska çatan günü Naxçıvana zəng vurdum və eşitdim ki, böyük bacım rəhmətə gedib. Anamı çox kiçik yaşlarımda itirdiyimdən bacım bizə ana əvəzi olmuşdu. Onun ölüm xəbəri məni çox sarsıtdı. Yas mərasiminə qatılmaq üçün Naxçıvana qayıtmağım qərara alındı. Hava limanına gəldik. Ancaq ürəyimə dolan bir hiss məni yoldan saxladı. Fikirləşdim ki, onsuz da dəfnə çata bilməyəcəyəm. İrkutskda qalım və bizə həvalə olunmuş tapşırığın yerinə yetirilməsində iştirak edim. Beləcə, Cavidin ruhuna sevgim, ehtiramım məni hava limanından geriyə - yenidən İrkutska qaytardı. Sonrakı günlərdə biz şairin dəfn edildiyi qəbiristanlığı müəyyən etmək, Cavidin qəbrini tapmaq, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsini rəsmiləşdirmək işləri ilə məşğul olduq.

Bu məqsədlə nümayəndə heyətimizin başçısı Həmid müəllim bir sıra partiya , sovet, hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq lazımi sənədlərin alınmasına müvəffəq oldu.

Mən o günləri ömür salnaməmdə həyatımın ən şərəfli günləri sayıram. Çünki Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına, o cümlədən Cavid ruhuna xidmət eləmək, onun cənazəsinin tapılıb Vətənə gətirilməsində üç nəfərdən biri olmaq, Azərbaycan oğlu üçün böyük bir şərəfdir. Yaşadığım bu 76 ilin içərisində o günləri ən unudulmaz günlər hesab edirəm ki, Cavidi öz çiyinlərimizdə gətirib Vətən torpağına tapşırdıq. Biz bu gün də üç mənəvi qardaş - Həmid, Zakir və mən özümüzü Hüseyn Cavidin mənəvi oğulları sayırıq.

Cavid məzara heç bir doğmasının çiynində getməmişdi. Amma Vətənə üç mənəvi oğlunun çiynində qayıtdı.

Zakir Nəsirov: - 1982-ci ildə 28 yaşım vardı. Naxçıvanda tikinti materialları kombinatının üzlük plitə sexində fəhlə işləyirdim. İşlədiyim yerdən SSRİ Ali Sovetinə deputat seçilmişdim. Bir qrup nümayəndənin sırasında mən də Fransaya səfərə hazırlaşırdım. O zaman Naxçıvan Vilayət Partiya Komitəsində üçüncü katib Həmid Cəfərov idi. Mən onun yanına getdim ki, sənədlərimin mümkün qədər tez düzəlməsində kömək etsin. O isə bildirdi ki, yuxarıdan sorğu almışıq, biz getməliyik İrkutska, Cavidin məzarını gətirməyə. Dedim, gözüm üstə, gedirəm. Fransaya səfəri sonraya da saxlamaq olar. Oktyabrın 13-də mən, Həmid Cəfərov, Telman Əliyev Naxçıvandan çıxdıq. Naxçıvan-Yerevan, Yerevan-Moskva, Moskva-İrkutsk reysləri ilə getdik. Bu məsuliyyətli və ağır səfərimizin başa çatmağı iyirmi gün çəkdi. Noyabrın üçündə artıq Cavid Vətəndə torpağa tapşırıldı.

İrkutskda azərbaycanlılar vardı, biz o buzlu torpağı qazanda, hamısı tökülüb gəldi köməyə. Müharibə dövründən qalan yeganə azərbaycanlı tək bircə nəfər bərdəli Qəhrəman kişiydi, orada ailə qurmuşdu, qalanları sonradan gələn cavanlardı...

Cavidi tapdığımız qəbiristanlıqda 40 min nəfər uyuyur. Qəbirlər nömrəynəndi. O nömrələrin də hamısının arxivdə şəxsi uçot vərəqələri var. Arxiv sənədlərində üç-dörd yerdə Cavidin şəkli də vardı. Əynində sırıqlı, qoca bir kişidi, kədərli ...oturub belə...(Bu məqamda Zakir müəllim kövrəldi - müəllif). O şəkillərə baxanda ürəyim çox ağrıdı...

Cavid 1941-ci il noyabrın 8-də Maqadandan İrkutska - Əlillər evinə köçürülüb. Heç bir ay da yaşaya bilməyib orada. Xəstə adam, baxanı yox, tanıyanı yox... Həmin il dekabrın 5-də dünyasını dəyişib.

Mən Turan xanımı ilk dəfə İrkutskdan qayıdanda aeroportda- ulu Cavidin yolunu gözləyənlərin arasında gördüm. O, bizi çox soyuq qarşıladı, sanki donmuşdu, stresdən hiss etmirdi ki, nə baş verir. Sonralar əlaqə saxladıq, buralara yolum düşəndə, həmişə muzeyə gedib ona baş çəkirdim.

Allah rəhmət eləsin dördünə də. Cavidlər ailəsi ən əzabkeş ailə olub bu dünyada.., cəlladlar Cavid nəslini yaşamağa qoymadı. O ailədən bir nəfər nişanə qalmadı. Adları, yaradıcılıqları əmanət qaldı bu günümüzə....Cavid kimi dahinin sorağı Maqadandan, Sibirdən gəlib. Neyləmişdi o peyğəmbər kimi insan?! Türkcə danışmışdı...türkcəni sevmişdi...

İskəndər Orucəliyev, əməkdar müəllim: - Mən uzun illər Turan xanımla çiyin-çiyinə çalışmışam. Özümü onun qardaşı, Cavidin mənəvi övladı hesab etmişəm. Hüseyn Cavidlə bağlı bir neçə kitabın müəllifiyəm. On əsrlik Azərbaycan ədəbiyyatı tarixində Nizamidən sonra Cavidi görürəm - fəlsəfi düşüncələrinə, aforistik kəlamlarına görə...

Cavid Vətənə xidməti nədə görürdü? Təbii ki, müəllimlikdə və şairlikdə. O, hər iki sənəti sevir və onlara hörmətlə yanaşırdı. Cavid şairlikdən aldığı zövqü müəllimlik peşəsindən də alırdı. O, müəllim sənətinə çox ciddi yanaşdığını öz pedaqoji düşüncə və nəzəri mülahizələrində də yazırdı. Bu qəbildən olan yazılarında Cavid, müəllimi məktəbdə əsas sima, uşaqlara əxlaq dərsi və tərbiyə verən, ədəb öyrədən şəxsiyyət kimi görürdü. Şair yeni nəslin maariflənməsində müəllimin roluna çox böyük əhəmiyyət verir, "maarifi sevən adam heç bir zaman cahil qala bilməz", - deyirdi.

Cavid nümunəvi bir müəllim kimi Naxçıvan mahalında milli məktəbin təsisçisi hesab edilən Məşədi Məhəmməd Tağı Sidqini göstərirdi.

Sidqinin məktəb, maarif və təhsil sahəsindəki xidmətlərini yüksək dəyərləndirirdi. Cavidin qənaətinə görə, əsl nümunəvi vətənpərvər, əqidəli, məsləkli, həmiyyətli olmalı, millətini və millətinin balalarını sevməlidir. Müəllimin özü təmiz qəlbə, parlaq vicdana, gözəl əxlaqa, həqiqi və dərin məlumata malik olmalıdır. Müəllim öz ana dilində aydın, anlaşıqlı, səlis və gözəl danışmalıdır. "Məsləkli və əqidəli müəllim bir orduya bərabərdir", - deyən Cavid cəmiyyətdə ciddi islahatlar aparılması məsələsini maarif, məktəb və müəllimin adı ilə bağlayırdı.

Cavid müəllimdən tələb edirdi ki, o, yaşadığı əsrin mədəniyyətini bilsin, öyrənsin, maarifpərvər olsun, şagird və tələbələrinə qarşı səmimi, qayğıkeş, diqqətli, məhəbbətli olsun. Çünki "məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi təcəlligahıdır" - deyirdi Cavid.

Ellada Umudlu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR