Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yalnız “Ömür” klinikasında olan unikal müalicə metodu

Azərbaycanda yalnız “Ömür” klinikasında olan unikal müalicə metodu

Date: 24 October 2016 11:23

Cütlüklərin 1 il ərzində qorunmamasına baxmayaraq hamiləliyin baş verməməsi sonsuzluq (infertility) adlanır. Azərbaycanda belə ailələrin statistikası aparılmadığından əhalinin neçə faizinin bu problemdən əziyyət çəkdiyini deyə bilmərik. Rəsmi rəqəmlərə görə, 2014-cü ildə respublikada 12088 boşanma qeydə alınıb. Bu boşanmaların yarıdan çoxu - 6840 boşanma uşaqsız ailələrin payına düşüb. Düzdür, bu cütlüklərin hamısı sonsuz deyil, lakin klinikalara edilən müraciətlər problemdən əziyyət çəkənlərin kifayət qədər olduğunu göstərir. Bəs sonsuzluğun dəqiq səbəbi varmı? Sonsuzluq necə müalicə edilir? Hansı yaşa qədər müalicədə uğurlu nəticə qazanmaq mümkündür?

Publika.az-ın suallarını “Ömür” klinikasının direktoru, həkim-ginekoloq, USM mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Gülnara Sultanqızı cavablandırır.

- Əvvəlcə, istərdim ki, sonsuzluğun nə olduğunu açıqlayasınız.

- Sonsuzluq birincili və ikincili olur. Birincili sonsuzluq cütlüklərin bir il ərzində heç bir qorunma vasitəsindən istifadə etməməsinə baxmayaraq hamiləliyin baş verməməsidir. İkincili sonsuzluqda isə qadın hamilə olsa da, döl inkişafdan qalır, hamiləlik sona çatmır, yarımçıq doğuş olur və ya doğuş zamanı uşaq dünyasını dəyişir. Bir dəfə uşaq dünyaya gətirən qadının sonradan hamilə qala bilməməsi də ikincili sonsuzluq adlanır. Həmçinin, qadının özünün süni şəkildə hamiləliyi pozması, yəni abortdan sonra da hamilə qala bilməməsi ikincili sonsuzluq adlanır.

- Ölkəmizdə sonsuzluğun hansı növü daha çox yayılıb?

- Bizə müraciətlər əsasında deyə bilərəm ki, əsasən ikincili sonsuzluğu daha çox müşahidə edirik. Bu gün qadınlar bir uşaqları olandan sonra ikinci hamiləliyi abortla sonlandırırlar. Abort vaxtı və ya ondan sonra hər hansı infeksiyaya yoluxurlar. Uşaqlıq borularının iltihabı prosesi yaranır, sonradan boru bağlanmasını müşahidə edirik. İltihablaşma yalnız infeksiyadan deyil, kiçik çanaqda durğunluq, digər qonşu orqanların, sidik kisəsi və düz bağırsaqda iltihablaşma, qəbizlik də ikincili sonsuzluğa səbəb olur. İkincili sonsuzluğu təyin etmək üçün bir sıra instrumental müayinələr lazımdır. İlkin müayinə genital orqanların Ultrasəs Müayinəsidir. Bu zaman uşaqlığın anatomik quruluşuna, strukturuna diqqət etmək, endometriyanın patologiyalarını inkar etmək və onun qan təchizatını müəyyən etmək lazımdır. Normal USM müayinəsində uşaqlıqla bağlı dolğun informasiya ala bilirik. Həmçinin, boruda iltihabi prosesi, boru və yumurtalığın genişlənməsini, boru daxilində mayeni izləmək mümkündür. Lakin bu proseslər müşahidə edilmədiyi halda boruları USM vasitəsilə müayinə etmək olmur. Bu zaman rentgen müayinəsinə ehtiyac olur.

- Yalnız uşaqlığın müayinəsi sonsuzluq diaqnozunu dəqiqləşdirmək üçün yetərlidirmi?

- Əlbəttə, yox. Yalnız uşaqlığın müayinəsi sonsuzluğun səbəbini aşkara çıxarmaq üçün kifayət etmir. Eyni zamanda orqanizmin dirijoru adlandırdığımız qalxanvari vəzin müayinəsi də lazımdır. Bu vəz endokrin sonsuzluq yaratmaqla yanaşı, yumurtalığı stimulyasiya edən hormonlara, hamiləliyin gedişatına təsir edən bir sıra qüsurların yaranmasına səbəb olur. Yəni qalxanvari vəzdə hər hansı problemin olması yumurtalıqlarda disfunksiya yaradır. Bu da menustral siklin pozulmasına və qanaxmalara səbəb ola bilər.

- Bu gün “sonsuzluğu müalicə edirəm” deyənlərin sayı çoxdur. “Ömür” klinikasının müalicə üsullarını digərlərindən fərqləndirən nədir?

- “Ömür” klinikasında aparılan müalicələr hamısı elmə əsaslanır. Klinikanın iş təcrübəsi əsasında 8 nəfər elmi dərəcə alib, 9 nəfər dissertantımız var. Onların hamısının elmi işləri “Ömür” klinikasında aparılan tədqiqatlar nəticəsində əldə olunmuş nailiyyətlərə əsaslanıb. Bu gün də təhlil və araşdırmalar aparılır. “Ömür” klinikasında hər bir xəstə və xəstəlik üçün fərdi yanaşma, müalicə üsulu tətbiq olunur. Fərdi müalicə proqramında təbii üsullara müraciət edirik. Təbii müalicələr elmə əsaslanır. Müasir farmokologiyanın kökü təbii müalicələrdən yaranıb. Çünki dərmanların hamısı təbii bitkilərdən hazırlanıb, sadəcə bitkini uzun müddət saxlamaq mümkün olmadığı üçün onları sintetik pereparatlar əvəz edib. Təkcə sonsuzluğun deyil, digər xəstəliklərin də təbii üsulla müalicəsində yüksək nəticələr qazanarıq. Sonsuzluğun müalicəsində isə digər orqanların – məsələn, hipofiz, qalxanvari vəz, qaraciyər, böyrəküstü vəzin hamiləliyin baş verməsinə təsirini araşdırırıq. Çünki sadaladığım bu orqanları müayinə etmədən sonsuzluğun müalicəsinə başlamaq doğru deyil. Yumurtalıqdakı polikistozun piylənmə, beyin, qalxanvari, böyrəküstü vəz, yoxsa yumurtalıq mənşəli olduğunu müəyyən etmədən hər hansı müalicəyə başlamaq düzgün deyil.

- Adətən, sonsuzluq deyəndə, bu, yalnız qadınların problemi kimi anlaşılır. Bəs sonsuzluqda kişi faktorunun təsiri nə qədərdir?

- Sonsuzluq yalnız qadın faktoru rol oynamır. Bu, 50-nin 50-yə nisbətindədir. Bir döl yumurtasının əmələ gəlməsi üçün həm kişi, həm də qadın hüceyrəsi olmalıdır. Hər ikisi sağlam olsa, sağlam döl əmələ gələcək. “Ömür” klinikasında kişi sonsuzluğuna qarşı da unikal müalicə üsulları tətbiq edilir. Kişilərdə klassik müayinə metodu kimi xayaların doploreoqrafiyası, spermoqrammanın analizi və qanda androgenlərin təyini aparılır. Sonrakı mərhələdə infeksiyalar müəyyən edilir. “Ömür” klinikasında aparılan müayinə üsullarını fərqləndirən bir cəhət də bizdə spermanın sitokimyəvi analizinin aparılmasıdır ki, bu da çox dəqiq və düzgün müayinə metodlarından hesab edilir. Bu zaman klassik spermoqrammadan fərqli olaraq müayinə bir neçə parametrdə aparılır. Nəticədə yumurta hüceyrənin spermatozoidi nə qədər tanıması, yumurta hüceyrənin qlafını dəlib-deşmə qabiliyyəti, orada rüşeym əmələ gətirə bilməsi müəyyən edilir. Bu müayinələrdən sonra həm də kişi hüceyrənin bu nüanslara cavab verməməsinin səbəblərini proqnozlaşdıra bilirik. Bundan başqa, spermatozoidin nə qədər yararlı olmasını, süni və ya təbii mayalandırmada effektli nəticə verib-verməyəcəyini müəyyən etmək olur.

- Bəs problemin səbəbini araşdırandan sonra müalicə üsullarında hansı metodlar tətbiq edirsiniz?

- Klinikamızın müalicə metodları da fərqlidir. Hər bir xəstəyə fərdi yanaşırıq. Bizim müalicə devizimiz belədir: Fərdi, Fərqli və Fədakar. Yəni hər bir xəstəyə fərdi müalicə üsulu tətbiq edirik. Azərbaycanda ancaq “Ömür” klinikasında sonsuzluq üçün müalicə reabilitasiya proqramı var. Müayinə və təhlilə uyğun xüsusi müalicə proqramı təyin edirik. Uşaqlığın quruluşunda və yumurtalığın fəaliyyətində ciddi bir problem yoxdursa, pasientə fizioterapevtik müalicə proqramı hazırlanır. Sonuncu fədakarlıq məsələsi isə bizim əməkdaşlarımızla bağlıdır. Onlar hər bir xəstə ilə fədakarcasına məşğul olurlar. Müalicə prosesində fitoterapiyaya çox önəm veririk. Hər bir xəstə üçün fərdi olaraq Azərbaycanda bitən dərman bitkilərindən xüsusi eliksir hazırlayırıq. İstifadə olunan bitkilər piylənmə, qəbizlik və digər problemlərə görə dəyişir. Qohum nikahlarla bağlı geniş araşdırma aparırıq. Bu nikahlarla bağlı sitogenetik müayinələr həyata keçirilir, toxuma uyğunsuzluğu müayinə edilir. Yalnız “Ömür” klinikasının mikroskopik patologiya mərkəzində sitoloji müayinə metodları tətbiq olunur. Sonsuzluğu yaradan faktorlarla yanaşı, sonsuzluqdan sonra hamiləliyin başa çatmaması səbəbləri də araşdırılır. Uşaqlıq boynunun sitoloji müayinəsi, uşaqlıq boynunda birinci fazaya uyğun estrogen, ikinci fazaya uyğun progesteron doyumluğu müəyyən edilir. Bu, həm disfunksiyalar, həm klimakterik period, həm də hamiləliyin ilkin mərhələsində dölün inkişafdan qalmasını araşdıran unikal müayinə metodudur. Həmin metod yalnız “Ömür” klinikasında aparılır. Ukraynadan gətirilən ozokerit palçığı ilə müalicə, milli sərvətimiz olan naftalan terapiyası, ozonterapiya, zəli, hidrokolonoterapiya, pnevmopunktura, akopunktura sonsuzluqla yanaşı, bir neçə xəstəlik istisna olmaqla çox dərdlərin dərmanıdır. Onu da qeyd edim ki, pnevmopunktura müalicə üsulu keçmiş sovetlər ölkəsi arasında yalnız Azərbaycanda və yalnız “Ömür” klinikasındadır. Yəqin ki, Çexiyanın məşhur Karlovı-Varı sanatoriyasına yolu düşənlərin bu müalicə üsulunun nə qədər effektli olmasından xəbərləri var.

- Xəstələrin sonsuzluğun müalicəsi ilə bağlı yanlışlıqları nədən ibarətdir?

- Xəstələrə bildirmək istəyirəm ki, hər zaman peşəkar həkimlərə müraciət etsinlər. İxtisası uyğun gəlməyən, ginekologiyadan xəbəri olmayan həkimlərdən uzaq olsunlar. Müraciət etdikləri şəxsin ixtisasca həkim olmasına və praktikada da özünü təsdiq etməsinə önəm versinlər. Xəstə müalicə müddətində özü hiss etməlidir ki, həqiqətən də onun problemini aradan qaldıra biləcək həkimə və ya klinikaya rast gəlib.

- Sonsuzluq yaşla bağlıdırmı?

- “Ömür” klinikasında yaşı çox olan şəxslərin sonsuzluq problemi ilə bağlı xüsusi müalicə metodları var. Ona görə də yaşı çox olan qadınlar bizə daha çox müraciət edir. Məsələn, 46-48 yaşında təbii yolla hamilə qalan xəstələrimiz var. Hazırda bir xəstəmiz var, 47 yaşındadır və təbii yolla hamilə qalıb. Hamiləliyi başa çatdırmaq ərəfəsindədir. Amma 22 yaşında da hamilə qala bilməyən xəstəmiz də var. Ona uşaqlığın axırıncı dərəcəli hipoplaziyası (infantin uşaqlıq) diaqnozu qoyulub.

- İllərdir bu problemdən əziyyət çəkən pasientlərlə işləyirsiniz. Sonsuzluğun müalicəsində uğurlarınız çoxmu olub?

- Ömür klinikası sonsuzluğun müalicəsində 60-70 faiz uğurlu nəticə əldə edir ki, bu da çox böyük göstəricidir.100 faiz uğurlu nəticə dünyanın heç bir klinikasında yoxdur. Biz sonsuzluğun müayinəsi, həm də müalicəsi ilə məşğul oluruq. Uğurlarımız da göz qabağındadır. Süni mayalandırma ilə məşğul olan klinikalar belə böyük maliyyə xərcindən sonra yalnız 30-40 faiz müsbət nəticə əldə edə bilirlər.

- Adətən, müalicə kursu nə qədər çəkir?

- Tibb elmi riyaziyyat deyil ki, 2x2= 4 eləsin. Əvvəlcə sonsuzluğu yaradan faktoru araşdırmaq lazımdır. Sonsuzluğun səbəbini araşdırandan sonra müalicə proqramı tətbiq etmək də asan olur. Həkim Allah deyil ki, hər bir ailəyə uşaq versin. Həkimin məqsədi qarşıya çıxan patologiyanı aradan qaldırmaqdır. Məsələn, uşaqlıq normadan kiçikdirsə, 1-2 kurs müalicə ilə hamiləlik baş verməyə bilər. Biz ilk növbədə səbəbi öyrənməyə çalışırıq. Səbəbi bilinməyən sonsuzluğa idiopatik sonsuzluq deyilir. Bu zaman kişidə və qadında hər bir göstərici normal olur, lakin hamiləlik baş vermir. Bu zaman reabilitasiya proqramı ilə orqanizmi cavanlaşdırmağa, orqanların fəaliyyətini daha da yaxşılaşdırmağa çalışırıq. Çox vaxt da müalicələrimiz effektli olur. Bu gün bir çox ailələr məhz övlad olmaması səbəbindən dağılır. Heç bir ailəyə belə tale arzulamırıq. Təki hər evdən uşaq səsi gəlsin.

Gülxar






Tags:  Azərbaycanda Ömür klinikasında olan unikal müalicə metodu

RƏYLƏR


Top news