Oynaq problemindən necə qurtulmalı? - REPORTAJ

Oynaq problemindən necə qurtulmalı? - REPORTAJ
13:19 24 Oktyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

"Artroz və artritlər oynaqların son illərdə təsadüf edilən ən geniş yayılmış xəstəlikləridir. 50 yaşdan yuxarı insanlarda təxminən 27,5% hallarda, 70 yaşdan yuxarı insanlarda isə təqribən 97% hallarda bu xəstəliklərə təsadüf olunur. Bu xəstəliklərin proqressivləşməsi isə bir çox hallarda əlilliyə gətirib çıxarır. Bu gün Azərbaycanda ən çox rast gəlinən xəstəliklərdən biri də onurğa artrozudur". Bunu APA TV-yə açıqlamasında travmatoloq-ortoped, onurğa xəstəlikləri uzmanı Kamil Eyvazov deyib.
 
Onun sözlərinə görə, artrit və ya artroz oynaqların, eləcə də sümüklərin xəstəliyi olub, qığırdaq toxumasının normal strukturunun zədələnməsi ilə müşayiət olunur. Xəstəlik inkişaf etdikcə, onlar sürtünərək tədricən nazikləşir və bir müddət sonra oynaqların səthinin çılpaqlaşmasına səbəb olur. Oynaqlar deformasiyaya uğrayır, hərəkətlər də azalır və təbii ki, güclü ağrılarla müşayiət olunur: "Bu oynağın yaşlanmasıdır. Oynağın leqamentlərinin, bağlarının, onun ətrafında olan yumşaq toxumların keyfiyyət pozğunluğudur. Bu xəstəliyə ayaqlarda, dizlərdə, onurğada rast gəlinir. Onurğanın degenerativ artritləri xəstəliyi isə günümüzdə daha çox artmaqdadır".
 
Kamil Eyvazov qeyd edib ki, artrozların yaranma səbəblərinə görə 1-cili və 2-cili artrozlar ayırd edilir. 1-cili artrozlar zamanı oynaqlarda mübadilə proseslərinin pozulması genetik mənşəli olur. 2-cili artrozların əsas səbəbləri sağlam oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq təzyiqə məruz qalmasıdır. Buna isə həddindən artıq çəki, travmalar, oynaqların xroniki xəstəlikləri, mübadilə pozğunluğu ilə bağlı olan xəstəliklər, məsələn, podaqra, endokrin pozğunluqlar, qalxanvari vəzin fəaliyyətinin zəifləməsi, oynaq qığırdağının anadangəlmə inkişaf pozğunluğudur: "Əsasən gənc yaşlarda rast gəlinən onurğa artrozuna səbəb keçirilmiş travmalardır. Travma, infeksiya və ya sümüyün metabolik xəstəlikləri osteoporoz sümük yumşalması zamanı əmələ gəlir. Bu zaman onurğanın biomexanikası pozulur. Onurğanın bağ aparatında stabillik pozulduğu üçün bu zaman degenerativ dəyişikliklər meydana çıxır. Bu zaman onurğa sütunundakı disklər arasında, onurğanın oynaqlarında problemlər də yaranır. Sadaladıqlarım isə onurğa artrozunu yaradan səbəblərdir".
 
"Normal vəziyyətdə oynaq qığırdaqları lövhə şəklində oynağın üzərində yerləşir və oynaqların ağrısız, maneəsiz hərəkətinə kömək edir, onları yeyilməkdən, sürtünmədən qoruyur" - deyən həkimin sözlərinə görə, onurğa artrozu sinir xəstəliklərinə də yol açır: "Ona görə bu cür xəstələrdə, sadəcə, onurğa sütununun ağrıları deyil, eyni zamanda sinir problemləri də ortaya çıxır. Digər oynaq xəstəliklərindən fərqli olaraq, bu cür pasiyentlərə oynaq və çanaq xəstəliklərindən fərqli olaraq, sinirin də müayinəsi lazımdır. Çünki bu cür xəstələrin fiziki aktivliyini azaldan əsas sinir problemləridir. Bu xəstələrdə ağrılar bel və çanaq ağrıları ilə başlayırsa, irəliləyən zamanlarda ayaqlarda gücsüzlüklər yaranır, əzələ kütləsində azalmalar başlayır. Xəstəliyin ən şiddətli dönəmində isə bu cür xəstələrdə sidik ifrazını saxlaya bilməmək, bağırsaq pozuntuları kimi ciddi  fəsadlar ortaya çıxır".
 
Bununla belə, ümidsizliyə düşməyə dəyməz. Bütün bunlar yalnız o vaxt baş verə bilər ki, xəstəliyi özbaşına buraxasan. Əgər siz öz oynaqlarınızın qayğısına qalsanız, həyatınızı daha sağlam başa vura bilərsiniz. Artıq çəkidən imtina edin. Çəki artıqlığında digər oynaqlarda olduğu kimi, onurğaya da düşən ağırlıq artmış olur. Artıq çəki bu xəstəliyə ağır zərbə vurur. Ən başlıcası oynaqlar üçün nələrin faydalı olduğunu bilmək gərəkdir.
 
Kamil Eyvazovun sözlərinə görə, bu xəstəliyin qarşısının alınması məqsədilə pasiyentlərin aktiv həyata dönməsi üçün idman hərəkətləri və reabilitasiya prosesinə başlanmalıdır. Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin. Birinci növbədə oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır, yəni ağır yük qaldırmaq əvəzinə idmanla məşğul olmaq məsləhət görülür, ağır yükü isə arabalı çantalardan istifadə edərək daşımaq olar.
 
Bununla yanaşı, oynaqlara hansı qidaların faydalı olduğunu da bilmək lazımdır. Qida rasionuna daha çox balıqdan hazırlanmış bulyon daxil edin. Onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr var. Sümük bulyonları artrozların müalicəsi üçün təbii dərmandır.
 
Oynaqların birinci düşməni duzdur. Ona görə də həddindən artıq duzlu və kəskin qidalardan imtina edin. Odur ki, artrozu yaxına buraxmayın, onun ilk əlamətlərini hiss edən kimi həkimə gedin.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR