Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İmicmeyker" QHT-lər

"İmicmeyker" QHT-lər

Date: 24 October 2016 14:05

Həftə içində Azərbaycanın xəbər gündəminə ciddi cəhdlə yeridilən informasiyalar sırasında ilk yerdə Human Rights Watch (HRW) təşkilatının hesabatı dayandı. "HRW Azərbaycanla bağlı 75 səhifəlik hesabat hazırlayıb" başlığı ilə təqdim edilən xəbərdə səhifə sayının qabardılması ölkəmizdə hüquq pozuntularının kəmiyyətinin artmasını vurğulamaq məqsədi daşıyır. Oxucuda elə rəy formalaşdırılır ki, guya Azərbaycan ATƏT məkanına daxil olan ölkələr sırasında insan hüquqpozmalarına görə ön sıraya çıxıb.

Bu tip hesabat və məlumatlar media gündəminə intensiv şəkildə gətirilir. Human Rights Watch-dan bir həftə öncə "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı gündəmdə idi. Azərbaycanda keçirilmiş 26 sentyabr referendumuyla bağlı bəyanat yayan təşkilat təkcə referendum aktını tənqid etməklə kifayətlənməmiş, Azərbaycan hakimiyyətini "vətəndaşların təməl hüquqlarına sayqısızlıq göstərdiyi" üçün qınamışdı. Ölkəmizlə bağlı ard-arda bir neçə bəyanat səsləndirən "Freedom House" "səsvermə pozuntuları" ilə yanaşı "media azadlığının məhdudlaşdırılması, tənqidçi jurnalistlərin təqib edilməsi" kimi məsələləri də diqqətdə saxlamışdı.

Beynəlxalq statuslu təşkilatların ölkəmizlə bağlı neqativ yüklü bəyanatları sistemli şəkildə dəfələrlə səsləndmələrinə rəğmən, sonuncu bəyanat və hesabat üzərində fokuslaşmağımız təsadüfi deyil. Bunlar, "beynəlxalq təşkilat" imicindən yararlanıb merkantil maraqların ödənilməsi, həmçinin siyasi sifarişlərin icrası üçün çalışan "QHT-lərin" mahiyyətini açmaq üçün bir nümunədir.

Yaşadığımız günlər mediada baş xəbərə çevrilə biləcək hadisələrlə zəngindir. Beynəlxalq səviyyəli iqtisadi, siyasi böhranı, hərbi qarşıdurmaları ehtiva edən xəbərlər sırasına son günlər ABŞ-da yaşanan olaylar da qatılıb. İndi dünya xəbər izləyiciləri üçün noyabrın 8-də ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri Azərbaycanda keçirilmiş 26 sentyabr referendumundan heç də az əhəmiyyətli deyil. 8 noyabr seçkilərinə isterik maraq təkcə super dövlətin gələcək siyasəti barədə təsəvvür formalaşdırmaq istəyi ilə bağlı deyil. Namizədlərdən Donald Trampın seçki kampaniyası çərçivəsində verdiyi açıqlamalar ABŞ-ın on illər boyunca sirr kimi saxladığı nəsnələrin açılmasına imkan yaradıb ki, bu da super dövlətdə yaşananlara olan marağı artırıb. Respublikaçıların təmsilçisi ümumi seçici sayının 38 faizini toplaya bilməsinə rəğmən, narazıdır. O, seçki sistemində hansısa mərhələdə saxtakarlıq edildiyindən şübhələnib. Artıq şübhələr gerçəkliyə çevrilir və Tramp vəziyyətin belə davam edəcəyi təqdirdə saxtakarlıq mexanizmləri barədə detallı bilgiləri açıqlayacağı ilə hədələyib. Bu, ABŞ seçki sisteminin demokratikliyi barədə on illər boyunca formalaşdırılmış streotiplərin dağıdılması deməkdir. Zərbə o qədər güclü olub ki, prezident Barak Obama duruma müdaxilə etmək zorunda qalıb. "Tramp Amerika seçki sisteminə şübhə toxumu səpir" deyən Obama əlavə edib ki, deyilənlər "ABŞ-da demokratiyaya zərər verməklə yanaşı, ölkənin rəqiblərinin maraqlarına xidmət edir. Bu, zarafat mövzüsu deyil". Məsələ, həqiqətən də, zarafat müstəvisində deyil. ABŞ seçki sistemini saxtakar adlandıran şəxs statusca Obamadan geri qalmır, söhbət 2 həftə sonra prezident kürsüsünə yiyələnmək şansı olan birindən gedir.

İndilik bizi maraqlandıran məqam isə, yaranmış durumun "Freedom House" müstəvisindən necə dəyərləndirilməsidir. Təşkilatın hər saat içində yenilənən saytının əsas səhifəsində Tramp və onun seçki saxtakarlığına dair sensasiya doğuracaq bəyanatı ilə bağlı hər hansı bilgi yoxdur! Xüsusi axtarış verildikdə məlum olur ki, təşkilatın Trampla bağlı son informasiyası sentyabr 15-nə aiddir. Yəni, "Freedom House"un saytında Trampın ABŞ seçki sistemində böhran yaradacaq fikirlərinə yer verilməyib. Əlbəttə, mübahisəli durumlarda haqlı çıxmaq, özünün obyektiv olduğunu isbatlamaq üçün bu tip informasiyaların saytların hansısa künc-bucağında gizlədilməsi taktikası xeyli məşhurdur. Bəlkə də saatlarla vaxt sərf etdikdən sonra hər hansı bir nəticə tapmaq mümkündür. Amma min kilometrlərlə uzaq məsafədə yerləşən bir ölkədə keçirilən referendum barədə saniyəbəsaniyə canlı reportajlar verən, bəyanatlar səsləndirən "Freedom House"un başqa bir məkanda, ofisindən 100 metr aralıda 100 minlərlə seçicinin hüququnun tapdanması ilə müşahidə edilən prosesə belə "laqeyd yanaşması" təəccüblü deyilmi?! Hesab etmək olar ki, bir çoxları kimi "Freedom House" da Trampın açıqlamalarını "zarafat sayır". Amma təşkilat bir ay öncə ABŞ-da yaşanan başqa bir dəhşətli fakta - Şarlot şəhərində yaşananlara da bənzər mövqe sərgiləyib. Azərbaycanda sentyabrın 26-da referendum keçirilən vaxt, ABŞ-ın Şimali Korolina ştatının Şarlot şəhərində polislə əhali arasında gərginlik yaşanırdı. Şəhərdə hərbi vəziyyət elan edilmişdi. Hadisənin özü ilə yanaşı, onu törədən səbəb də çox ağır idi. Vətəndaşlar özlərinə dərilərinin rənginə görə münasibət göstərilməsinə, soydaşları Skotun məhz rəngi qara olduğu üçün polis tərəfindən öldürülməsinə, yəni ABŞ-da hökm sürən rasizmə etiraz edirdilər. "Freedom House" saytı üzərində aparılan axtarışlar, Şarlot hadislərinin də "Freedom House" üçün "əhəmiyyət daşımadığı" faktını ortaya qoyur. Nəticə çıxır ki, "Freedom House" hətta rəsmi şəxslərin dilindən etiraf edilsə belə, ABŞ-ın imicinə xələl gətirəcək məlumatları ictimailəşdirmir, onları pisləyən bəyanatları yaymır. Onda sual yaranır, "Freedom House" ABŞ-ın imicmeykeridir, yoxsa insan hüquqlarının qorunmasını hədəfləmiş beynəlxalq QHT?

Digər maraqlı nüans Human Rights Watch-un münasibəti ilə bağlıdır. HRW istər Şarlot faciəsini, istərsə də Trampın ABŞ-dakı seçki saxtakarlığı ilə bağlı bəyanatını ciddiyə alıb. Bu informasiyaları və onların pislənməsinə yönəlmiş bəyanatları öz saytının ana səhifəsində yerləşdirib. Ümumiyyətlə, HRW saytında ABŞ-da insan haqları mövzusunda axtarış verərkən, təqribən 27 588 nəticə çıxır. Sensasiya doğuracaq bir rəqəmdir və superdövlətdə insan haqları sahəsində hansı problemlərin mövcud olduğunu anlmaq üçün böyük göstəricidir. Maraqlıdır ki, media qurumları HRW-nin rəsmiləşdirdiyi və ABŞ-da insan hüquq pozuntularını ehtiva edən 27 588 faktı yox, Azərbaycana dair hazırlanmış 75 səhifəlik hesabatı müzakirəyə çıxarırlar. Bunu kim, niyə və necə edir?

Müşfiq Ələsgərli
Milli.Az


Tags:  İmicmeyker QHT-lər

RƏYLƏR


Top news