Məktəb partaları xəstəlik daşıyıcısıdır - Rəsmi qurumdan ETİNASIZLIQ

Məktəb partaları xəstəlik daşıyıcısıdır - Rəsmi qurumdan ETİNASIZLIQ
14:27 24 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

İllərdir orta məktəblərdə sinif rəhbərlərinin qanunsuz olaraq valideynlərdən süpürgə pulu, silgi pulu, təmir pulu, fond pulu adı altında yığdıqları rüşvət hamını bezdirib. Bu azmış kimi orta məktəblərdə yeni tendensiya yaranıb. Artıq istifadəyə yararsız sinif lövhələrini yeniləmək üçün də valideynlərə müraciət olunur.

Hələ bu harasıdır?
 
Bakıda və Gəncə şəhərində yerləşən məktəblərdə çalışan müəllimlər uşaqlarımızın "qayğısına qalmağı" da unutmur. Onlar məktəblərdəki parta və stulların standartlara cavab vermədiyini iddia edərək, valideynlərdən hər uşağa döşəkcə almaq üçün 3 manat tələb edirlər.
 
Müəllim hətta valideynləri qınayaraq "əgər bu pulu siz verməsəniz belə, mən öz cibimdən həmin döşəkcələri alacaqdım. Çünki siz bilmirsiniz ki, o partalar və stullar xəstəlik daşıyıcısıdır. Uşaqlarda xərçəng də yaradır, onların gələcəkdə ana, ata olmaq hüququnu da əlindən alır" deyir.
Sinif rəhbərləri bunu əsas gətirərək hər uşaq üçün ayrıca döşəkcə sifariş verdirib. Onların təbirincə desək, bu döşəkcələr vasitəsilə uşaqlarımız həm soyuqdan, həm də yarana biləcək xəstəliklərdən qorunacaq.
Bu baxımdan dərzilərin işi, necə deyərlər "xod gedir". Hansı dərziyə yaxınlaşırsan, döşəkcə sifarişi icra etdiyini əsas gətirərək işinin çox olduğunu vurğulayır.
 
İlk baxışda döşəkcə kimi cılız görünən məsələ əslində kifayət qədər geniş və əhəmiyyətlidir. Çünki müzakirə mövzusu övladlarımızın sağlamlığıdır.
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun məsələyə münasibəti bir qədər etinasız oldu. O, bu barədə ilk dəfə bizdən eşitdiyini deyərək, sualı absurd adlandırıb. Eyni zamanda, məsələnin birbaşa Bakı Şəhəri Təhsil İdarəsinin səlahiyyətində olduğunu qeyd etdi.
Cəsarət müəllimə xatırlatmaq yerinə düşür ki, absurd adlandırdığı məsələ onun təmsil etdiyi qurumun nəzarəti altında fəaliyyət göstərən təhsil müəssisələrində baş verir...
 
Mövqeyini öyrəndiyimiz digər qurum- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin cavabı bu məsələdə müəllimlərə haqq qazandırmağa imkan verir. Milli.Az bildirir ki, qurumun mətbuat katibi Fazil Talıblı modern.az-a açıqlamasında Azərbaycandakı məktəbli masa və stullarının keyfiyyətinin yoxlanılmadığını deyir:
 
 "Hesab edirik ki, parta elə keyfiyyətdə istehsal olunmalıdır ki, azyaşlıların inkişafına mane olmasın. Əksinə onların inkişafına yönəlsin. Bu baxımdan təəssüflə qeyd edirik ki, həmin məktəbli stulları, masaları, partaları istehsal və idxal edənlər, akkreditasiya olunmuş sertifikasiya orqanlarına müraciət etmirlər.
 
Əgər bunu etsəydilər, məhsulun keyfiyyəti araşdırılardı. O zaman həm valideynlər, həm də müəllimlər uşaqlarının gələcəyindən arxayın olardılar. Araşdırma aparılmadığından onun keyfiyyətli və ya keyfiyyətsiz olması ilə bağlı hər hansı fikir yürüdə bilmirəm".
 
 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR