Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lütfi Zadənin oğlu: "Bir dəfəyə 100 milyon qazandım" - FOTO

Lütfi Zadənin oğlu: "Bir dəfəyə 100 milyon qazandım" - FOTO

Date: 24 October 2016 14:32

Dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə də tanınmış riyaziyyatçı, informatika sahəsi üzrə alimdir. 66 yaşlı Norman hazırda Amerikada yaşayır. Amerikada böyük nüfuz sahib olan azərbaycanlı alim, həmçinin peşəkar poker oyunçusudur. O, 1974-cü ildə poker oyunu haqqında "Uduşlu poker sistemləri" ("Winning Poker Systems") kitabını yazıb. Poker turnirlərinin qalibi olub. Norman Zadə, həmçinin "Perfect 10" adlı erotik jurnal da nəşr etdirir.

Milli.Az  azvision.az-a istinadən Norman Zadənin müsahibəsini təqdim edir:

- Niyə məhz riyaziyyatı seçdiniz? 

- Mən riyaziyyatda güclü idim. 

- Bu seçimdə ailənizin təsiri olubmu?

- Mənim atam tətbiqi riyaziyyatçı olub. Mən də atamın yolu ilə getdim. 

- Azərbaycanı özünüzə vətən hesab edirsinizmi? 

- Xeyr. 

- Azərbaycan sizin üçün nə anlam daşıyır? 

- Ora atamın doğulduğu yerdir.

Bunlar mənim atam, onun atası Rəhim və anam Feydir. Bu foto təxminən 1964-cü ildə bizim Kaliforniya ştatı, Orinda şəhərində yaşadığımız vaxtda çəkilib. 

- Amerikadan baxanda Azərbaycan necə görünür? 

- Mən bu barədə elə də çox düşünmürəm.

- Nə vaxtsa Bakıya gəlməyi düşünürsünüzmü?

- Xeyr. 

- Amerikada necə bir həyat yaşayırsınız?

- Mən Kaliforniyada, Bel Air-də qapalı kompleksdə yaşayıram. 

- Lütfi Zadə kimi dahi şəxsiyyətin oğlu olmaq sizin üçün nə deməkdir? Bu, həyatınıza hansı üstünlüklər gətirib?

- Hesab edirəm ki, riyazi qabiliyyətim mənə atamdan irsən keçib. O, qeyri-adi dərəcədə ağıllı insandır, hətta akademik standartlardan da yüksək biliyə malikdir. 

Mən dayım Kris və digər şəxslərlə söhbət edirəm. Foto təxminən 1968-ci ildə Nyu-Yorkda çəkilib. 

- Atanızla heç Azərbaycanla bağlı söhbət etmisinizmi?

- Mən hazırda həyatım haqqında kitab üzərində işləyirəm. Burada mənim atam haqqında da bəzi məlumatlar yer alacaq. Bəli, atamla bu mövzuda - yəni Azərbaycanla bağlı danışmışam. 

- Sizin üçün uğur qazanmağın sirri nədir? 

- Əsasən, çox çalışmaq. Lakin mən erkən yaşlarımdan riyaziyyatla maraqlanmağa başladım. Bu sahədə bacarıq atamdan mənə irsən keçib. Bu bacarıqlar və xeyli çalışmaq hesabına mən 22 yaşımda tədqiqat əməlləri üzrə doktorluq dərəcəsi aldım. 

- Mümkündürsə, "Perfect 10"la bağlı məlumat verin. Necə oldu ki, bu jurnal yarandı? 

- Mən bu jurnal üzərində 1996-cı ildə işləməyə başladım. Biz şəkillər və materiallarımızın oğurlanması halları ilə qarşılaşdıq. Bunun da nəticəsi olaraq 2007-ci ildə jurnalın nəşri dayandırıldı. Amma sayt hələ də fəaliyyətini davam etdirir. Biz bu işdə təxminən 53 milyon dollar itirmişik. 

- Norman Zadə necə bir xarakterə sahibdir?

- Mən insanlara özümlə rəftar edəcəyim kimi davranmağa çalışıram. Yalanlara inanmıram və özümü başqasının mövqeyində təsəvvür etməyə çalışıram. 

- "Winning Poker Systems" kitabının müəllifisiniz. Necə düşünürünüz, kazinolara, birjalara qalib gəlməyin yolu varmı?

- Mən professional basketbolda üç dəfə çempion olmuşam, beysbolda da rəqiblərimə qalib gələ bilərəm. Futbol və ya hokkeydə elə də uğur əldə etməmişəm. Mən, həmçinin poker və nərddə də pul qazanmışam. Həmkarlarım məni "lock smith" adlandırırdılar. Bu, o anlama gəlirdi ki, mən yalnız üstünlüyümün olduğunu biləndə oyun oynayırdım. "Üstünlük" dedikdə mən rəqiblərimdən daha uduşlu vəziyyətdə olduğum və ya rəqibimin çox yorğun olduğu vaxtları nəzərdə tuturam. Xatırlayıram ki, bir dəfə mən poker oynamaq üçün düz beş gün gözləmişdim. Altıncı gün ən yaxşı oyunçuların birindən mənimlə oynayıb-oynanamayacağını soruşdum. O, məndən dəfələrlə güclü idi, lakin eyni zamanda çox yorğun idi. Nəticədə ona qalib gəldim. 

Birjada da bu yolla qalib gəlmək olar. Lakin bu, elə də asan iş deyil. Çünki bu sahədə xeyli məlumatlı insan var.

- Özünüz qalib gəlməyi bacarırsınızmı? 

- Mən pullarımın böyük hissəsini maliyyə bazarlarına yatırımlar etməklə qazanmışam. Bir dəfə 100 milyon dollardan çox gəlir əldə etdim.

Kaliforniya şəhərində təxminən 1965-ci ildə atam qeyri-səlis məntiq nəzəriyyəsini yaratdığı vaxt çəkilib. 

- "Winning Poker Systems" kitabının müəllifi kazino oyunlarını oynayırmı?

- Mən kazinoda nəsə udmağa çalışmamışam. Bəzi dostlarım cəhd etmişdilər, lakin mən yox. Bu, yaxşı ideya deyil. 

- Elmlə fəlsəfənin kəsişməsində yerləşən bir sual vermək istərdik: Sonsuzluq haqqında nə düşünürsünüz? Bəzi riyaziyyatçı alimlər paradoksları əsas gətirərək, əslində sonsuzluğun, sadəcə, insan şüuruna xas illüziya olduğunu düşünürlər... 

- Sonsuzluq barədə heç bir məlumatım yoxdur. 

- Qeyri-Səlis Məntiq Nəzəriyyəsi haqda fikirlərinizi öyrənmək istərdik. Bunun nə olduğunu lap sadə dildə necə izah etmək olar? 

- Mənim qeyri-səlis məntiqlə bağlı anlayışım, sadə dillə desək, bundan ibarətdir. 1965-ci ildə atam öz əlyazmalarını mənə oxutdurur və fikirlərimi soruşurdu. O vaxt mənim 15 yaşım var idi. Qeyri-səlis məntiq - dəqiq sərhədləri olmayan çoxluqları ifadə edir. Məsələn, bütün hündür adamların çoxluğu kimi. Mənə belə gəlir ki, qeyri-səlis məntiq dəqiq nəticə əldə etmək üçün lazım olan qeyri-dəqiq hökmlərin kombinasiyasından ibarətdir.

- Azərbaycanda gənclər arasında təkamülçülər və kreasionistlər (yaradılışçılar) şəklində qütbləşmə çox dərindir. Siz alim olaraq Təkamül Təlimi haqqında nə düşünürsünüz?

- Mən hazırda bizim bu planetdə necə peyda olmağımızla bağlı nəzəriyyələri natamam hesab edirəm. Mən "Böyük Partlayış" nəzəriyyəsinə inanmıram. Fikrimcə, heç vaxt kainatın başlanğıcı olmayıb və onun sonu da olmayacaq. Bu, mənim üçün əhəmiyyətli olan yeganə fikirdir. Eyni zamanda, mən bizim kiçik orqanizmlərdən mutasiyaya uğrayaraq meydana gəlməyimizə çətinliklə inanıram. Belə bir ideya mənim beynimdə sıfıra bərabərdir.

Eşli Degendorf (Perfect 10 jurnalında ilin model nominasiyasında qalib) və daha sonra `Victoria Secrets və ` Sports Ilustrated` kimi jurnalların model olan marisa Millerdir. 

- Gənc azərbaycanlılara nə məsləhət görərdiniz?

- Mənim fikrimcə, ən yaxşı sahə maliyyə və kompüter elmləridir. Buna alternativ olan digər sahələr mahnı sözləri və kinossenarilərin yazılmasıdır. 

- Həmişə sizi gözəl xanımların əhatəsində görürük... Bəlkə sirri bizə də açasınız?.. 

- Bunu səbəbi çox sadədir. Mən onlara hörmətlə yanaşıram və çalışıram ki, onların kampaniyasında fiziki kontakt olmadan həzz alım. Mən, həmçinin çox intellektualam. Əgər siz qadına hörmətlə yanaşsanız, ona maliyyə baxımından kömək etsəniz və onu inandıra bilsəniz ki, məqsədiniz yalnız fikizi kontakt deyil, zamanla o, sizə aşiq də ola bilər. Məndə bu sahədə xüsusi bir istedad yoxdur, sadəcə, qadınların gözlədiyi, lakin əksər kişilərin onlara göstərmədiyi münasibəti göstərirəm. 

- Bu yaxınlarda Amerikada prezident seçkiləri baş tutacaq. Klinton, yoxsa Tramp? Kimi dəstəkləyirsiniz?

- Mən bu suala birbaşa cavab vermək istəmirəm. Mənim ağlım var. Kimə səs verəcəyim qənatinə özünüz gəlin.

Milli.Az







Tags:  Lütfi Zadənin oğlu dəfəyə 100 milyon qazandım FOTO


RƏYLƏR


Top news