Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Zəli kimidilər, adamın ayağından elə yapışırlar ki..."

"Zəli kimidilər, adamın ayağından elə yapışırlar ki..."

Date: 24 October 2016 15:12

Milli.Az "İnter"in kapitanı Nizami Hacıyevin apasport.az-a müsahibəsini təqdim edir:

- Azərbaycan Premyer Liqasının IX turunda "Kəpəz"lə səfərdə qolsuz bərabərə qaldınız. Mübarizə gözlədiyiniz kimi oldu?

- Oyun gözlədiyimiz kimi keçdi. Bilirdik ki, asan olmayacaq. Çox yaxşı hazırlıq keçmişdik. Sadəcə, meydançanın durumu yaxşı deyildi. Dünən oynasaq da, hələ də ayaqlarım ağrıyır. Həmçinin digər futbolçuların da. Real qol şanslarımız oldu, istifadə edə bilmədik. Əfsuslar olsun ki, artıq gecdi. Sonrakı peşmanlıq fayda vermir. Bu səbəbdən də "Kəpəz"lə görüşü beynimizdən təcrid edib, "Sumqayıt"la qarşılaşmaya hazırlaşmalıyıq. Mən deyərdim ki, növbəti oyun dünənkindən də çətin olacaq. Çünki "Sumqayıt" öz oyununu tapmaqdadı, yaxşı forma yığır.
 
- Ağabala Ramazanov bir neçə real qol şansından yararlana bilmədi. Həmin anlarda hesabı açmaq üçün onda nə çatmadı?

- Bakıya qayıdanda yolda Ağabala ilə söhbət elədik. Topu boş qapıdan keçirə bilmədiyi epizoda baxdıq. Orda görünür ki, Ağabala qapıçını keçən anda meydança sürüşkən və narahat olduğundan, top ondan qaçır. Düşünmürəm ki, bunlar təcrübəsizlikdən qaynaqlanır. Çünki Ağabala ardıcıl 4 oyunda qol vurmuşdu. Yaxşı formadadı. O, bizim inandığımız futbolçulardandı. Biz də düşünürük ki, Ağabala formadadısa, ondan maksimum yararlanmalıyıq. Birinci hissədə də onun qol vurmaq imkanı oldu, qapıçı topu çıxardı. Sadəcə, dünən Ağabalanın bəxti gətirmədi.
 
- Azərbaycan Premyer Liqasının son 3 matçında heç-heçə etmisiniz. Komandada nə baş verir?

- Açığı, nə baş verdiyini özüm də bilmirəm. Ümumi götürsək, pis deyil. Amma bu xal itkiləri çempionluq yolunda bizə çox ağır zərbə ola bilər. Xüsusən də, "Kəpəz" və "Zirə" ilə oyunlarda 4 xal itirdiyimizi deməliyəm. Bu matçları təhlil edib, özümüz üçün dərs çıxarmalıyıq. Gəncə elə səfərdi ki, ordan xalla qayıtmaq çox qəlizdi. Hətta mən deyərdim ki, Qəbələ səfərindən də ağırdı. Çünki Qəbələdə meydança yaxşıdı, rəqib də oynamağa imkan verir. Amma bunlar zəli kimidilər, maşallah. Adamın ayağından elə yapışırlar ki, deyirsən, bu dəqiqə ayağımı qoparacaqlar. Şahin müəllim (Şahin Diniyev - R.S.) onlara nə yedizdirir, nə içizdirir bilmirəm. Amma çox yaxşı komanda yaradıb. Digər tərəfdən, səfərə gedib, ev sahibindən müqavimət görməyin də ləzzəti var. Təzyiq olur, azarkeşlər sənin əleyhinə qışqırırlar. Amma özünə də xoş gəlir. Bizdə də yalnız Gəncə səfərində bunlar olur.
 
- Cari mövsümdə hələ məğlub olmamısınız. Bu uğurlu seriyanı nə vaxta qədər davam etdirmək mümkün olacaq?

- Əsas odu ki, uduzmamaqda davam edək. Amma yenə də xal itiririk. Açığı, mövsümün əvvəlində kim desəydi ki, ilk "üçlük"də olacağıq, mən buna inanmazdım. Amma komanda yığılandan, uğurlu nəticələr qazandıqdan sonra bizdə inam artdı. Ola bilər ki, sabah turnir cədvəlində 3-cü pilləyə düşək. Amma bununla heç nə bitmir. Qarşıda böyük marafon var. Bizi çox oyunlar gözləyir. Bütün komandalar da xal itirəcək. Bizim çempionluq yolunda rəqiblərimiz, təbii ki, "Qarabağ"la "Qəbələ"di. Əsasən də, onlarla matçlardan maksimum dərəcədə yararlanmalıyıq. 

- Bir müddət əvvəl teziklə formaya düşəcəyinizi demişdiniz. İndi hansı vəziyyətdəsiniz?

- Dünən özümü yaxşı hiss elədim. Adətən, tam hazır olmayanda baş məşqçi 75-80-ci dəqiqələrdə məni əvəzləyir. Amma "Kəpəz"lə matçda 90 dəqiqə mübarizə apardım. Əlimdən gələni etsəm də, bilirəm ki, bu, hələ çox azdı. İnanıram ki, bundan da yaxşı olacam.
 
- Nizami Hacıyevlə əlaqə saxlayıb, milli komanda barədə sual verməmək olmaz. Özünüzü indi yığmaya hazır sayırsınızmı?

- Bir müddət əvvəl demişdim ki, formaya düşdükdən sonra bir neçə nəfərə suallarımı verəcəm. Artıq buna doğru yaxınlaşırıq. Öz üzərimdə səylə çalışıram ki, tam formamı tezliklə bərpa edim. Ondan sonra millidən dəvət gözləyəcəm.

Milli.Az


Tags:  Zəli kimidilər adamın ayağından yapışırlar

RƏYLƏR


Top news