Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATU Göygöldə beynəlxalq konfrans keçirib

ATU Göygöldə beynəlxalq konfrans keçirib

Date: 24 October 2016 15:13

Azərbaycan Texnologiya Universitetində (ATU) “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” adlı beynəlxalq konfrans keçirilib.

öygölün yaranmasının 877 illiyinə həsr olunan konfrans elə bu nadir təbiət incisinin qoynunda - Göygöldə baş tutub. Azərbaycan Texnologiya Universiteti və İstanbul Texniki Univesitetinin birgə təşəbbüsü ilə reallaşan beynəlxalq konfransın təşkilatçıları arasında Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gəncə ŞİH də var. Respublikamızın nüfuzlu universitetlərinin rəsmiləri və tanınmış alimlərinin iştirakı ilə keçirilən konfransda 10 xarici ölkədən 30-dan artıq elm xadimi də iştirak edib.

Konfransı giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov deyib ki, müasir davamlı inkişaf konsepsiyalarında təbiətin mühafizəsi və ekoloji problemlərin həll edilməsi ən mühüm amillərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Ətraf mühitin vəziyyətini və davamlılığını qiymətləndirən obyektiv amillərdən biri isə biomüxtəlifliyin qorunub saxlanmasıdır. Ancaq, qloballaşma prosesləri, xüsusilə də urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunub saxlanması çətinləşdiyindən bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyi getdikcə daha yaxşı anlaşılır. Rektor bildirib ki, Azərbaycan dünyanın ən zəngin biomüxtəlifliyi olan ölkələrindən biridir. Buna görə də biomüxtəlifliyin antropogen və texnogen amillərdən, eləcə də digər təsirlərdən qorunması həm regional, həm də qlobal əhəmiyyət daşıyır.

ETSN-nin sektor müdiri Bəhruz Məmmədov qeyd edib ki, təbiət ərazilərinin qorunmasının ən əsas və geniş yayılmış formalarından biri milli parkların yaradılmasıdır. Bu baxımdan Azərbaycanda kifayət qədər təcrübə toplanıb, ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin yaradılması bu ərazidə biomüxtəlifliyin qorunması üçün olduqca böyük əhəmiyyətə malikdir. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Milli Parkının yaradılması da ölkəmizdə təbii zənginliklərin qorunmasına verilən əhəmiyyəti bir daha sübut edir.

Sonra “IDEA” İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli filmi konfrans iştirakçılarına nümayiş etdirilib.

İstanbul Universitetinin rektoru Mahmut Ak, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, eləcə də xarici ölkələrdən gəlmiş bir sıra elm xadimləri də çıxışlarında biomüxtəliflik və ekoloji sabitliyin qorunmasının əhəmiyyətindən danışıb, bu sahədə müntəzəm əməkdaşlığın zəruriliyini diqqətə çatdırıblar.

Plenar iclasın yekununda ATU ilə ADNSU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. ATU-nun rektoru Akif Süleymanov və ADNSU-nun rektoru Mustafa Babanlı tərəfindən imzalanan müqavilə elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramlarının icrasını nəzərdə tutur.

Türkiyənin ən böyük ali təhsil ocağı olan İstanbul Universitetinin rektoru Mahmut Ak konfransa xatirə hədiyyəsi təqdim edib. Ötən il İstanbul şəhərində ATU ilə rəhbərlik etdiyi universitet arasında imzalanan əməkdaşlıq memorandumunu xatırladan rektor bu əlaqələrin daha məhsuldar səviyyəyədək inkişaf edəcəyinə inandığını qeyd edib.

Konfrans növbəti gün öz işini Azərbaycan Texnologiya Universitetində mövzu ətrafında çıxışlar, müzakirələr və məruzələrlə davam etdirib. Sonda beynəlxalq konfransın adından qətnamə qəbul olunub. Qətnamə biomüxtəlifliyin qorunması sahəsində Azərbaycanda təcrübəsinin beynəlxalq aləmdə öyrənilməsini, bu sahədə kompleks elmi-tədqiqat işlərinin aparılmasında əməkdaşlığın təşkilini, ekoloji təhlükəsiz texnika və texnologiyaların tətbiqinin genişləndirilməsini, əhalinin ekoloji maariflənməsi və ekoloji mədəniyyətin yüksəldilməsi istiqamətində təbliğat işlərinin gücləndirilməsini və sair məsələləri nəzərdə tutur.


















Tags:  ATU Göygöldə beynəlxalq konfrans keçirib

RƏYLƏR


Top news