Komitə sədri: "Heç kim jurnalistlərin biliyini şübhə altına almır"

Komitə sədri: "Heç kim jurnalistlərin biliyini şübhə altına almır"
15:37 24 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin jurnalistlər üçün treninq keçirilməsi fikrini biz də dəstəkləyirik. Bəzi adamlar bu məsələni dərhal başqa istiqamətə yönəltmək istəyirlər ki, guya sayt və qəzetlərdə buna ehtiyac duyulmur. Doğru yanaşma deyil".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, məqsəd bu gün Azərbaycan mətbuatında dini proseslərlə bağlı yazılan məlumatlarda bəzən ortaya çıxan yanlışlıqların qarşısını almaqdır: "QMİ tərəfindən təşkil olunacaq treninqdə tanınmış din xadimlərinin, dinşünas alimlərin iştirakı nəzərdə tutulub. Din mövzusu həssas mövzudur. Bu məsələlərlə bağlı informasiya yayan qurum məzhəblərarası münasibətləri, təriqətlərarası məsələləri nəzərə almağa çalışmalıdır. Kiçik bir səhv böyük narazılıq yaradır. Ona görə də mətbuat qurumları ixtisaslaşmış jurnalistlərin bu mövzuda yazmasına diqqət etməlidirlər. Bəzən xarici KİV-lərdə İslamı bilməyən jurnalistlər elə yazılar yazır ki, böyük bir qarşıdurmaya gətirib çıxarır. Azərbacan da dünyəvi bir ölkədir. Xalqımızın dinlə bağlı keçdiyi tarixi yol var. İnanclarına hörməti var. Bütün dinlərə hörmət bizdə dövlət səviyyəsindədir".
Komitə sədri bildirib ki, treninqin təşkili ilə bağlı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbət aparıb: "Bu yaxınlarda QMİ-də məsələni müzakirə edəcəyik. Proqram müəyyənləşdiriləcək. Heç kim jurnalistlərin biliyini şübhə altına almır. Amma insan nə qədər bilsə də, hələ də öyrənməyə çox şey olduğunu bilməlidir. Bu, məlum həqiqətdir. Əlbəttə, müasir dünyada, internet zamanında bir çox məsələləri öyrənmək mümkündür. Amma hesab edirəm ki, dini mövzuya aid məsələləri mütəxəssislərlə birlikdə müzakirə etmək daha effektivdir".

Xəbərin orijinal ünvanı: http://report.az/din/komite-sedri-hec-kim-jurnalistlerin-bilgisini-subhe-altina-almir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR