"DHL" şirkəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna maraq göstərir

"DHL" şirkəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna maraq göstərir
15:42 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdədir. QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, səfər çərçivəsində bu gün Çinin Şanxay şəhərində Azərbaycan dəmiryolçuları Almaniyanın məhşur "DHL" nəqliyyat-logistika şirkətinin bölməsi - “DP DHL Global Forwarding” şirkətinin nümayəndələri ilə görüşüblər.
Danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov, “DP DHL Global Forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Çen və digər rəsmi şəxslər iştirak ediblər. Söhbət zamanı, ümumilikdə Şərq-Qərb marşrutu və onun tərkib hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri və yüklərin cəlb edilməsi məsələləri müzakirə olunub. Alman şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək, Asiya ilə Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. 
Diqqətə çatdırılıb ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq və Asiya ölkələri ilə Avropa arasında yükləri çatdırılma vaxtı qısalacaq.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti "DP DHL Global Forwarding” şirkətinin Şanxaydakı yük anbarlarına baş çəkərək, şirkətin iş prinsipləri ilə tanış olaraq, burada cəmləşdirilən yüklər, onların həcm və tərkibi haqda məlumat əldə edib.
Qeyd edk ki, Almaniyanın "DHL" şirkətinin ümumilikdə 220 ölkədə nümayəndəliyi, ofisi və 500 mindən artıq əməkdaşı var, dünyada ilk 10 işəgötürənlərin siyahısındadır, 1 saat ərzində 1 mln. müştəriyə xidmət göstərir, Çində 500 min kv.metr anbar sahəsinə malikdir.
Bu vaxta kimi, "DHL" Azərbaycandan keçməklə 5 sınaq qatarı yola salıb. Ötən il noyabrın 29-da Çinin Lianyunqanqdan limanından ilk test qatarı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsi ilə Türkiyənin Manisa şəhərinə yola salınıb. Bu il 9 iyul, 31 iyul, 20 avqust və 6 sentyabr tarixlərində isə Çindən ardıcıl olaraq 4 blok qatarının nəqli həyata keçirilib.






Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/dhl-sirketi-trans-xezer-beynelxalq-neqliyyat-marsrutuna-maraq-gosterir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR