Elmin Data sürəti 

Elmin Data sürəti 
16:49 24 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

                                     

 

Müasir dünyada bilik və vərdişlərin «həyat dövriliyi» çox qısadır. Məsələn, müasir qərb elmi ədəbiyyatında, mütə­xəssisin biliyinin köhnəlməsinin –«səriştəliliyin yarımitirilməsi dövrü» deyilən xüsusi ölçü vahidi mövcuddur. Nüvə fizika­sından götürülən bu termin biliklərin köhnəlməsi nəticəsində mütəxəssisin səriştəliliyinin 50 faiz itiriməsini bildirir.

 

Ötən əsrin 80 – 90-cı illərinin ayrıcında qabaqcıl texnologiya əsaslı müəssisələrdə çalışan mühəndislər üçün bu dövr 5-6 il, tibb işçiləri və bioloqlar üçün isə 3-4 il idi. Bu gün isə yeni biliklərə aramsız olaraq yiyələnmək mütəxəssisin öz ixtisas keyfiyyətini saxlamaq üçün birinci dərəcəli şərtdir. İnformasiya cəmiyyətində nə kompüter, nə dəzgah deyil, biliklər və təfəkkürün yaradıcı potensialı, bu gün deyildiyi kimi, kreativlik həlledici əhəmiyyət kəsb edir. ABŞ-ın keçmiş prezidenti Con Kennedinin dediyi kimi, «bizə heç vaxt olmayanı arzu edən insanlar lazımdır».

 

 Artıq Amerika cəmiyyəti üçün “heç vaxt olmamış haqqında arzu edən” mütəxəssislər yetişdirirlər. Məsələn, 2030-cu il və ondan sonrakı müddətdə idarəetmənin idarə olunmasını, robotları və gələcəyin menecmentliyini öyrənən Sinqulyarlıq Universiteti yaradılıb.

 

Əslində ötən həftənin ən vacib elm-təhsil hadisəsi kimi dəyərləndirilən “ADA” Universitetində “Big Data” tədqiqat bazasının istifadəyə verilməsi yeni ənənənin yaranması deməkdir. Biz elm insanlarına nə qədər çoxsaylı mənbələrlə işləmək imkanı versək və mötəbər verilənlərə (data bazalar) nə qədər əlçatanlığı təmin etsək, elmi nəticələrin immunitetini bir o qədər artırarıq.

 

“Big Data”nın elm-təhsil ictimaiyyətinin istifadəsinə verilməsi ötən ilin dekabrında Təhsil Nazirliyi ilə “Tomson Röyters” arasında bağlanan əməkdaşlıq platformasının davamıdır. Bu imkanlar bizi kvazi elmdən, data təhlilləri olmayan elmi materiallardan yan keçərək dünyanın tanıdığı elmi üsluba qovuşduracaq. Bildiyim qədər biz ali təhsil müəsissələrində ayrı-ayrı istisnalar olmaqla, statistika fənnini, data təhlillərlə işləmək bacarığını  tədris etmirik. Bu da elmi analizlərin aparılmasına, data yaddaş matrisasında düşünməyimizə zəmin yaratmır.

 

Elmin istənilən sahə üzrə açar sözləri mötəbər mənbələrdə, istinad olunmuş jurnallarda, verilənlər bazasındadır. Bu iş həm də collobrativ (birgə əməkdaşlıq) fəaliyyət tələb edir. Biz yəqin yaxın zamanlarda Azərbaycanın bir neçə universitetində birgə həyata keçirilən elmi platformanın şahidi olacağıq. Bunun üçün DATA bazamız, “Tomson Röyters”lə əməkdaşlıq platformamız var. Başqa nə lazımdır?

 

Fransız iqtisadçısı Furastyenin  maraqlı fikri var. O deyirdi  ki,  müasir  cəmiyyət 3 il ərzində elə dəyişir ki, XX əsrin  əvvəllərində  ancaq  30 il,  Nyutona qədərki  dövrdə 300 il, daş əsri dövründə  isə 3 min il ərzində  bu cür sürətlə dəyişə bilərdi.

 

Düşünmək olar ki, elmin inkişaf sürətini  bundan bir az da qabağa çəkə bilərik. Çünki əvvəlcə elmin tətbiq nəticələri olmalıdır ki, Furastyenin dediyi kimi, cəmiyyətin inkişaf sürətini dəyişsin.              

 

.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR