Federasiya prezidentini yıxdı-sürüdü: “Yediyi qaba tüpürdü” - FOTOLAR

Federasiya prezidentini yıxdı-sürüdü: “Yediyi qaba tüpürdü” - FOTOLAR
18:33 24 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanələrin ağzından çıxan hər kəlmə maraq kəsb edir. Axı onlar adi adam deyil, milyonların sevimlisi, adını tarixə yazdıran şəxsiyyətlərdir. Dieqo Armando Maradonanın da futbol haqda dedikləri həmişə gündəmi silkələyib. Dahi argentinalı yenə müsahibə verib. Demək olar, hər şeydən danışıb. Öz həyatından da, baş məşqçilik karyerasından da, hamının mübahisə mövzusu olan Ronaldo - Messi rəqabətindən də, hətta Platinidən də...

İspaniyanın “Marca” qəzetinin əməkdaşları Romadakı xeyriyyə oyunundan sonra onunla söhbətləşib.

Publika.az həmin müsahibəni ixtisarla təqdim edir:

- Həyat necədir, Dieqo?

- Hazırda ən xoşbəxt günlərimi yaşayıram. Sevdiyim insanların əhatəsindəyəm. Övladlarım və nəvəm Benjamin sağlamdır. Hər kəslə yola gedirəm, Roma Papasıyla da dostam.

- FİFA prezidenti olsaydın, futbol üçün nələr edərdin?

- Boban, Trezege, Uqo Sançes, Ruceri və başqaları ilə bu haqda söhbət etmişəm. Futbolun inkişafı uğrunda mübarizə aparacağımıza söz vermişik. İnfantino da bizi dəstəkləyəcəyinə söz verib. Futboldakı etibarımı qaytarmaq üçün 30 ildir çalışıram.

- Platini hər şeyi bərbad etdi amma...

- O, futbolçulara heç nə vermədi. Mişel yediyi qaba tüpürdü sadəcə. Özünə olan hörməti itirdi.

- Məşqçilik karyeranı unutmusan artıq? Sonuncu dəfə 2012-ci ildə “Əl-Vəsl”də işləmisən...

- Tam yox. İşləmək istəyirəm. Ancaq futbolda mafiyalar çoxdur. Siz bunu görməyə bilərsiz, ancaq mafiya var. Dünyada baş məşqçilərə agentlər dominantlıq edir. Xidmətlər o qədər önəm daşımır. Agentin hörmətini etməsən, heç bir klubda özünə iş tapa bilmərsən. Gəlin açıq danışaq. Bu, artıq yazılmamış, ancaq qəbulolunmuş qanundur. Mən də onların əlinin altında olmaq istəmirəm.

- Baş məşqçi olmaq çətindir?

- Mən futbol oynamışam və qarşıma məqsəd qoymuşam ki, karyeramı bitirəndən sonra baş məşqçi olacam. Odur ki, bu sahədə təkliflərə açığam. Ancaq dediyim insanların qanunlarıyla işləməyəcəm. Bu şəbəkə “Valensiya”dan “Real”a, “Barselona”dan “Mançester Siti”yə, “Siti”dən “Mançester Yunayted”ə qədər olan bütün baş məşqçi dəyişikliklərinə nəzarət edir. Sadəcə dəhşətli mənzərədir. Fikir verin: çox hörmət etdiyim Rafael Benites “Real”ın sükanı arxasında fiaskoya uğrayır. Lütfən bunu kadr problemiylə əlaqələndirməyin! Fiaskodan qısa müddət sonra nə baş verir? Rafa “Nyukasl”dan üçillik təklif alır. Bunu kim mənə izah edə bilər? Bu normaldır, yoxsa...?

- Florentino Peres “Real”ı Zinəddin Zidana həvalə etdi. Sən də sabiq klublarından belə bir şans gözləyirsən?

- Bəlkə də böyük klubları çalışdırmağa hələ hazır deyiləm. Ancaq qarşısına yüksəlmək hədəfi qoyan klublarda işləyə bilərəm. Elə bir dövrə gəlmişik ki, yaxşı futbolçu olmaq, yaxşı məşqçi olmaq üçün kifayət etmir. Zidana görə şad oldum. O, futbolçuları yaxşı başa düşür. Əminəm ki, Zidan uğursuzluğa düçar olsa, hamı belə deyəcək: yaxşı futbolçu olub, ancaq məşqçi kimi pisdir.

- Messi - Ronaldo rəqabəti haqda nə deyə bilərsiz?

- Bütün çempionatları izləyirəm. Hər şeyi görürəm. Leo ilə Kriştiano digərlərindən üstün oyun sərgiləyir. Deməkdən yorulmuşam, dahi futbolçu olmaq üçün dünya çempionluğunu qazanmaq önəmli deyil.

- Messi çempionatda və kubokda ötən mövsümü qalib kimi başa vurub. Kriştiano Avropa çempionatını və Çempionlar Liqasını qazanıb. Necə düşünürsüz, “Qızıl top” portuqaliyalıya çatmalıdır?

- “Qızıl top” heç də həmişə layiq olan futbolçuya verilmir. Məsələn, 2014-cü ildə sona Ronaldo, Noyer və Messi qalanda mükafat alman qolkiperə verilməliydi. Onun komandası dünya çempionu olmuşdu. Ancaq Ronaldo aldı. Müqayisəyə qayıdım, Messinin Ronaldodan güclü olduğunu və ya əksini deyə bilmərəm. Həqiqətən ikisini də bəyənirəm.

- Neymar onlardan bir addım geridədir?

- Artıq iki yox, 3 nəfərin rəqabətini izləyirik. Bilirdim ki, Braziliya Messiylə Ronaldonun duelini tamaşaçı kimi izləməyəcək. Rivaldo, Ronaldinyo və Kakadan sonra Neymar ortaya çıxdı. Onun oyununu izləməkdən zövq alıram. Meydanda 200 dəfə ayağına vursalar da, təslim olmur.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR