Qalib Yusubov - Azərbaycan və Rusiya idmanı arasında körpü

Qalib Yusubov - Azərbaycan və Rusiya idmanı arasında körpü
19:07 24 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Son vaxtlar Azərbaycanda idmanın bütün növlərində inkişaf hiss olunur. Avropa, dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında qazanılan nəticələr bunu söyləməyə əsas verir. 

Sevindirici haldır ki, əslən azərbaycanlı olan şəxslər yaşadıqları digər ölkələrdə də idmanla məşğul olur, onun inkişafı üçün çalışırlar. Bunlardan biri də Rusiya Federasiyasında yaşayan Qalib Yusubovdur. 

Əslən qazaxlı olan Qalib Yusubov Rusiyaya 1982-ci ildə köçüb. Yeniyetmə yaşlarında hazırda Azərbaycanın tanınmış məşqçilərindən biri olan Firdovsi Umudovla birgə güləşlə məşğul olub. Yusubovun və Umudov güləşin sirrlərini Ramiz Tağıyevdən öyrəniblər.
Qeyd etdiyimiz kimi, daha sonra Rusiyaya üz tutan müsahibimiz Moskvada İdman Akademiyasına daxil olur, hərbi xidməti başa vurduqdan sonra isə əlbəyaxa döyüş növlərini özünə peşə seçir və bu  sahədə uğur qazanır. 
SSRİ dağıldıqdan sonra da Moskvada qalan Qalib Yusubov bizneslə məşğul olur. Hazırda geniştərkibli biznes layihələri olan Yusubov şəhərdə fəaliyyət göstərən idman klublarından birinin sponsorudur.

İdman klubu ilə bağlı məlumat verən Yusubov bildirdi ki, 1000 nəfərə yaxın idmançı yetişdiriblər: “Rusiyada Azərbaycan diasporası fəaliyyətdədir. Biz ictimai-siyasi işlərlə yanaşı, idmanın da inkişafı üçün əlimizdən gələni edirik. Əsasən idmanın döyüş növlərinə üstünlük veririk. Əlbəyaxa döyüş növlərindən tutmuş,  boksa qədər hər bir növ üzrə şöbəmiz var. Bizim klubun idmançıları Avropa və dünya çempionatlarında çıxış ediblər ki, bu da bizim üçün  çox böyük uğurdur. Bundan əlavə, Rusiya millisinin tərkibində Rio Olimpiadasında çıxış edən boksçu Vasili Yeqorov bizim yetirməmizdir. Düzdür, Vasili Rioda medal qazana bilmədi, amma bizim klub üçün Olimpiya yığmasınəın tərkibinə idmançı vermək böyük uğurdur”.

Yusubov bildirdi ki, rəhbəri olduğu idman klubunda azərbaycanlı idmançılar da yer alıb: “Azərbaycan ailələri bizə etibar edirlər. Çünki bilirlər ki, idmanın dərinliklərindən gəlmiş adamlarıq. Klubumuzda azərbaycanlı idmançıların sayı çoxdur. Onlar həm sağlam həyat tərzi  sürürlər, həm də idmançı kimi yetişirlər. Bizim Azərbaycan İdman Federasiyaları ilə geniş əlaqələrimiz var. Azərbaycan gükəş yığmasının böyük məşqçisi Firdovsi Umudovla uşaqlıq dostuyam. Azərbaycan idmanında böyük xidmətləri olan Ağacan Əbiyevlə münasibətlərim var. Tanınmış idmançımız Rövşən Hüseynovla da əlaqələrimiz mövcuddur. Biz klub olaraq, Azərbaycan idmanına dəstək verməyə hazırıq”.

Rusiyada yaşayan və çalışan azərbaycanlı iş adamı əlavə etdi ki, mütəmadi olaraq yarışlar keçirir və həmin yarışlara Azərbaycan da idmançılar dəvət edir: “Rusiyada doğulub boya-başa çatan azərbaycanılar çoxdur.  Onlar Azərbaycan pasportuna malik olmadıqları üçün millilərimizdə çıxış etmirlər. Lakin biz onların irəli getməsi üçün şəraitlər yaradırıq. Mütəmadi olaraq, yarışlar keçiririk ki, idmançıların ustalıq səviyyəsində inkişaf olsun. Belə yarışlardan biri noyabrın 16-da başlayacaq. Qran Pri turnirinə Azərbaycan boksçularını da dəvət etmişik.   16 nəfərlik heyətin bütün xərclərini öz üzərimə götürmüşəm və onlara rəsmi dəvət göndərmişəm. Çalışıram ki, Rusiyada yaşasam da, Azərbaycan idmanına da diqqət ayırım və inkişafda rolum olsun”.

Müsahibimiz söylədi ki, gələcəkdə də idmanın inkişafı, eləcə də Azərbaycan və Rusiya idmanı arasında körpü yaratmaq üçün əlindən gələni əsirgəməyəcək.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qalib-yusubov-azrbaycan-v-rusiya-idman-arasnda-korpu-t53595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR