Azərbaycanlı aktyordan etiraf: "O insanla artıq yollarımızı ayırmışıq" - FOTO

Azərbaycanlı aktyordan etiraf: "O insanla artıq yollarımızı ayırmışıq" - FOTO
21:27 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktyor Qərib Nəsibovun Milli.Az-a müsahibəsi.

- Qərib, sizi son zamanlar izlənilən reytinqli seriallardan birində görüb tanıdıq. Nə vaxtdan incəsənətə bağlanmısınız?

- Bu sənətə məndə uşaqlıqdan həvəs yaranmışdı. Məktəb illərində bütün tədbirlərdə yalnız baş rollarda mən çıxış edirdim. Elə bunun nəticəsi idi ki, illər sonra İncəsənət Universitetinə, daha dəqiq desək, dram və kino aktyoru fakültəsinə daxil oldum. Məni və bir neçə tələbəni gözəl rejissor və aktyor Vaqif İbrahimoğlunun Yuğ Teatrına yönləndirdilər. Biz Vaqif müəllimdən sənətin çox incəliklərini öyrəndik. Amma daha da çox öyrənə bilərdik, təəssüflər olsun ki, fələk ona yaşamağa aman vermədi. Bəxtim bircə onda gətirdi ki, sənətdə qarşıma həmişə yaxşı insanlar çıxdı. Aktyor Faiq Mirzə, Elnur Qədirov və digərləri mənə bu sənətdə dəstək olan insanlardandır. Elə məhz Faiq Mirzənin dəstəyi ilə ilk serialım olan "Sindrom"da çəkildim. "Bir ailəm var " serialına isə məni yaxın dostum, həmin serialda baş rollardan birini ifa edən aktyor Elnur Qədirov məsləhət görmüşdü. Serialın rejissoru Rüfət Şahbazov həqiqətən də bacarıqlı gənclərdəndir. İşinə isə söz ola bilməz. Serial sahəsinə gəlişim bu insanların adı ilə bağlıdır.

- Necə fikirləşirsiniz, çəkildiyiniz seriallar vasitəsilə tamaşaçıda özünüzə qarşı maraq yarada bilmisiniz?

- "Sindrom" serialında baş rolda çəkilsəm də, "Bir ailəm var" serialına qısamüddətli çəkildim. Bu serialdan məni sevən də oldu, sevməyən də. Amma tanınmağımda "Bir ailəm var" serialının əvəzsiz rolu var. Eyni vaxtda mənə digər seriallardan da dəvət gəlirdi, amma getmirdim. Çünki həmişə çalışmışam ki, "naşi" seriallarla, cılız rollarla yaddaşlarda qalmayım.

- Dəvəti qəbul etməməyinizin səbəbi təkcə bu idi?

- Qonaq aktyor kimi heç bir seriala getməmişəm. Çəkilirəmsə, ən azından 1 ay müddətində o serialda çəkilməliyəm. Zahirən özündən razı görünə bilərəm, amma daxilən elə deyiləm. Bu sənətə qarşı heç vaxt pul hərisliyim olmayıb. Təbii ki, pul hər kəsə lazımdır, amma həmişə ilk növbədə mənim üçün sənət olub. Hətta pulum çox olsaydı belə, bacarığımın üstünə bacarıq əlavə etmək üçün kurslara, master-klasslara gedərdim. Türkiyədə mənimlə yaşıd olan aktyorlar milyonlar qazanaraq istədikləri kimi yaşayır, həm də savad alırlar. Bizdə təəssüflər olsun ki, o cür imkanlar yoxdur. Aktyora çox az qonorar təklif edirlər, amma çox şey gözləyirlər. Bir sözlə, aktyora sıradan bir insan kimi baxırlar.

- Rejissorlarla bu anlamda aranızda hər hansı problem yaşanıbmı?

- İndiyə kimi hələ ki, çəkildiyim serial, klip və reklam çarxlarında bu cür problemlərlə üzləşməmişəm. Həmişə çalışıram ki, rejissorla ortaq məxrəcə gəlim. Rejissorun istəyini alıb, nəticədə öz bildiyimi etmişəm. Hələ ki, rejissorlardan özüm haqda tərif eşidirəm.

- Bəs niyə davamlı olaraq yerli seriallarda çəkilmirsiniz?

- Heç bir aktyor yoldaşıma yaxınlaşıb, "məni də seriala dəvət edin" deyə müraciət etməmişəm. Aktyorun ətrafından çox şey asılıdır. Həm də mənim sırf yaxın sənət dostum yoxdur.

- Əslində bu sənəti seçəndə bilirdiniz ki, pul yoxdur. Bu sizi qorxutmurdu?

- Hər kəsin öz qisməti var. Allah alnıma nə yazıbsa, o da olacaq. Hal-hazırda sırf gənc aktyorların yox, yaşlı nəsil aktyorlarımızın da maddi vəziyyəti ürək açan deyil. Elə bir vaxt olub ki, ofisiant işləmişəm, ev təmir etmişəm. Bunu deməkdən heç vaxt utanmamışam, əksinə, fəxr etmişəm. Hətta bir dəfə ofisiant işlədiyim restorana sənət yoldaşlarımdan biri gəlmişdi. Gözlərinə inana bilmirdi ki, ofisiant mənəm. Bir dəfə də tikintidə çalışdığım evdə korifey aktyorumuzla rastlaşdım. O da həmin evi təmir edirdi. Baxmayaraq ki, dahi aktyordur, amma hər gün teatrdakı məşqdən çıxıb işə gəlirdi. Ən azından, mən də sabah onun gününə düşüb, gördüyü çətinlikləri yaşamaq istəmərəm.

- Ailəlisiz?

- Nişanlıyam, inşallah, yaxın aylarda toyumuz baş tutacaq. Sevdiyim insan mənim qazancımı da, sənətimi də qəbul edib.

- Bu günlərdə Emin Ağalarovun klipində də sizi gördük. Oraya kimin dəvəti ilə getmişdiniz?

- Klipə kastinq nəticəsində seçilib çəkildim. Azərbaycandan o klipə çəkilən 4 aktyordan biri məhz mən idim. Bizi şəxsən Emin bəy bəyənmişdi. Klipdə mafioz rolunu oynayırdım. Emin Ağalarov adı artıq brenddir, onunla işləmək mənim üçün böyük bir şərəf idi. Bu klipin kastinq çəkilişlərinə məni Səbuhi Məmmədov dəvət etmişdi. 4 gün professional kollektivlə işləmək mənə nəsib oldu. Ən azından bilmədiklərimi də öyrəndim. Çox istərdim ki, bizim seriallarımızda da bu cür peşəkarlıq olsun. Özümü Hollivud aktyoru kimi hiss edirdim.

- Teatrda çalışmamağınızın səbəbi nədir?

- Çox istərdim teatrda çalışım. Bu həm də mənim üçün təcrübədir. Amma yenə də maddiyat məni qane etmir.

- Hal-hazırda hansı seriala çəkilirsiz?

- Bu günlərdə efirdə gedən seriallardan birinə dəvət almışdım, amma təəssüflər olsun ki, işimə mane oldular. Allah yenə də onların köməkləri olsun. Həmin insanla yollarımızı artıq ayırmışıq. Məni bəyənən insanlar, yəqin ki, seriala, filmə dəvət edəcəklər. İstərdim ki, elə bir rol canlandırım ki, uzun müddət yaddaşlarda qalsın. Mənə yaxın bildiyim rol olmasa, təbii ki, oynamayacağam. Özümü aldatmaq istəmirəm.

Əli Rəhimoğlu

Milli.Az





























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/482130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR