Ziyan çəkməmək üçün nə etməli?

Ziyan çəkməmək üçün nə etməli?
08:47 25 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Quranın nəzərinə görə, həqiqi ziyankarlar maddi cəhətdən ziyan çəkənlər deyildir. Bəlkə həqiqi ziyan odur ki, insan özünə zərər vursun. "De: "Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur"". ("Zumər" 15).

"Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir". ("Şura" 45).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran başqa yerdə buyurur: "(Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər". ("Ənam" 12).
"Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır". ("Muminun" 103).
Həqiqi ziyankar - insanın nəfsidir. Ziyan sözünün mənasına baxsaq görərik ki, maddı ziyan etmək deməkdir. Yəni ticarətlə məşğul olan bir insanın malını əldən verməsi, ziyana uğramasıdır. Daha geniş izah üçün deyə bilərik ki, insan bir ticari əməliyyat zamanı gəlir götürmür, ya da gəlinin çox hissəsini əldən verir. Bu zaman ziyan çəkmək sözü işlədilir.
İnsanın nəfsi - onu böyük sərmayəsidir. O, bəzən bu sərmayəsini mənəvi bazarda ziyana uğradır. İnsanın nəfsi, yəni mənliyi və həmin ruhudur. İnsanın yaxşı və ya pis əməl sahibi olması ondan asılıdır.
Qiyamət günü insanların bəzisi ziyan çəkənlərdən olacaqdır. Quran buyurur ki, bu insanlar həyatda olan zaman nəinki nəfslərinə heç bir fayda qazandırmamış, hətta əsl sərmayələri olan canlarına belə zərər vurmuşdular.
Quran buyurur: "Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb". ("Tövbə" 111). Allah Təala bu ayədə özünü can alıcısı kimi tanıdır.
Başqa yerdə buyurur: "Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir". ("Səff" 10-11).
Bu ayələrdən də göründüyü kimi, bu ticarətdə qazanmaq üçün imana və saleh əmələ malik olmaq lazımdır. "Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa". ("Əsr" 2-3).
İslam dini insanın bədəninə və cisminə deyil, ruhuna qiymət və dəyər verir. Ona görə də biz insanlar üçün ruhumuz böyük sərmayədir. Bu dünyada olan zaman bədənimizin köməyi ilə maarif və fəzilətlər kəsb edib, özümüzü kamilləşdirməliyik. Əgər belə olmasa, xeyir əvəzinə şərə tərəf üz döndərər. Quranın buyurduğu kimi özümüzü məhv edərik.
İmam Əli (ə) buyurur: "Sizin nəfsinizin qiyməti və dəyəri behiştdən savayı deyildir. Məbada özünüzü ondan azına satasınız".
 
"Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!" ("Həşr" 19).
Ey insan! Öz dəyərini bil! Özünü bir neçə günlük dünyanın bər-bəzəyinə satma. Çünki sənin dəyərin bundan üstününə layiqdir. Sən Allahın yer üzündə olan xəlifəsisən. Özünü ona uyğun apar və ona uyğun yaşa ki, ruhunu satdığın gün ziyankarlardan olmayasan.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR