Nazirlər Kabineti 3 aprel 2014-cü ildən qüvvədə olan
“Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər
növ xidmət Qaydaları”na dəyişiklik edib.
Müvafiq qərar prezidentin 16 yanvar 2014-cü il tarixli “Kənd
təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının
icrası məqsədilə verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, bazar, topdansatış bazarı,
pərakəndə satış bazarı, kənd təsərrüfatı məhsullarının satış
bazarı, yaşıl market, fermer mağazası, yarmarka, eləcə də kənd
təsərrüfatı məhsullarının və ərzaq mallarının yarmarka-satışı
yerlərinə aydınlıq gətirilib.
Məsələn, yaşıl marketdə bitki, bitkiçilik və heyvandarlıq
məhsulları satılır. Yaşıl marketin anbarı, laboratoriyası,
avtoparkı, eləcə də sertifikatlaşdırılmış ekoloji kənd təsərrüfatı
məhsullarının satış yeri olmalıdır.
Fermer mağazalarında xüsusi fərqləndirici lövhələr
quraşdırılmalıdır.
Hökumət yarmarkaların təşkili səllahiyyətini yerli icra
hakimiyyətlərinə verib. Onlar yarmarkaların təşkili üzrə xüsusi
tədbirlər planı hazırlamalıdır. Kənd təsərrüfatı məhsullarının və
ərzaq mallarının satış-yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin
təklifi əsasında müəyyən günlərdə (şənbə və bazar günləri, bayram
günləri və digər əlamətdar günlərdə) təşkil edilir. Yarmarkalarda
xüsusi lövhələrdə satılan malların qiymətləri göstərilir. Bu
yarmarkalar dövlət büdcəsinin vəsaiti ilə təşkil edilir. Əgər
yarmarkanı ayrı-ayrı şəxslər təşkil edirsə, onlar da
maliyyələşdirir.
Qaydalarda aşağadakı şəkildə aydınlatma öz əksini
tapıb:
2.1.26-1-ci yarımbəndlər əlavə edilsin:
"2.1.4-1. bazar - müəyyən ərazidə daimi fəaliyyət göstərən,
malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət
yerlərinə malik əmlak kompleksi;
2.1.4-2. topdansatış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu
topdansatış yerləri təşkil edən bazar;
2.1.4-3. pərakəndə satış bazarı - ticarət yerlərinin 80 faizdən
çoxunu pərakəndə satış yerləri təşkil edən bazar;
2.1.4-4. kənd təsərrüfatı məhsulları bazarı - ticarət yerlərinin 80
faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış
ixtisaslaşdırılmış bazar;
2.1.4-5. yaşıl market - yalnız bitkilərin, bitkiçilik məhsullarının
və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət
obyekti;
2.1.4-6. fermer mağazası - yerli fermer, ailə kəndli və ev
təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının
həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti (mağaza);
2.1.4-7. yarmarka - müəyyən edilmiş ərazidə və müddətdə malların
satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə
təşkil edilən tədbir;
2.1.4-8. kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları
- müəyyən edilmiş ərazidə və müddətdə kənd təsərrüfatı və ərzaq
məhsullarının satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi)
məqsədi ilə təşkil edilən tədbir;
2.1.26-1. baytarlıq şəhadətnaməsi - malların, о cümlədən heyvan
mənşəli məhsulların və xammalın baytarlıq-sanitariya
ekspertizasından keçirilməsi barədə müəyyən olunmuş qaydada və
nümunədə hazırlanan və müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən təsdiq edilən rəsmi sənəd (Marja.az)