Müslüm Maqomayevin xatirəsi üçün dünyanı dolaşan özbək - FOTO\VİDEO

Müslüm Maqomayevin xatirəsi üçün dünyanı dolaşan özbək - FOTO\VİDEO
10:23 25 Oktyabr 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Özbəkistanda bir ifaçı yaşayır- Hursand Şerov. Müslüm Maqomayevi özünə kumir seçib və ömrünün 58 yaşında Müslim Maqomayevin xatirəsinə veloyürüş təşkil edir. Daşkənddən min kilometrlərlə həm şimala, həm şərqə yürüş edib böyük Maqomayevi yad edir. Elə ustad ifaçının xatirə günündə iştirak etmək üçün Bakıya öz velosipedi ilə gəlib çıxıb. Publika.az Hursand Şerovla müsahibəni təqdim edir.

-Gəlin ondan başlayaq ki, hər şey necə oldu. Siz necə qərar verdiniz ki, incəsənət adamı olmalısınız.

- Valideynlərim bilirdi ki, mən incəsənətə daha yaxınam. Amma ailəm istəmirdi ki, mən aktyor olum. Bizim ailə mühəndis ailəsi olub və onlar istəyirdi ki, mən də qardaşım kimi oxuyub onlara bənzəyim. İllər keçir. Mən böyüdüm və qardaşım kimi mühəndis oldum. Və elə oldu ki, Allah məni bu yola gətirdi. Mən bitirdiyim texnikumda müəllim oldum. Sonra isə “Qaranquş” adlı ansambl yaratdım və qaranquşun qanadlı məni yarışmalara apardı. Mən o vaxtı bir neçə müsabiqənin laureatı oldum. Sonra dram dərnəyi təşkil etdim. Elə bu da məni teatr institutuna gətirib çıxartdı. Tez-tez teatr dərnəklərində müxtəlif rolları ifa edirdim və institutda da hər kəs bilirdi ki, mənim aktyor istedadım var və gələcəkdə yaxşı aktyor ola bilərəm. Mən teatr institutuna daxil olanda orda məni ikinci kursa götürdülər və oranı bitirdim. Aktyor həyatım da elə burdan başladı. Mən artıq özümdə müəyyən etdim ki, musiqili dram janrında oynayacağam. Bunun üçün bir aktyora nə lazımdır? Səhnə danışığı, xoreoqrafiya və vokal.

-Birinci rolunuz hansı olub?

Mənim çox rollarım olub. O vaxtlar xatırlayırsınızsa hərbi mövzuları daha işlək idi. Mən isə bizim birinci generalımız Sabir Rahmonovu oynamışdım. Bu işlə peşakar məşğul olduğum zamanlarda isə klassik sayılan rollar oynadım. Hamleti də oynamışam. Səsim bariton olduğu üçün mən həmişə əsas rollar oynamışam.

-Siz o vaxtlar Azərbaycan haqqında eşitməmişdiniz, ancaq Müslüm Maqomayevi tanıyırdınız...

- Mən romansları, mahnıları və akademik əsərləri ürəklə oxuyurdum. Səsim dramatik bariton olduğu üçün mənə həmişə Müslüm Maqomayevin repertuarından mahnılar verirdilər. Birinci “Sən mənim melodiyamsan” mahnısı oldu.

Mən Azərbaycan musiqisini çox sevirəm. Xüsusən də muğamı. Mən Azərbaycanla dostlaşdım. Həmişə deyirdim ki, nə vaxtsa günəşli Azərbaycana gələcəyəm. İlk dəfədir gəlirəm bura. Mənim arzum var idi və o arzunu həyata keçirdim.

- Veloyürüşə sizə həvəs haradan gəldi?

- Sizə bir sirr açım. Məni çox adam yolda saxlayıb soruşub ki, bu hansı veloturdu. Hamı maraqlanıb bununla. Kimsə təbiətin qorunmasını, ya narkomaniyaya qarşı mübarizə yolunu seçir və bu yol da siyasətə aparır. Bundan sonra sponsorları olur, dayaqları olur. Mən isə bir müğənni kimi başqa seçim etdim. Mən siyasəti seçmədim. Mən isə bu işə daha yaradıcı yanaşdım. Mən bu işə Müslümün yaradıcılığı kimi yanaşdım.

O 2008-ci ildə öləndə mən çox pis olmuşdum. Düzünü deyim mən ağlamışdım. Onun necə duruşda, necə ürəkdən oxumağı həmişə xatirimdədir. Mən də oxuyuram. Mən Daşkəndin mərkəzində olan Türkistan sarayında konsertlər verirəm.

Mən 7 yaşımda avtomobil qəzasına düşmüşdüm və güclü travma almışdım. Bu haqda heç kəs bilmir. Siz bilirsiniz ki, 50 yaşında insanın bütün gizlin xəstəlikləri üzə çıxır. Moskvaya getdim. Nə qədər professorlar məni müayinə etdi. Sonra Almatıya getdim. Bir çox professorlar məni yoxladı. Axırın həkimim isə mənim heç bir ürək xəstəliyimin olmadığını dedi. Amma travma öz işini görmüşdü- nevroloji osteoxondroz üzə çıxmışdı. Mən onun öhdəsindən gəlməliydim.

-Və siz bacardınız...

- Bəli mən bacardım. Böyüdükcə isə başımız o qədər qayğılara qarışır ki, hərəkət etməyi unuduruq. Daşkənddən 128 km uzaqlıqda dağ massivi var, hər gün ona doğru getməyə can atırdım və nəhayət 15 saata gedib ora çıxa bildim. Sevincimdən Müslümün “Mavi sonsuzluq” mahnısını oxudum. Hamı mənə təəccüblə baxdı. Əgər mən hərəkət etməsəydim bəlkə də həyatı boyu əlil qalacaqdım.

- Ailəniz buna necə yanaşır?

Mən bu yolu seçəndə onlar mənə niyə sualını verdilər? Onlar anlamırdılar ki, mənim sənətim ola-ola, televiziya və radioda mənim çıxışlarım gedə-gedə mən bu yolu niyə seçdim. Onlar bilirdilər ki, bu yolda məni xoşagəlməz hadisələr gözləyir. Və doğrudan da başıma bir çox hadisələr gəldi. Amma bu yolda həvəsli olduğumu görüb alım mənə dəstək oldular.

Bizdə hər ilin oktyabrın 1-də ipək yolunda marafon keçirdilər. Dünyanın hər yerindən iştirakçılar axın edir.

Marafon 1200 km-dər ibarət olur. Mən bunun üçün hazırlaşmışdım. Ancaq mən ikinci tura çata bildim. Çünki Moskvadan gəlirdim. Ona görə uduzdum.

-Mən bir şeyi anlamıram. Niyə Maqomayevin vətəni Azərbaycan ola-ola siz onu ilk dəfə Moskvada yad etdiniz?

- Hə ondan qulaq asın başıma nə gəldi. Marafonlarda iştirak etdiyim üçün mən artıq idmançı sayılırdım və mənə Moskvaya getməyi məsləhət gördülər. Sual verirlər ki, siz dünyanın gəzmək istəyisiniz veloturla? Nikolay Nikolayevic adında yaxşı bir adam mənə bir məsləhət verdi. Hər veloturun öz adı olur. Siz nə ad qoymaq istərdiniz? Mənsə cavabında bu turu öz kumirimə həsr edəcəyimi dedim. Mənə heç kəsin fikir verməyəcəyini söylədi və buna hazır olmağımı tapşırdı. Əgər sponsorluğa görə siyasətçilərin məni “görmələri” lazımdırsa mənim buna ehtiyacım yoxdur cavabını verdim. Çünki mən onsuz da konsertlərdə çıxış edirdim, oxuyurdum. Mənim sponsorlara heç ehtiyacım yox idi. Mən artıq qərar vermişdim ki, veloturumun adı Müslüm Maqomayevlə bağlı olacaq. Və beləliklə mənim ilk marşrutum Özbəkistanın şəhərləri idi. Əslində daha sonra Bakıya gələcəkdim. Ancaq eşitdim ki, avqustun 18-i Müslümün doğum günüdür və Moskvada bununla bağlı yığıncaq keçiriləcək. Mən sadəcə ad gününə görə Moskvaya yollandım.

Yolda insanın başına çox maraqlı hadisələr gəlir. Həmişə məni yolda saxlayıb sual verirlər ki, nə veloturudu bu? Mənsə deyirəm ki, Müslüm Maqomayeva həsr olunub. Bunu deyəndə onlar həmişə təəccüblənirlər. Axı Maqomayevlə idmanı nə bağlayır?(gülür) Sonra sual verirlər ki, bəs sizə kim yardım edir, kim sponsorluq edir? Mən isə bunu sponsorluq üçün etmədiyimi deyirəm. Və bunu deyəndə mənə köməklik etmək istəyirlər. Mən götürməyən də isə Tamara xanıma apararsınız deyirdilər. Siz bilirsiniz Moskvaya gələnə kimi mənim artıq nə qədər balım var idi. Düz 15 kq! Ən yaxşı ballar harada olur? Başkir balıdır, düzdür? Mən heç soruşmurdum onlar məni yolda saxlayıb özləri gətirib verirdilər ki, bunu Tamara xanıma çatdırım. Kazana gəlirəm orada da eyni hal, Çeboksara gəlirəm yenə həmin hadisə. Nə yaxşı Moskvaya gələn zaman Tamara xanımın bundan xəbəri oldu. Mən də fikirləşirdim ki, bu qədər balı nə edəcəyəm. Elə bu zaman fondan mən yaxınlaşdılar, məni medalla təltif edəcəklərini dedilər.

-Sonuncu sual. Bakı haqqında təəssüratlarınız. Amma səmimi olun.

Mənə həmişə deyirlər ki, sən Azərbaycanın incəsənətinə vəfalı insansan. Bir var eşidəsən, bir də var görəsən. Mən eşitmişdim ki, Azərbaycan dinc ölkədir. İki gündür gəzirəm, insanla çox mülayım və qonaqpərvərdir. Axı bizim dillərimiz də oxşardı.

Yolda mənim rastıma gəmi kapıtanı çıxdı və o məni tanıdı. Soruşur siz keçən il harda olmusunuz? Moskvada eləmi? Mən deyildim deyə cavab verdim. O isə mənim həmən adam olduğumu dəqiq bildiyini söylədi və təvəzökarlıq etməməyimi dedi. Məndən Müslümün mahnısı oxumağımı xahiş etdi. Mən oxumağa başlayanda siz inanmasınız gəmidəki hər kəs çıxıb səsin haradan gəldiyinə baxdı. Onlar doğrudan da Müslümün oxuduğunu zənn etdilər.

SSSR-bizə ən yaxın Azərbaycan idi. Bizim toylardan çalınan mahnıların 80% Azərbaycan mahnılarıdı. Biz çox yaxın olmuşuq həmişə. Özümü vətənimdəki kimi hiss edirəm.

Dilrubə Vaqifzadə

Mələk Heydərova















Xəbərin orijinal ünvanı: http://publika.az/projects/bildirchin/173412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR