"Palto, uzunboğaz çəkmə geyməyək ki, hələ sərəncam yoxdur?"

"Palto, uzunboğaz çəkmə geyməyək ki, hələ sərəncam yoxdur?"
13:05 25 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Hələ qış fəsli gəlməsə də, hər gün dəm qazından zəhərlənmə hadisələri ilə bağlı xəbərlər yayılmaqdadır.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu zəhərlənmələr əksər vaxt ölümlə nəticələnir. Ən dəhşətlisi isə odur ki, bu faciəyə insanlar ailəlikcə məruz qalırlar. Məsələn, ötən günlərdə Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Göygöldə baş verən hadisə isə daha faciəvi nəticə ilə sonlanıb. Ana və iki yaşlı qızı zəhərlənmədən dünyasını dəyişib. Şəmkirdə də qaynana və gəlin evin vanna otağında dəm qazından zəhərləniblər. Nəticədə qaynana dünyasını dəyişib.

Ölkəmizdə yol terroru qədər havalar soyuyan kimi can alan dəm qazı terrorundan necə xilas ola bilərik? Bu məsələdə məsuliyyət insanların yoxsa qurumların üzərinə düşür? Nəzarət mexanizmi necə olmalıdır?

"Qafqazinfo" bu suallarla "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edib. İ. Kərbalayev qeyd edib ki, təmsil etdiyi qurum evlərdə tüstü bacaların yoxlanılmasına nəzarət etmir: "Yəni "Azəriqaz" mənzil daxili qaz xətlərinə texniki baxışı həyata keçirmir. Bu səlahiyyət artıq Fövqəladə Hallar Nazirliyinin və qaza nəzarət idarələrinin səlahiyyətindədir. Bununla belə biz dəm qazından zəhərlənmə ilə bağlı maarifləndirici tədbirlər keçiririk. Bununla bağlı əhali kütləvi informasiya vasitələrində reklam rolikləri vasitəsilə məlumatlandırılır. Regionlarda qaz açılışları zamanı ictimaiyyətə təbii qazdan istifadə qaydaları barədə məlumatlar verilir. Bununla bağlı aiddiyyatı qurumlar tərəfindən videoçarxlar da mütəmadi olaraq göstərilir".

Qaz problemləri üzrə ekspert Nüsrət Qasımov "Qafqazinfo"ya açıqlamasında problemindən çıxış yollarını təklif edib. Bildirib ki, bununla bağlı ayrıca Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmalıdır: "Bu cəmiyyət əhalinin sifarişi əsasında ya pullu, ya da pulsuz şəkildə mənzillərdə tüstü bacalarının qurulmasını təmin etməli, onu təmizləməli, mütəmadi olaraq yoxlamalıdır.

Ancaq bizdə məsələni başqa cür həll etdilər. Səlahiyyəti "Azəriqaz"dan alıb Fövqəladə Hallar Nazirliyinə verdilər. Nəticədə heç nə dəyişmədi. Nə qədər maaarifləndirmə işləri aparılsa da, nəticəyə müsbət təsir etmir. İnsanların şüur səviyyəsi o dərəcəyə çatmayıb ki, verilən qanunlara hörmət etsinlər. Səhlkənkarlıq, özbaşınalıq, nəzarətsizlik nəticəsində bu cür vəziyyət əmələ gəlir".

Ekspert bildirib ki, zəhərlənmələrin 90 faizi vanna otağında, 10 faizi isə yataq otağında baş verir: ""Azəristiliktəchizat" oturub gözləyir ki, noyabrın 15-i gəlsin, Bakı Şəhər İcra Hakimiyyəti qış rejiminə keçidlə bağlı sərəncam versin. Bu, sovetdən qalmış metoddur. Bu gün soyuqdur, əhali isinmək üçün niyə noyabrın 15-ni gözləməlidir? Hələ 15-də sərəncam veriləcək, noyabrın axırına kimi hazırlıq işləri gedəcək, dekabrdan əhali istlilik ala biləcək.

Camaat da belə olanda isinmək üçün müxtəlif üsullara əl atır. Hava nə vaxt soyumağa başladısa sərəncam verilməlidir. O zaman palto, uzunboğaz çəkmə geyməyək ki, hələ sərəncam yoxdur? Bu nə qədər məntiqə uyğundur?"

N. Qasımov təhlükəsizlik qaydalarına da əhalinin səhlənkar yanaşdığını vurğulayıb: "4 gözlü plitənin üstünə ütü, köhnə dəmir, kərpic qoyurlar. Cihazlar da düzgün işləmir. 1 kubmetr qazın yanması üçün cihazda 9,5 kubmetr hava qarışığı olmalıdır. Bu proporsiya gözlənilməyəndə iki karbon qarışığı ayrılır. Karbon monoksiddən otağa 0,1 faiz dəm qazı yığılarsa, artıq 7 dəqiqə ilə 30 dəqiqə arasında otaqda kim nəfəs alırsa, zəhərlənmə baş verir.

Sobanı gecə yanılı qoyub yatırlar? Külək əsir, qazı keçirdir, tüstü bacası da düzgün işləməyəndə qazı otağa doldurur.

Hamamda da cihazı düzgün quraşdırmırlar. Hamı nəzarət edir, ancaq iş görən yoxdur. Hamamın hündürlüyü 2 metr 20 sm olmalıdır. Qapısı bayıra açılmalıdır. Qapının aşağısında deşiklər olmalıdır ki, təmiz hava daxil olub yanma prosesinə kömək etsin. Çimən adamlarda astma, ürək-damar pozğunluğu olarsa, həmin şəxslər dəm qazında daha tez boğulurlar.

Evlərdə qanunsuz o qədər işlər görüblər ki, qaz işçilərini də evə daxil olmağa qoymurlar. Rezin, plastik borularla qaz çəkirlər. Qazanı qazın üstünə qoyub seriala baxırlar, qonşularla danışırlar, telefon oynadırlar. Qazı heç bir halda nəzarətsiz qoymaq olmaz. Qaz onun standartlarına hörmət etməyib pozanları sərt şəkildə cəzalandırır".

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə görülən işlər barəsində yalnız rəsmi sorğu göndəriləcəyi halda məlumat veriləcəyini bildirib...

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR