Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Danışır və göstərir Bakı Dövlət Universiteti!" - REPORTAJ

"Danışır və göstərir Bakı Dövlət Universiteti!" - REPORTAJ

Date: 25 October 2016 14:29

Bu görüntülər Bakı Dövlət Universitetində bu ilin aprel ayının 19-dan etibarən fəaliyyətə başlayan radio-televiziya studiyasındandır. APA TV-nin məlumatına görə, universitet rəhbərliyinin təşəbbüsü, eləcə də bu ali təhsil ocağının bir qrup tələbə-müəllim heyətinin bilavasitə iştirakı ilə yaradılan studiyada hələlik radionun yayımı həyata keçirilir.
 
Texniki baxımdan müasir avadanlıq və vasitələrlə təchiz olunan radio-televiziya studiyasında tələbələrdə həm texniki, həm də yaradıcılıq vərdişlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb.
 
Teleradio studiyasının otaqları istər televiziya, istərsə də radio kanalları üçün müasir cihazların istehsalı üzrə ixtisaslaşmış şirkətlərin ən son yayım avadanlıqları, işıqlandırma sistemləri, eləcə də keyfiyyətli səs və yayım siqnalının əldə olunması məqsədilə zəruri texniki avadanlıqlarla təchiz olunub.
 
Çəkilişdə olduğumuz zaman radionun əməkdaşları sabah yayımlanacaq verilişlərin planını müzakirə edir, efirə hazırlaşırdılar. Onları bir neçə dəqiqəlik də olsa, iş prosesindən ayırmaq qərarına gəlirik. Bir radionu səhər proqramı olmadan təsəvvür etmək mümkün deyil. Universitet tələbələrinin səhərini daha da rəngarəng edən əyləncəli və informativ "Tələbə səhəri" proqramının aparıcılarından biri Əfsanə Salehova radioya olan marağından danışır: "Burada layihə qəbulu başlanan kimi mən də öz verilişimi təqdim elədim ki, mənim də layihəm var və istəyirəm məhz səhər verilişi aparam. Layihəmi qəbul elədilər. Hər zaman magistrlərin, müəllimlərimin yanında oluram, onlardan öyrənirəm. Günün əsas hissəsini burada keçirirəm ki, həm yaxşı öyrənim, həm də özümü daha da təkmilləşdirim".
 
Fidan Baxışlı Tarix fakültəsinin tələbəsi olsa da, radio sahəsinə olan marağı yolunu məhz buradan salıb. İndi o, tələbələrin görüşünə hər dəfə rəngarəng mövzuları və maraqlı qonaqları ilə zəngin olan "Freestyle" verilişi ilə gəlir: "Radioda indi "Freestyle" verilişinin həm ssenari müəllifi, həm də aparıcısıyam. Radionu çox sevirəm. Gələcəkdə magistr pilləsinə radio jurnalistikası üzrə qəbul olmaq istəyirəm".
 
Televiziya və radio sahələrinin hər biri ayrı-ayrılıqda mürəkkəb bir sistem olduğundan, onun uğurlu fəaliyyətini təmin etmək üçün ekran və ya mikrofon qarşısındakı  insanlarla yanaşı, özü kölgədə, işi göz önündə olanların da zəhməti böyükdür. Radioda texniki rejissorun funksiyalarını yerinə yetirən Cavid Abbaslı Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsidir. Eyni zamanda televiziya və radionun efirə yayımına texniki nəzarəti öz üzərinə götürüb. Öz təbirincə desək, işi son dərəcə məsuliyyətlidir: "Bizə bu işi Türkiyədən gəlmiş mütəxəssislər öyrətdilər. Daha sonra biz Türkiyəyə iyirmi günlük praktikaya getdik. Orada bizə praktik məlumatlar verdilər və biz döndükdən sonra artıq bu studiyanı tam şəkildə idarə etməyə başladıq".
 
Universitetin televiziyası işə başladıqdan sonra onun yayımı bu otaqdan idarə olunacaq. Hələlik isə burada fəaliyyət göstərəcək əməkdaşlar efir və səs avadanlıqları ilə sərbəst işləmə bacarıqlarını təkmilləşdirirlər. Bu bacarıqların onlara universiteti bitirdikdən sonrakı fəaliyyətləri dövründə son dərəcə faydalı olacağı şübhəsizdir: "10 gün müddətində televiziyamız fəaliyyətə başlayacaq. Bunun üçün artıq televiziyada yayımlanacaq proqramlar hazırlanır. Onları hazırlayırıq. Radiomuz artıq demək olar ki, 24 saat fəaliyyət göstərir. Orada müxtəlif səpkilərdə verilişlər gedir".
 
Əgər televiziyada səs və görüntü önəm daşıyırsa, radionun dinləyicilərə ötürdüyü informasiyanın əsas vasitəsi yalnız səsdir. Bakı Dövlət Universiteti radiosunda səsin yüksək keyfiyyətlə efirə yayımlanmasına Cavid Babazadə nəzarət edir: "Digər radiolardan heç də geridə qalmayan yayım həyata keçiririk. Baxmayaraq ki, onlayn  radiodur, amma FM dalğasında peşəkar yayım həyata keçirmək üçün bütün potensialımız var".
 
Yekunda Bakı Dövlət Universitetinin Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri, filologiya elmləri namizədi Aynur Kərimovanın fikirlərini öyrənirik: "Bakı Dövlət Universitetinin televiziya və radio studiyasının yaradılması biz kommunikasiya və jurnalistlər üçün çox böyük bir arzu idi. Üç il idi bu layihənin üzərində işlər aparılırdı. Əsas ideyamız tələbələrin jurnalistə lazım olan vərdişləri özünün qazanmasıdır. Bizim kompleksdə xüsusi işçilər yoxdur. Onlar hamısı bizim bakalavr və magistrlarımızdır".
 
Kafedra müdiri yaxın gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsinin planda olduğunu da bildirir: "Təbii, biz yayıma başlamaq istəyirik, təbii ki, biz bunu gələcəkdə daha geniş auditoriyaya çatdırmaq istəyirik. Çünki yayım mediası ortamında məhz tələbələrə yönəlmiş bir kanalın olması böyük avantajdır. Bizim başqa televiziyalardan fərqimiz odur ki, biz elm, təhsil, tədris proseslərini hədəf kimi götürürük".

Tags:  Danışır göstərir Bakı Dövlət Universiteti REPORTAJ


RƏYLƏR


Top news