Maksim Medvedev Rusiya mətbuatına "Qarabağ"dan danışdı - MÜSAHİBƏ

Maksim Medvedev Rusiya mətbuatına "Qarabağ"dan danışdı - MÜSAHİBƏ
14:43 25 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Rusiya mətbuatına müsahibə verib.

Publika.az xəbər verir ki, millimizin müdafiəçisi Rusiyanın "sports.ru" saytına müsahibəsində futbola gəlişi, şəxsi həyatı və "Qarabağ" barədə danışıb. Həmin müsahibəni ixtisarla təqdim edirik:

- Necə olub ki, siz Bakıda anadan olmusuz?
- Sovet dönəmində babam Nijni Novqoroddan hərbi xidmətə Bakıya gəlib. O, burda azərbaycanlı-gürcü kökə malik nənəmlə tanış olub. Elə bu üzdən də hərbi xidmətini başa vurandan sonra burada qalmağa qərar verib. Beləcə, Bakıda Medvedevlər nəsli inkişaf etməyə başlayıb. Mənim uşaqlarım artıq dördüncü nəsil bakılı sayılırlar.

- Ailəndə sənin futbol oynamağını dəstəkləyirdilər?
- Xeyr. Valideynlərim bunun qəti əleyhinə idilər. Onlara görə futbol xuliqanların məşğuliyyəti idi. Amma elə uşaqlıqdan pul qazanmağa başladığımı görüncə təəccüblənməyə başladılar. Anam düşünürdü ki, necə olur 10-cu sinifə gedən uşaq futbol oynamaqla pul qazanır? Hətta əvvəlcə bu pulu futbol oynamaqla qazandığıma inanmadı. Lakin adımın qəzet səhifələrində yer aldığını görəndən sonra başa düşdü ki, mən onları aldatmıram (gülür).

- "Qarabağ"da 16 yaşında debüt etmisən. Böyük futbola uyğunlaşmaq sənin üçün nə dərəcədə çətin oldu?
- Öncə çətin idi. Amma zamanla lazım olan təcrübəni əldə edirsən və daha inamlı oynamağa başlayırsan. O vaxt mənə təcrübəli komanda yoldaşlarımın çox köməyi dəydi. Ona görə də indi komandamıza yeni, gənc oyunçular gələndə onları dəstəkləməyə, məsləhətlər verməyə çalışıram.

- "Qarabağ"da aldığın ilk maaş nə qədər olmuşdu?
- Xatırladığım qədəriylə, ilk dəfə 50 dollar almışdım.

- Nəyə xərclədiyin yadındadı?
- Xüsusi nəyəsə xərcləmədim. 10-unu özümə saxladım, 10-unu bacıma verdim, 30-unu da anama.

- İlk avtomobilini neçə yaşında almısan?
- O vaxt 19 yaşım var idi. Özümə 3-cü seriya BMW aldım. Amma həmin avtomobil qəza nəticəsində əzildi. Albaniyaya toplanışa getmişdik. İki gün sonra köhnə dostum, klub yoldaşım MMS göndərdi ki, maşın bu haldadı. Əsas odu ki, özünə heç nə olmamışdı. Hər halda dostların can sağlığı daha önəmlidi.

- Həddən artıq tez ailə qurmusan...
- Bəli, elə alındı. Azərbaycan yığmasında futbolla məşğul olan bir qızla tanış oldum. 20 yaşım var idi. Olya ilə bir-birimizi çox tez tanıdıq, dostlaşdıq və evlənməyə qərar verdik. O, ailə naminə karyerasını qurban verdi. Amma etiraf etmək lazımdı ki, Azərbaycanda qadın futbolu onsuz da yaxşı vəziyyətdə deyil.

- 25 yaşında artıq üçüncü övladın anadan olub!
- Sadəcə, Bakıda işıqları tez-tez söndürürlər (gülür). Amma ciddi olsaq, buna çox sevinirəm. Çünki həyat yoldaşımı və uşaqlarımı sevirəm, onlar üçün mənim diqqətimin nə qədər önəmli olduğunu anlayıram. Yığma ilə, avrokuboklara görə tez-tez səfərlərdə oluram. Həftədə iki oyunumuz olur. Ona görə də boş vaxtımı ancaq ailəmlə keçirməyə çalışıram.

- İki oğlun, bir qızın var. Onlardan hansınısa futbolçu görürsən?
- Böyük oğlum artıq futbolla məşğul olmağa başlayıb. Cəmi 5 yaşı var, amma futbol oynamaq üçün alışıb-yanır.

- İstedad görünür?
- İstedad var, amma əsas istəkdi. Çünki qalanlarını məşq etməklə də qazanmaq olar. Amma kiçik oğlum ancaq dalaşmağı bacarır. Onu təkbətək idman növlərindən birinə qoyacağam. Amma illər keçdikcə onda da futbola maraq oyana bilər.

- Azərbaycan çempionatında rəqabət hansı səviyyədədi?
- Çempionatımız inkişaf edir. Tədricən buraya daha yüksək səviyyəli legionerlər gəlməyə başlayıb. Avrokuboklardakı nəticələrimiz də bu inkişafın bir göstəricisi sayıla bilər.

- Səncə, "Qarabağ" Rusiya çempionatında neçənci yeri tutardı?
- İlk altılıqda yer ala bilərdi. Avrokuboklardakı çıxışımıza əsasən deyə bilərəm ki, komandamız istənilən rəqiblə oynaya bilər. "Qarabağ"ın Rusiya çempionatında neçənci yeri tutacağını görmək mənə də maraqlı olardı.

- "Qarabağ" Azərbaycan üçün nə deməkdi?
- Klubumuz Azərbaycanda çox populyardı. Avropada yaxşı nəticələrə imza ata bildik. Buna görə avrokubok matçlarında bir qayda olaraq, dolu tribunalar qarşısında oynayırıq. Azərbaycanda bizi sevirlər, hörmət edirlər. Biz özümüz də bunu hiss edirik.

- Klubunuzun büdcəsi necədi?
- Büdcəmizin nə qədər olduğunu dəqiq deyə bilmərəm. Çünki bundan xəbərim yoxdu. Amma mətbuatda yayılan məlumatlara görə, 10-12 milyon aralığındadı.

- Klubunuzun prezidenti kimdi?
- Abdulbari Gözəl, türkiyəlidi. Amma klubu onun oğlu Tahir Gözəl idarə edir. O, futbolu, futbolçuları çox sevir. Bizə, baş məşqçimizə tam güvənir. Elə buna görədi ki, komandanın işlərinə qətiyyən qarışmır.

- Artıq üç ildi Avropa arenalarında çıxış edirsiniz. İddialarınız nədən ibarətdi?
- İddialarımız böyükdü. Əlbəttə, indi Avroliqanın yox, Çempionlar Liqasının qrup mərhələsində oynamaq istərdik. Komandamız hər il daha da inkişaf edir.

- Kənardan çox mehriban kollektiviniz olduğu görünür...
- Doğrudan da elədi. Bir komandada legionerlərlə yerli futbolçuların bu dərəcədə birlik nümayiş etdirməsi böyük təsadüfdü. Hesab edirəm ki, komandada qruplaşmanın olmaması böyük amildi. Hamının bir-birinə hörmət etməsi, mehriban münasibəti klubun nəticələrinə də müsbət təsir göstərir.

- Qurban Qurbanov 8 ildən çoxdu klubunuzda çalışır. Demək olar ki, səni də peşəkar futbolçu kimi məhz o yetişdirib?
- Məni 19 yaşımdan Qurbanov çalışdırır. Onun sayəsində çox şey öyrənmişəm. Məsləhətlərinə çox qulaq asmışam. Karyeramın uğurlu alınmasında onun böyük rolu var.

- Onu sərt məşqçi saymaq olar?
- Deyərdim ki, bəli, sərt, amma ədalətli məşqçidir. Komandada intizamı sevir. Məşqlərdə zarafatı qəbul etmir. Futbolçunun öz işinə peşəkar və ciddi yanaşmasından xoşu gəlir. Cəzalandırdığı vaxtlar da olur, amma lazım gələndə dəstəkləyir də.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR