Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Binaya elə bil benzin tökülmüşdü"

"Binaya elə bil benzin tökülmüşdü"

Date: 25 October 2016 14:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi il keçirilən prosesdə zərərçəkmiş İslam Aslanov, şahidlər Gündüz Abbasovla Hidayət Süleymanov ifadə veriblər.

İ.Aslanov bildirib ki, hadisə günü evdə olub: "Yanğın günü evdə oturmuşduq. Yoldaşım çöldən səs gəldiyini dedi. Pəncərəyə yaxınlaşanda həyətdə hər kəsin toplaşdığını və binanın yandığını gördüm. Sonra aşağı qaçdıq. Binaya elə bil benzin tökülmüşdü. Yanğın hər yana yayılırdı. Evdə olan hər şey yandı".

Şahid G.Abbasov ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən F.Sadıqovu tanıyır: "Mən zavoda işə sinif yoldaşım İlham müəllimin dəvəti ilə gəlmişəm. Fərid Sadıqovu da həmin zaman orada İlham müəllimin yanında görmüşəm. Zavodun mühasibat işlərində köməklik etmişəm".

Hakim G.Abbasovun ilkin ifadəsini elan edib. H.Süleymanov da təqsirləndirilən şəxslərdən F.Sadıqovu tanıdığını bildirib. Onun sözlərinə görə, zavodun tikintisi 3 il ərzində baş tutub: "Mən zavodda texniki işlərin görülməsi ilə məşğul olmuşam. Zavodun istehsal etdikləri məhsullar ilə əlaqəm yox idi. Bu, mənim işim deyildi. Həmin zavodda çalışan zaman ora rəhbərlik edənin Mamed müəllim olduğunu bilirdim. Mərhum Nüsrət Muxtarov isə tikinti işləri üzrə müavin vəzifəsində çalışırdı".

Sonra hakim bildirib ki, təqsirləndirilən mərhum N.Muxtarovun nümayəndəsi olan oğlu Asif Muxtarov hərbi xidmətə gedib: "Bundan sonra mərhumun nümayəndəsi N.Muxtarovun qardaşı Elşən Muxtarov olacaq".

Proses noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edib yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, ötən ay Bakı İstintaq Təcridxanasında saxlanılan N.Muxtarov orada vəfat edib.

Milli.Az


Tags:  Binaya bil benzin tökülmüşdü

RƏYLƏR


Top news