Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mənim kimi qadına "eləmə" demək olmaz..." - FOTO

"Mənim kimi qadına "eləmə" demək olmaz..." - FOTO

Date: 25 October 2016 15:42

Milli.Az teleaparıcı Lalə Azərtaş-ın qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Azərbaycanda ilk dəfə ATV telekanalı xəbər aparıcısının səlis nitqi ilə yanaşı vizual görünüşünə önəm verməyə başladı. Demək olar, seçilən bütün teleaparıcılar gözəl xanımlar idi. Onlardan biri də sizsiniz. Üzünüzə, yoxsa sözünüzə daha çox güvənirsiz?

- ATV tamaşaçının nəbzini tutdu. Xəbəri gözəl təqdim etmək olar, ancaq vizual baxım sıfıra bərabərdirsə, yəqin ki, tamaşaçılar bir-iki dəfə baxıb kanalı çevirəcəklər. Gözəllik onları valeh edirsə, ancaq istədiyi xəbəri aparıcıdan ala bilmirsə, yenə eyni hal baş verəcək. Vəhdət təşkil etmək lazımdır. Mən demirəm ki, çox gözəl qadınam. Ancaq düşünürəm ki, ikisi də vəhdət təşkil etdiyi üçün tamaşaçı məni qəbul etdi.

- Xəbər aparıcıları tez-tez nitq qüsurlarına görə tənqid olunurlar. Hətta MTRŞ kitabça hazırlayaraq səhvə yol verən teleaparıcıların siyahısını təqdim etmişdi. Sizin adınız həmin siyahıda olub?

- Az müddət deyil ki, efirdəyəm. Bu zaman ərzində həmin kitabı məsuliyyətli və həyəcanlı şəkildə vərəqləmişəm. Təbii ki, bu müddət ərzində adımı bir dəfə siyahıda görmüşəm, qəribə hisslər keçirmişəm. Dəqiqləşdirdik, anlaşılmazlıq olmuşdu. Yazılışla deyiliş arasında səhv olmuşdu, hərf qulağa zəif dəymişdi. Bəlkə də, mənim səhvim olub. Həmin gündən etibarən o sözü işlədəndə diqqət etməyə çalışdım. Əslində, aparıcılar üçün bu kitabça gözəl bir şeydir. Adımı çox görməmişəm, ona görə də xüsusi sevincliyəm. Bir dəfə oldu, öz üzərimdə işlədim, çalışdım ki, problemi aradan qaldırım.

- BCC, CNN kimi kanalların xəbər aparıcıları brend olur, öz statuslarını qoruyurlar. Azərbaycanda isə xanım aparıcılar şampun və və digər reklamlara çəkilirlər. Aydındır ki, əsas səbəb maliyyədir. Mənə maraqlıdır, 5-10 min manata görə neçə illərdir yığdığınız statusu reklamda xərcləmək olar?

- Xeyr, bu, mənim öz fikrimdir. Bunu edən həmkarlarımı qınamıram, onların səhv etdiklərini düşünmürəm. Ancaq "heç vaxt, heç vaxt" demə məsəlini də qeyd etmək istəyirəm. Zaman və şərait buna məcbur edə bilər. Özüm belə şeyin tərəfdarı deyiləm. Mənə zamanında təkliflər olunub, ancaq qəbul etməmişəm. Cəmi bir reklam çarxında yer almışam. Bank reklamında ciddi bir obrazı canlandırmışam. Bu səbəbdən razılıq vermişəm. Bu gün seriallardan dəvətlər alıram. Əslində niyə də yox? Çəkilə bilərəm. Ancaq bir xəbər aparıcısı kimi özümü seriallarda görmürəm. Aparıcı dediyin şəxs istədiyin axara düşə bilər. Onların peşəsi budur.

Bir də xəbər aparıcıları xəbər aparsa, yaxşıdır. Bu mənim şəxsi düşüncəmdir. İki il öncə "ATV səhər" verilişini aparırdıq. İnsanlar günə pozitiv başlasın deyə danışırdıq, gülürdük. Özümü sınadım, pis də alınmadı. Bu günün özündə məni ordakı obrazım kimi xatırlayan da var. Oturub düşündük, səhər deyib-gülürük, axşam isə xəbərləri aparırıq. Mən düşünmədən xəbəri seçdim. Xəbər aparıcısı sosial, şou və başqa sahələri idarə edə bilər. Ancaq sadaladığım mövzuda veriliş aparan şəxslər xəbərləri apara bilməzlər.

Mən "aparmayacağam" demirəm. Mən özümü hələ ki, xəbərdə görürəm. Zamanında özümü şouda görürdüm, indi isə özümü o sahədə görmürəm. Əyləncə sözünün yanında maarifləndirici də olmalıdır, onlar varsa, həmin verilişi apara bilərəm.

- Xəbər aparıcılarının özləri də maraqlıdır ki, medianın gündəmində olsunlar. Dəfələrlə jurnalistlərdən xahiş ediblər ki, onlar haqqında yazsınlar, foto-layihələrini saytlarında yerləşdirsinlər. Sizdə necə? Düzdü, siz məndən belə bir şey xahiş etməmisiz, bəs kimdənsə etmisiz?

- Mən buna ehtiyac duymuram. Bəlkə də, onlar daha çox tanınmaq istəyirlər, özlərini bu sahədə təsdiqləyə bilməyiblər. Belə vasitələrdən istifadə edərək özlərini təsdiqləmək istəyirlər. Yenə deyirəm, şounu hər kəs apara bilər. Ancaq xəbərin məsuliyyətini dərk etmək lazımdır. Mən əylənərək istədiyim xəbəri ötürə bilərəm. Ancaq düşünmək lazımdır ki, xəbərlərə kimlər baxır?

Məmurlar, millət vəkilləri, rəhbər şəxslər, ucqar bir bölgədə bizi izləyən nənə və babalar... Mən xəbəri elə təqdim etməliyəm ki, hər kəs mənə inansın. Özünü bu yolda tapmayanlar məcbur qalıb siz dediyiniz üsullara əl atırlar. Fikirləşirəm ki, düzgün seçim etmədiklərinə görə belə reklamlardan istifadə edirlər. Xəbər aparıcısının fərqi onun az görünməyindən irəli gəlir. Xəbər aparıcılarını şouda görənlər onlara inanmayacaqlar. Ona görə də heç bir jurnalistə müraciət etmirəm, mənə müraciət edənləri də geri çevirmirəm (gülür).

- Ötən il prezidentin fəxri diplomuna layiq görülmüsüz. Gənc yaşınızda mükafat almaq necə bir hissdir?

- Siz məni bir il öncəsinə qaytardız. İlk dəfə həmkarlarım telefonla mənə xəbər verdi ki, biz də mükafatlandırılmışıq. Birinci inanmadım, sosial şəbəkədə siyahı ilə tanış oldum, adımı gördüm. O hissləri yaşamaq lazımdır. Mən həmişə deyirəm ki, nə xoş bizə ki, müstəqi Azərbaycanın gəncləriyik. Prezident mətbuata xüsusi diqqət ayırır və bu diqqətdən sonra üzərimizə böyük məsuliyyət düşür. Sevindim, ancaq arxayınlaşmadım. O ad məni bütün sahələrdə məsuliyyətli olmağa vadar edir.

Mən sizə bir söz deyim, xəbər mühiti məni elə çərçivəyə saldı ki, şəxsi həyatıma, davranışlarıma sirayət elədi. Azadlığı sevənəm, özümə qadağa qoymuram, amma bəzi çərçivələrim var. Xəbər, xəbərin mövzusu, xəbərçi cildinə girmək şıltaq Laləni çərçivəyə saldı. Mükafat məsuliyyətimi birə min artırdı. Bütün həmkarlarıma belə bir diqqət arzu edirəm.

- ATV-nin ilk xanım xəbər aparıcısı siz olmusuz? Efirə çıxmağınızı necə xatırlayırsız?

- Doğrudur. Həmin axtlar ATV yeni açılmışdı. İstəyirdilər ki, "Xəbərlər" proqramı açsınlar. Bundan əvvəl isə mənə şou verilişi aparmağı təklif etdilər. Mən də razılaşmışdım, bu sahədə işləyirdik. Rəhbərlikdən təklif gəldi ki, xəbərlər proqramı açılır, bəlkə, aparıcı olasan? Ürəyimcə idi, valideynlərimdən məsləhət almaq istədim. Bu gün də onlarla məsləhətləşirəm. Evə getdim, onlara məsələni başa saldım. Razılaşdıq, təklifi qəbul etdim. Əlbəttə, o vaxtlar kastinqlər elan edildi. Neçə-neçə insanlar gəlib-getdilər. Həyəcanlı idik, mübarizə aparmalı idik. Seçildik və kanalda qaldıq. Efir başladı, baş redaktor yaxınlaşıb dedi ki, Lalə, sən narahat olma, hər şey yaxşı olacaq.

Mən də cavab verdim ki, siz narahat olmayın, sevdiyim iş və məkandayam. Əslində başqa sahələrdə çalışa bilərəm. Düzdü, zaman keçdikcə insanların fikri dəyişir, əvvəllər deyirdim ki, TV xanımı 40 yaşına görə sevər. Dediyim vizual görüntünü nəzərdə tuturam. 40 yaşdan sonra yəqin ki, yolumu ayırmalı olacağımı düşünürdüm. Şərqiyyə xanımın bir sözü var. Televiziya elə bir bataqlıqdır ki, insan batqıdca batmaq istəyir. TV-də qalmağa dəyər. Hər gün saat 20:30-da hazırlaşanda düşünürəm ki, bu mənim ilk və son efirimdir. Tam məsuliyyətimlə xəbəri aparıram. Rəhbərimiz Vüqar Qaradağlı alimdir, müəllimdir. Dili mükəmməl bildiyindən hansısa sözü səhv tələffüz etmək kimi qüsurumuz ola bilməz. İşimi çox sevirəm, sevgim bura məni daha çox bağlayır.

- Geyiminiz və danışıq üslubunuz, jestlərinizlə xəbər aparıcıları arasında fərqlənirsiz. Sadaladıqlarıma görə, tənqid olunmursuz? Buna əvvəlki nəslin diktor nümayəndlərini misal çəkə bilərəm. Onlar sizə iradlarını bildirirlər?

- Xəbər müəyyən çərçivəni sevir, onlardan çıxmaq olmaz. Ancaq çərçivə daxilində yenilik edə bilərsiz. Qəbul edilən yenilik etmək lazımdır. Xəbər geyimi elədir ki, onu dəyişsəndə yenə də rəsmilik qalır. Mənim fərqim odur ki, broş və digər aksessuarlardan istifadə edirəm. Çalışıram ki, fərqli rənglərdən istifadə edim, tamaşaçının gözünü yormayım. Əl-qol hərəkətlərini qəbul etməyənlər də var idi. Əvvəllər diktorlar olub. Onlara mətn yazılır, təqim olunurdu. Aparıcı isə danışan rolu oynayırdı. İndi isə biz xəbərin müəllifiyik. Xəbərlər mənimdir, mənimsəmişəm. Burada mən emosiyamı, jestimi qədərində verirəm. Mən nənə-babalara xəbəri istədiyim kimi ötürməliyəm ki, onlarda qavraya bilsinlər. Xəbəri tamaşaçı eşitmək istədiyi kimi təqdim edirik. Biz səmimiyyəti yaratmaq üçün çalışırıq.

- Hətta, şəhid xəbərini oxuyan zaman göz yaşlarınızı saxlaya bilmədiz. Sizcə, aparıcı emosiyasına sahib çıxmalıdır?

- Əslində, o dərəcə aparıcının hissini ortaya qoymaq olmaz. Amma mən də bir insanam, həmin vaxtı itki vermişdim. Gənc dayımı itirmişdim, yaralı idim. İtkinin nə olduğunu yeni qavramışdım, heç kəsə belə şey arzulamırdım. Xəbəri hazırlayarkən dedim ki, bəlkə, xəbəri bu başlıqla başlamayım? Mənə çox təsir edirdi. Biz məktubla başlayası olduq. Canlı efirdi, heç nəyi gizlətmək olmur. Hadisəni elə bil ki, yaşadım. İmranın Arzusuna yazdığı məktub idi. Mənimlə birgə kamera arxasındakı əməkdaşlarımız da ağladı. Həmişə deyirəm ki, Azərbaycan oğlunun uğurunu necə qürur hissi keçirmədən oxuya bilərəm? Şəhidimin xəbərini üzüntü keçirmədən səsləndirə bilərəm? Bəzi nüanslar var ki, orada mütləq emosiya öz sözünü deyir.

Mümkün deyil, məndə bunsuz alınmayacaq, danışan robort olacam. Mən şəhid xəbəri oxuyanda səs tembrim dəyişir, MN-nin bəyanatını oxuyan zaman özümdən asılı olmayaq çağırış xarakterli xəbər oxuyuram. Yadımdadır, o vaxtlar keçmiş zabitlərdən biri xəbər oxuyan zamanı ekran qarşısında şəkil çəkdirmişdi, "hazırıq" deyib mənə yollamışdı. Yenə deyirəm, mənim kimi bir qadına "eləmə" demək olmaz.

- Xəbərlər sizə təqdim olan zaman dost və ya rəfiqələrinizin xoş və ya bəd xəbərləri ilə rastlaşmısız?

- Belə şey olmayıb. Çox yaxşı sualdır. Mən adları diqqətlə oxuyuram. Ola bilər ki, həmin an bölgələrə səfər edən yaxınlarım ola bilər. Maşının markası tanış olan zaman həyəcan keçirirəm, qorxulu şəkildə ad soyadı oxuyuram.

- Həmkarlarınızdan fərqli olaraq ailənizi, övladlarınızı gündəmə gətirmirsiz. Səhv etmirəmsə, iki qızınız var. Belə addım atmağınızın səbəbi nədir?

- Bu mənim şəxsi işimdir. Xüsusilə ailə məsələləri qabardılmamalıdır. Məni öz işlərimlə tanıyırlar. Övladımı gündəmə gətirməyə ehtiyac duymuram. İndi missiyam odur ki, vətənə layiqli övlad yetişdirim. Sabahkı gün onlar öz sözlərini deyə bilsinlər. Mən onların reklamı ilə məşğul olmaq istəmirəm. Birinin 10, digərinin isə 7 yaşı var. Mən həmişə sosial şəbəkələrdə ailə şəkilləri paylaşanda yazıram ki, ölkəyə layiqli övlad yetişdirirəm. Deyirlər ki, qadın? Aslanın erkəyi və dişisi olmaz.

Bizim evdə Azərbaycanın himni səslənir, hamı ayaüstdə durur, əlləri ürəklərində mahnını ifa edirlər. Özüm patriot olduğum üçün övladlarımı da bu ruhda böyüdürəm. Bu gün özümü onların təhsilinə ayırmışam. Ata-ananın övladlarına verdiyi ən böyük miras təhsilidir. Cəmiyyətə faydalı övlad yetişdirək. Müəllimlə valideynlər əlbir olmalıdır. Bəzən tədbirlərə, öz kanalımızın layihələrinə bir gedirik, amma başqa reklam xarakterli şeylərə ehtiyac duymuram.

- Bayaq qeyd etdiz ki, qadağaları sevmirsiz. Bəs qızlarınıza necə? Qadağalar qoyursuz?

- Buna qadağa yox, nəzarət deyək. Müəyyən yaşa kimi qadağa olmalıdır. Ancaq o yaşdan sonra qadağanı istəsən də qoya bilmirsən. Mən uşaqların tərbiyəsini anamla birgə verirəm. Anamın məsləhətinə ehtiyac duyuram. Yəni, anama söyləyirəm ki, uşağa necə deyim ki, onlar qavrasınlar və mən nəticəni görüm. Desəm ki, "heç qadağa qoymuram", bu, yalan olar.

- Bir qadın üçün tək övlad böyütmək çətin deyil?

- Mən şansım onda gətirib ki, gözəl və qan bağı güclü olan bir ailəm var. Zəncir kimi bir-birimizə sarılırıq, istənilən işdə bir arada oluruq. Dediyiniz övlad məsələsinə toxunum. Bizim problemimiz varsa, həmin problemi hamı bir araya gələrək həll etməyə çalışır.

- Özünüzü güclü qadın hesab edirsiz?

- Gücsüz qadın yoxdur. Qadınlar doğuşdan güclü olur. Qadın ana ola bilirsə, o heç vaxt gücsüz ola bilməz. Zamanın çətinliyinə əyilən qadınlar var, onları qınamıram. Deyirəm ki, müəyyən boşluqlardan sonra özümüzü toparlaya bilək. Çünki, qadının baracara bilməyəcəyi heç nə yoxdur. Bəzən qadınların fəlakət olduğunu düşünürəm. Gözəl qadınlar isə dəhşətli fəlakətdir. Mən yıxılmaqdan qorxmuram, yıxılmasam və bir dəfə ayağa qalxmasam heç bir hədəfə çatmayacam. Qadınlardan da belə addım atmaqlarını istəyirəm. Yeri gələcək yıxılacaqsan, uduzacaqsan, sonda qalib olacaqsan. Mənim üçün həyatda hər şeyin iki açarı var- Səbir və sevgi. Bu ikisinə malik olmaq lazımdır. Yetər ki, tələskənlik və məcburiyyət olmasın. Əsəbini bir kənara qoyacaqsan. Əsəblə qalxan zərərlə oturar. Həqiqətən bu məsələ doğrudur. Yıxılmısansa, dur, yoluna davam elə. Belə etməsən elə yerindəcə qalacaqsan.

Görüntüdə güclü olan xanımlar var. Ancaq bütün insanların "mən"i var. Gecə evə gedirik, çarpayıya uzanıb hər birimiz "mən"lə tək qalırıq. Mən "mənim"lə söhbət edəndə zərif olduğumu düşünürəm. Bəzən bir xoş sözə, adi bir yaxşı addıma ehtiyacı olan biriyəm. Heç bir xanımın bəysiz gözəlliyi yoxdur. Xına mərasimlərinə gedirik, gəlini tək görürük. Daha sonra toya gedirik. Elə gəlinin yanında bəyi görürük. Qadının yaraşığı bəydə, bəyin yaraşığı da xanımdadır. Bütün bəylərimizə deyirəm ki, xanımları ovuclarının içində saxlasınlar. Bütün qadınların içində zəriflik yatır, onu yalnız sevdiyi bəylər görə bilər. Sevək, sevilək və dünyanı xilas edək. İnanıram ki, dünyanı gözəllik yox, sevgi xilas edək.

Milli.Az








Tags:  Mənim qadına eləmə olmaz FOTO

RƏYLƏR


Top news