Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şöbə müdiri: "Son 30 ildə Azərbaycanda insanlar arasında taun xəstəliyi aşkar olunmayıb"

Şöbə müdiri: "Son 30 ildə Azərbaycanda insanlar arasında taun xəstəliyi aşkar olunmayıb"

Date: 25 October 2016 16:02

Tbilisi. 25 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində XXII Beynəlxalq Yersiniya Simpoziumu keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdirləri Rita İsmayılova, Səbinə İbrahimova və Respublika Baytarlıq Laboratoriyasının şöbə müdiri Ayxan Yusifov iştirak ediblər.
Tədbirdə əsasən taun əleyhinə və digər yersiniya xəstəliklərinə qarşı müxtəlif ölkələrdə hazırlanan layihələr, həyata keçirilən islahatlar, təkmilləşdirilmiş laborator layihələr və epidemiloji vəziyyətə dair məruzələr dinlənilib, təcrübə mübadiləsi aparılıb.
Azərbaycanlı mütəxəssislər ölkəmizdə tauna və yersiniya xəstəliklərinə qarşı mübarizə ilə bağlı görülən işlərdən danışıblar.
Rita İsmayılova “Report”a müsahibəsində deyib: “Taun xəstəliyi əsasən XIX əsrin bəlası hesab olunur. Lakin əfsuslar olsun ki, bu xəstəlik bu gün də öz aktuallığını itirmir. Müxtəlif ölkələr hələ də bu xəstəlikdən ciddi əziyyət çəkirlər”. 
Onun sözlərinə görə, Azərbaycanda vəziyyət ciddi xarakter daşımır və insanlar üçün təhlükə yoxdur: “Səhiyyə Nazirliyi ölkə ərazisində aşkar olunan taun ocaqlarında mütəmadi müayinələr aparır. Həmin zonalar ciddi nəzarət altındadır. Bunun müsbət nəticəsidir ki, son 30 ildə Azərbaycanda insanlar arasında taun xəstəliyi aşkar olunmayıb”.
R.İsmayılova bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri bu simpoziumda ölkəmizdə taun və digər xəstəliklərlə mübarizə sahəsində görülən işlər barədə məlumat veriblər. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində taun xəstəliyi ilə əlaqədar həşəratlarda, xüsusən də birələrdə müayinələrin aparılması, yersiniya enterekolitika növünün və heyvanlarda yersiniya növlərinin müayinəsi ilə əlaqədar üç təqdimatla çıxış ediblər.
Azərbaycanlı mütəxəssislərin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.




Tags:  Şöbə müdiri Son 30 ildə Azərbaycanda insanlar arasında taun xəstəliyi aşkar olunmayıb

RƏYLƏR


Top news