Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda çay evində həmyerlisini öldürən şəxsin məhkəməsində polis əməkdaşı ifadə verib

Bakıda çay evində həmyerlisini öldürən şəxsin məhkəməsində polis əməkdaşı ifadə verib

Date: 25 October 2016 16:27

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları - Cavid Məmmədov, Fərid Nəbiyev, Azər Məmmədov, Taleh Xasıyev, Mehman Nuriyev və hal şahidi Talıb Hacıyev ifadə veriblər.
Polis əməkdaşlarının sözlərinə görə, təqsirləndirilən şəxs V.Şirinov hadisədən sonra Ağsu RPŞ-yə könüllü gələrək təslim olub: "Həmin zaman biz şöbədə idik. Vüqar şöbəyə gələrək, Bakıda cinayət törətdiyini bildirdi və o, könüllü təslim oldu".
Şahid T.Xasıyev ifadəsində həmin zaman hadisənin baş verdiyi çayxanada olduğunu qeyd edib: "Həmin çayxanada 15 dəqiqə olardı ki, çay içirdik. Bu zaman Vüqar əlində tüfənglə içəri daxil oldu, sonra Muradı vurdu. Vüqar Muradı nə üstündə güllələməsindən xəbərim yoxdur".
Məhkəmənin növbəti prosesi oktyabrın 31-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.
İlkin məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini V.Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Hadisə günü M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb.
V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.
V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb. Onlarla sağollaşan V. Şirinov könüllü olaraq Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib.

Tags:  Bakıda çay evində həmyerlisini öldürən şəxsin məhkəməsində polis əməkdaşı ifadə verib

RƏYLƏR


Top news