Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: "Biz neftin qiymətlərini unutmaq əzmindəyik"

Prezident İlham Əliyev: "Biz neftin qiymətlərini unutmaq əzmindəyik"

Date: 25 October 2016 17:12

Biz neftin qiymətlərini unutmaq əzmindəyik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Enerji siyasəti ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırıram. Çünki bu, artıq getdikcə bizim birgə gündəliyimizə daxil olan məsələdir. Azərbaycan ilə Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə "Cənub" qaz dəhlizinin genişləndirilməsi, İon və Adriatik dənizləri arasında kəmərin inşası Azərbaycana imkan yaradacaq ki, biz xorvat bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil ola bilək və həmin ölkələr də Azərbaycandan təbii qaz alaraq, yeni mənbə əldə etsinlər".

İlham Əliyev bildirib ki, bizim təsdiq edilmiş qaz ehtiyatımız 2,5 trilyon kubmetrdən çoxdur: "Bu ehtiyatlar artacaq. Çünki biz hələ də kəşfiyyat işləri ilə məşğul oluruq. Bu ehtiyatların şaxələndirilmiş şəkildə ixracına nail olmaq üçün bizim müxtəlif istiqamətlərdə qazı nəql edən bir neçə kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Bu ümumi layihə "Cənub Qaz Dəhlizi" adlanır. Buraya dörd layihə daxildir və hər biri hazırda icra mərhələsindədir. "Şahdəniz-2" qaz yatağında, - bu, dünyanın ən böyük qaz yataqlarından biridir, - hasilat artırılıb və biz burada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində üç qaz kəməri inşa edilir. Onun sonuncu mərhələsi Trans-Adriatik qaz kəməri sizin regiona yaxındır. Həmin qaz kəmərinin Xorvatiyaya və digər qonşu dövlətlərə uzadılması ilə məşğul ola bilərik. Bunu müzakirə edəcəyik. Ümid edirəm ki, artıq biz tezliklə danışıqların fəal fazasına başlayacağıq. Bu, təhlükəsizlik, enerjinin şaxələndirilməsi layihəsidir. Burada bütün tərəflər qazanacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik. Avropa istehlakçıları isə əlavə mənbələr əldə edir. Bilirik ki, bu gün Avropanın tələbatı artır. Biz isə yeni mənbəyik və yeni nəqliyyat marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür".

Azərbaycan Prezidenti əlavə edib: "Bununla yanaşı, biz artıq beş il bundan öncə Avropa Komissiyası ilə birlikdə enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalamışıq. Bildiyiniz kimi, biz artıq Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqlara başlayırıq. Bu sahədə böyük fəallıq var. İon-Adriatik dənizləri arasında qaz kəmərinin inşası yeni iş yerləri yaradacaq və onun tikintisinə yeni şirkətlər cəlb olunacaq. Bununla da bizim Xorvatiya ilə strateji tərəfdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu məhz belə olacaq. Bu, Avropa, Avropa təsisatları və üzv dövlətlərlə bizim əməkdaşlığımızın mühüm hissəsidir. Təbii ki, Avropa İttifaqının üzvü olmayan qonşularımız da bu layihədə fəal iştirak edirlər.

Azərbaycanda ümumi vəziyyətlə bağlı bir neçə kəlmə söyləmək istərdim. Bildiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə düşməsi bizim gəlirlərimizi azaltmışdır. Eyni zamanda, biz builki büdcəmizdə neftin bir barrelinin qiymətini 25 dollar səviyyəsində təsbit etmişik. Bu gün artıq qiymət iki dəfə bahadır. Düşürəm ki, biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq. Bildiyiniz kimi, bizim şaxələndirmə siyasətimiz var. Uzun illərdir bunu həyata keçiririk. Bunun sayəsində məhz neft bizim ümumi daxili məhsulumuzun 33 faizini təşkil edir. Biz ümumi daxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Biz bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. Artıq mən bununla bağlı fikirlərimi söylədim. Biz istərdik ki, Avropa bazarlarına qeyri-neft sahəsinə aid, rəqabət qabiliyyətli məhsullarla daxil olaq".

İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycandakı mövcud sərmayə mühiti, bütün sərmayələr dövlət tərəfindən qorunur: "Ölkəmizdə olduqca sabit iqtisadi vəziyyət var. Neftin qiyməti ilə bağlı böhrana baxmayaraq, bu, yaxşı göstəricidir ki, siz bu gün də Azərbaycana inamla sərmayə yatıra bilərsiniz. Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir. Biz neftin qiymətlərini unutmaq əzmindəyik".

Milli.Az


Tags:  Prezident İlham Əliyev Biz neftin qiymətlərini unutmaq əzmindəyik

RƏYLƏR


Top news