Millət vəkilindən muzeylərlə bağlı maraqlı TƏKLİF

Millət vəkilindən muzeylərlə bağlı maraqlı TƏKLİF
17:33 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Azərbaycan muzeylərində restoran və kafelər açılmalıdır. Belə olan halda insanların muzeyləri ziyarət etməsi üçün maraq yaranar”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisinin Mədəniyyət Komitəsinin keçmiş sədri, millət vəkili Nizami Cəfərov bildirib.

Deputat deyib ki, indi Azərbaycan muzeylərində çatışmayan və ya az çatışan hallar mövcuddur:

“Bunun üçün də biz gərək dünyada tanınmış aparıcı muzeylərdəki ənənələri öyrənək. Dünyanın əksər ölkələrində dünyaca tanınan böyük muzeylər həm də istirahət mərkəzidir. Yəni, insanlar istirahət günü səhər bu muzeylərə gedir və orada normal səviyyədə istirahət edir. Şəxsən mən də bir neçə dəfə belə muzeylərdə olmuşam, adam gün boyu muzeydən çıxmaq istəmir. Bu cür muzeylərdə insanların yeyib-içməsi, dincəlməsi üçün də lazımı şərait yaradılıb. Eyni zamanda, istənilən tarixi materiallara baxmaq, filmləri izləmək imkanı olur. Misal üçün, qardaş Türkiyədə fəaliyyət göstərən muzeylərdə hər hansı tarixi hadisəni canlandıran “3d” formatlı filmlərə baxmaq olur. Bu cür muzeylər İstanbulda, Ankarada və digər şəhərlərdə var. Hətta, deyim ki, indi dünyanın tanınmış muzeylərində bələdçilərə ehtiyac yoxdur. Bir çox dünya ölkələrinin muzeylərində bələdçilik işləri artıq texnikiləşdirilib. Bu cür muzeydən çıxan şəxs monoqrafiya oxuyan insan təəssüratı ilə ayrılır. Yəni, adam bu cür muzeylərə gedəndə həm yorulmur, həm də zənginləşir. Bu halları Azərbaycan muzeylərində də tətbiq etmək lazımdır”.

N.Cəfərov qeyd edib ki, əgər bu tətbiq olunmasa, o zaman insanları muzeyə cəlb etmək çətin olacaq:

“İndiki halda muzeyə getmək insanlara da maraqlı gəlməyəcək. Sanki dərsə gedir kimi muzeyə gedəcək. Buna görə də Azərbaycan muzeylərində mütləq kafe və restoranlar açılmalıdır. Bu həm də həmin muzeylərə gəlir gətirəcək”.

N.Cəfərov Milli Azərbaycan Tarixi Muzeyinin bazar günləri fəaliyyət göstərməməsinə də münasibət bildirib:

“Milli Azərbaycan Tarixi Muzeyi AMEA-nın tərkib hissəsidir. Yəni, bir akademik araşdırma müəssisəsidir. Ona görə Milli Azərbaycan Tarixi Muzeyi akademiyanın iş rejiminə uyğun çalışır. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da şənbə və bazar günləri iş olmur. Görünür ki, bu, onunla bağlıdır. Ancaq digər muzeylərimiz isə bazar günləri fəaliyyət göstərir.

Milli Azərbaycan Tarixi Muzeyi tarix sahəsində ölkənin ən strateji muzeyidir. Ona görə də bu muzeyin bazar günü fəaliyyət göstərməsi vacibdir. Yəni, ümumi muzey mədəniyyəti baxımından da Milli Azərbaycan Tarixi Muzeyi bazar günü fəaliyyət göstərməlidir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/173486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR