Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədəbiyyat üzrə Nobel alan musiqiçilər

Ədəbiyyat üzrə Nobel alan musiqiçilər

Date: 25 October 2016 18:23

Ötən həftələrdə Nobel Komitəsi 2016-cı il Nobel Mükafatının amerikalı bəstəkar və müğənni Bob Dilana verildiyini açıqladı. Bu qərar həm ədəbiyyat, həm də musiqi sahəsində böyük əks-səda doğurdu. Bir çoxu Dilanın Nobel Ədəbiyyat Mükafatını qazanan ilk mahnı müəllifi olduğunu bildirdi. Halbuki bu məlumat o qədər də doğru deyil. Çünki 1913-cü ildə Nobel Ədəbiyyat Mükafatını qazanan hindistanlı yazıçı Rabindranat Taqor əslində mükafata layiq görülən ilk musiqiçidir.

Publika.az bildirir ki, Taqor mükafatı benqalcadan ingilis dilinə tərcümə olunan kitabı sayəsində almışdı. Kitabın adı "Gitancali" ("Qurbanlıq nəğmələri") idi. Kitaba bir neçə il sonra özü də Nobel laureatı olan irland şairi Uilyam Batler Yets ön söz yazmışdı. "Gitancali" müəllifinin adını çox sürətlə ABŞ və Avropada məşhurlaşdırdı.

Beləliklə, yalnız ingiliscə kiçik bir kitabı, amma təbii ki, zəngin və təkrarsız yaradıcılıq yolu sayəsində Rabindranat Taqor 1913-cü ildə Nobel laureatı oldu. Mükafat ona "poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə" verilmişdi. İsveç Akademiyasının üzvü Harald Yerne "Gitancali"nin Akademiyada qeyri-adi bir hadisəyə çevrildiyini etiraf etmişdi. "Taqorun şeirləri ümumbəşəri fikirlərlə zəngindir", - deyən natiq şairi "Şərqlə Qərbi biri-birinə yaхınlaşdıran şəхsiyyət" adlandırmışdı.

Taqor Hindistanın müstəqillik mübarizəsinin dəstəkçisi idi və Mahatma Qandi ilə dost idi.

Dilan ilə Taqor arasında bir çox ortaq nöqtə var

Gənclik illərində Taqor, eynilə Dilan kimi öz mahnılarını səsləndirirdi, ancaq qarşıdakı illərdə müğənnilik qabiliyyətini itirdiyini açıqladı.

Hər ikisi də şiddətsiz bir ictimai mühit arzulayırdı.

Hər ikisi də çox istiqamətli sənətçilərdir: Yazar, musiqiçi, vizual sənətçi və film musiqisi bəstəkarı ...

Taqor 2000-dən çox mahnıya imza atıb ki, bu mahnıların çoxu hələ də filmlərdə istifadə edilməkdədir. O, eləcə də Hindistan və Banqladeşin himnlərinin müəllifidir.

Sonda qeyd edək ki, Eynşteynin da yaxın yoldaşı olan Taqor Nobel qazanan və Avropalı olmayan ilk adamdır.

Fəxrəndə






Tags:  Ədəbiyyat üzrə Nobel alan musiqiçilər

RƏYLƏR


Top news