Azərbaycanlı aktrisa dəhşətli qəzadan sağ çıxdı: "İndi də yadıma düşəndə gözlərim dolur" - FOTO

Azərbaycanlı aktrisa dəhşətli qəzadan sağ çıxdı: "İndi də yadıma düşəndə gözlərim dolur" - FOTO
21:05 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Gənc aktrisa Raksana İmirlinin Milli.Az-a müsahibəsi

- Raksana, istərdim özünüzü oxucularımıza təqdim edəsiniz...

- Mən gənc aktrisa Raksana İmirli. İncəsənətə həvəsim uşaqlıqdan yaranıb. 3 yaşımdan rəqslə məşğul olmağa başlamışam. Müsabiqə və tədbirlərin sonu axır ki, məni arzusunda olduğum İncəsənət Universitetinə gətirdi. Rəqsdən mənə xalq artisti, möhtəşəm rəqqasə Təranə Muradova dərs deyib. Məhz aktyorluq sənətinə məndə həvəs yaradan Penelopa Kruz oldu. Aktyorluq üzrə ilk addımlarımda isə məni əməkdar artist Gülsabah Quliyeva dəstəkləyib, hazırlaşdırdı. Bugünkü gündə isə müəllimim, əməkdar artist Vidadi Həsənovdur. Hazırda ATV kanalında çalışıram, kanalın qadın səsiyəm. Televiziyada çalışmaqda məqsədim isə teleaparıcı olmaqdır.

- Bəs niyə rəqqasə kimi tanınmaq istəmədiniz?

- Rəqs mənə incəsənətin açarını verdi. Görünür, aktyorluq bacarığı rəqqasəlik bacarığını üstələyib.

- Bəlkə də kim bilir, gələcəkdə olacaq qınaqlar ucbatından rəqs sənətindən imtina etmisiniz.

- Xeyr, əksinə rəqsimi çox bəyənirdilər. Deyilənə görə, milli rəqslərimizi çox gözəl ifa edirəm. Sadəcə, aktrisalığa həvəsim daha çoxdur.

- Maraqlı adınız var - Raksana. Raksana adı adətən "Rəqsanə" deyə səslənir. Amma müsahibəyə başlamamışdan öncə təkidlə sizi "Raksana" deyə qeyd etməyimi istədiniz. Nədir sizi qorxuya salan?

- Hər zaman Rəqsanə adına görə hər yerdə problem yaşamışam. Həmişə elə biliblər ki, müğənni Rəqsanəyə görə adımı bu cür qoyublar. Mənim adımın onunla heç bir əlaqəsi yoxdur. Mənim adım Raksanadır. Raksana mənim mənəvi nənəmin adıdır. Adımı Raksana yazanda və ya deyəndə "a" hərfini xüsusi vurğulayıram (gülür).

- Neçə ildir ki, film sahəsindəsiz?

- Mən 14 yaşından serial və film setlərindəyəm. İlk rolum "Həyat varsa" serialında, "Yalançı dilənçi" bölümündə Pərvanə obrazı olub. Onda hələ 14 yaşım var idi. Daha sonra yenə bu serialın bölümlərində çəkildim.

- Nə tip rolları oynamaqda həvəslisiz?

- Dram janrı çox xoşuma gəlir. Məncə, sənətçi özünü hər rolda sınamalıdır. İndiyə kimi sırf müsbət rollarda oynamışam, ancaq çox istərdim ki, mənfi rollarda da oynayım. Əxlaqi çərçivə daxilində bütün rollarda oynayaram. Təkcə açıq-saçıq və vulqar rollardan başqa.

- Ümumiyyətlə, açıq-saçıq rollara yox deyirsiz?

- Bəli, nəinki rollara, açıq-saçıqlığa yox deyirəm.

- Bəs deyirsiz aktrisa bütün rollarda oynamalıdır?

- Bütün rollarda deyəndə mən açıq-saçıqlığı nəzərdə tutmadım.

- Bu günlərdə çəkildiyiniz "Həyatımın rolu" filminin təqdimatı gerçəkləşdi. Nə janrında olan bir film idi?

- Film dram janrında idi. İncəsənət universitetində rejissor Əskər Hüsiyev məni gördü və çəkəcəyi bir qısametrajlı filmə dəvət etdi. Mən filmdə əməkdar artist Gülzar Qurbanovanın obrazını yaratmışam. Biləndə ki, Gülzar Qurbanovanın cavanlığını canlandıracağam, hədsiz sevindim. Bu cür möhtəşəm aktrisa ilə eyni filmdə rol almaq mənim üçün şərəf oldu.

- Adətən aktrisalar onların obrazını oynayan aktrisalara qısqanclıqla yanaşırlar. Gülzar xanımın bu cür qısqanclığı ilə üzləşmədiniz?

- Xeyr, əksinə o, mənə çox dəstək oldu. Gülzar xanım o qədər möhtəşəm, gözəl və mülayim xanımdır ki, sözlə desəm belə, kifayət etməz.

- Həmkar gənc aktrisalardan hansıları özünüzə örnək seçirsiz?

- Örnək götürüləcək sənətkarlarımız çoxdur. Amma bəyəndiyim gənc aktrisalar var ki, bunlar Günel Məmmədova, Günay Əhməd, Kəmalə Piriyeva və s.dir.

- Gündəmdə qalmaq üçün hansı üsullara əl atacaqsız?

- Film mənim ilk işimdir, mən rəyi xalqdan gözləyirəm. Qalmaqalla gündəmdə qalmaq istəmirəm. Gündəmdə qalmaq üçün əsl sənət göstərmək lazımdır.

- Sənət göstərməyib gündəmdə qalan kifayət qədər məşhurlar da var.

- Mən yalnız gündəmdə sənəti ilə qalanları görürəm.

- Aktrisa rəfiqələriniz varmı?

- Aktrisa tanışlarım çoxdur, amma rəfiqəm yoxdur. Həyatdakı rəfiqəm təkcə anamdır.

- Xəyalpərəstsiz?

- Xeyr, reallığı qoyub niyə xəyallar qurmalıyam ki?

- Axı həyatda real hadisələr gec baş verir.

- Mən bilirəm ki, axır-əvvəl məqsədimə çatacağam. İnşallah.

- Sosial şəbəkədə aktivsinizmi? İzləyicilərinizin hansı xüsusiyyəti sizi qıcıqlandırır?

- İnstaqram sosial şəbəkəsində aktivəm. Hər insanın öz fikri var. Hələ ki, heç kəsdən pis münasibət görməmişəm. İnşallah, görmərəm də. Olsa belə, tənqidləri qəbul edib nəticə çıxararam, təhqirlərə isə sükutumla cavab verərəm.

- Deməli, bütün bunlara hazırsız?

- Bəli, hazıram. Artıq bu sənəti seçəndə bunlara hazır idim.

- Arzusunda olduğunuz rollar da, yəqin ki, çoxdur.

- Ən böyük arzum tarixi filmdə əsas rolda oynamaqdır. Bundan əlavə duyğusal obrazları da çox sevirəm. Bax bunu göstərməyi çox istərəm. Göstərməyin özü də bir sənətdir. Yaşamaq isə daha çətin sənətdir.

- Həyatınızda, ümumiyyətlə, elə bir hallar olubmu ki, pis vəziyyətdə qalmısız? İnsan adətən başına gələni oynamaq istəyir.

- 1 həftə öncə ölümcül qəzaya düşdüm. Yanımda anam var idi. Hələ də onun qolunda ağrılar var. Bugünkü gündə də yanımdan avtomobil keçəndə qorxuram, kövrəlirəm. Elə bilirəm ki, yenə də qəzaya düşəcəyəm. Bu cür insan rolunu həyatda oynamaq istərdim.

- Niyə aktrisa ailə həyatı quranda çətinlik yaşayır?

- Deməzdim ki, aktrisa indiki zamanda pis qarşılanır. O qədər gözəl ailəsi olan, xoşbəxt aktrisalarmız var ki. Hər insanın öz həyatı var. İnsanın pis, yaxşı qarşılanması özündən asılıdır.

- Seriallarda hazırda çəkilən hansı aktrisanın obrazına həsədlə baxırsız?

- Həsədlə deməzdim, amma çox istərdim ki, Rövşən İsaxın serialında çəkilim.

- "Vicdan haqqı"nda ?

- Fərq etməz. İstər bu serialda, istərsə də digər çəkəcəyi serial və filmlərdə. O, həmişə güclü ssenarili seriallar çəkir. Bundan əlavə onun seriallarında aktyor və aktrisalar təbii oynayırlar. Aktrisanın təbii oynaması rejissordan aslıdır. Rejissor, ilk növbədə, aktyor olmalıdır. Mən bütün bu keyfiyyətləri Rövşən İsaxda görürəm.

- Geyimlərinizə çox pul xərcləyirsiz?

- Bəli, lap çox. Hər bir qadın kimi gözəl geyinməyi sevirəm. Özümü rahatlıqla "şopoqolik" adlandıra bilərəm. Şoppinq edəndə çox xoşbəxt oluram. Ən azı həftədə 1 dəfə özümə nəsə almalıyam.

- Ailə həyatı quracağınız ideal kişi obrazı sizin aləminizdə necə olmalıdır?

- İdeal kişi obrazı mənim gözümdə atamdır.

Əli Rəhimoğlu
Milli.Az



























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/482482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR