Suyun qabarması zamanı itən hava limanı (VİDEO/FOTO)

Suyun qabarması zamanı itən hava limanı (VİDEO/FOTO)
23:28 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Planetimizdə görməli yerlər çoxdur və onların əksəriyyəti təbiət qoynunda yerləşir. Lakin elə məkanlar da mövcuddur ki, yalnız çəkilmə (təbiət hadisəsi, suyun səviyyəsinin enməsi) vaxtı müşahidə edə bilirik.

Çünki qabarma (təbiət hadisəsi, suyun səviyyəsinin qalxması) zamanı suyun altında qalır.

Sizə belə hadisələrdən bəzilərini təqdim edirik:

Passaj dyu Qua yolu (Fransa)

“Passaj dyu Qua” Burnyof körfəzinin dibi ilə çəkilən və Fransanın materik hissəsini Nuarmutye adası ilə birləşdirən yoldur. Yol unikal olmaqla yanaşı olduqca təhlükəlidir. 4.5 km uzunluğa malik yol gündə iki dəfə qabarma zamanı 4 metr hündürlüyə malik su altında qalır. Bu səbəbdən yolun hər iki tərəfində qabarmaya qədər qalan vaxtın əks olunduğu tablo yerləşdirilib. Lakin risk edənlər tapılsa belə təcili hallar üçün quraşdırılan xüsusi qüllələr vasitəsilə xilas ola bilərlər.

Stambheshwar Mahadev məbədi (Hindistan)

“Stambheshwar Mahadev” məbədi Kavi-Kamboyda (Qucarat, Hindistan) yerləşir. Məbəd dənizə çox yaxın yerləşdiyindən yalnız çəkilmə zamanı daxil olmaq mümkündür, 150 illik məbəd qalan vaxtlarda su altında qalır.

Mon-Sen-Mişel adası (Fransa)

Fransaya məxsus olan və qalaya çevrilən kiçik qayalı Mon-Sen-Mişel adası yalnız çəkilmə zamanı əlçatan olur, qalaya aparan yol qalan vaxtlarda su altında qalır. Maraqlıdır ki, bu qala “Yüzillik müharibə”nin 116-ı ili ərzində bir dəfə olsun belə ələ keçirilməyib.

«Musanın Koreya möcüzəsi» yolu (Cənubi Koreya)

Yüz minlərlə yerli sakin və turist hər il “Çindo dənizinin bölünməsi” festivalı zamanı Koreya yarımadasının cənub qurtaracağında toplaşır. Bu vaxt turistlər tərəfindən “Musanın Koreya möcüzəsi” adlandırılan unikal təbiət hadisəsi baş verir. Çindo (Şərqi-Çin dənizinin şimal hissəsi) dənizinin suları iki yerə bölünərək Çindo adasını qonşu Modo adası ilə birləşdirən 2,9 kilometrlik yol yaradır. Dörd günlük festival zamanı ziyarətçilər piyada dəniz dibi ilə Modo adasına gedir, yerli sakinlər isə mollyusk və yosunlar toplayırlar. Festivalın ildə bir dəfə keçirilməsinə baxmayaraq, belə hal mart-iyun ayları ərzində 2-3 dəfə baş verir.

Barra adası hava limanı (Şotlandiya)

Barra Şotlandiyanın qərb sahilində yerləşən 50 kvadrat kilometr sahəyə malik adadır. Burada mütəmadi reyslər qəbul edən hava limanı var. Bu adaya uçuşları unikal edən qabarma zamanı uçuş-enmə zolaqlarının su altında qalmasıdır.

Sent-Maykls-Maunt qalasına gedən yol (İngiltərə)

Kiçik, qayalı bu ada əfsanəyə görə, bir vaxtlar Kormoran adlı nəhəngin evi olub. Ziyarətçilər adanı suyun çəkildiyi zaman ziyarət edə bilirlər.

Manjuyod White Sandbar (Filippin)

Manjuyod White Sandbar adlı qumluq ərazi qabarma zamanı tam suyun altında qalır. Çəkilmə zamanı isə toxunulmayan çimərlik qumunu və təmiz okean suyunu müşahidə etmək olar.

Temza çayındakı atlı heykəlləri (İngiltərə)

Temza çayın yaxınlığında dörd atlıdan ibarət heykəltəraşlıq nümunəsi yer alır, lakin onları yalnız çəkilmə zamanı görmək olar. Heykəllər Voksholl körpüsü və parlament binasına yaxın ərazidə yerləşir.

«Mələklərin yolu» (Yaponiya)

Sedosimada (Kaqava prefekturası) yerləşən və uzunluğu təxminən 500 metr olan “Mələklər yolu”nu yalnız çəkilmə zamanı görmək olar./interaz.tv/


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR