Qətl gecəsi, 92 minə satılan ölkə, terroru məğlub edən güc - “YAVRU VƏTƏN”də 4 GÜN

Qətl gecəsi, 92 minə satılan ölkə, terroru məğlub edən güc - “YAVRU VƏTƏN”də 4 GÜN
09:04 26 Oktyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

İl 1963. Dekabrın 24-dən 25-ə keçən gecə. İsa Məsihin doğum günü. O gecə bütün xristian aləmində bayram şənlikləri keçiriləcəkdi. Kiprdə isə qətliam törədiləcəkdi.

 

Adanı Yunanıstana birləşdirmək məqsədiylə yaradılmış EOKA silahlı təşkilatı Lefkoşanın qərbində türklərin yaşadığı Kumsal məhəlləsinə hücum planı qurmuşdu.

 

EOKA silahlıları İrfanbəy küçəsinə çatanda 2 nömrəli evdə yaşayan Türkiyə Silahlı Qüvvələrinin həkimi, minbaşı Nihat İlhan xəstəxanada doğuş sancısı çəkən yunan qadının yanından bir an belə ayrılmırdı. Dünyaya gələcək körpənin və ananın sağlamlığına görə bütün məsuliyyəti öz üzərində hiss edirdi.

 

Həmin vaxtlarda onun həyat yoldaşı Mürvət xanım üç azyaşlı oğlunu yatırtmağa hazırlaşırdı. Qapının arxasında yunanca danışıqları eşidən kimi uşaqlarını hamama apararaq, vannada gizlətdi. Onların üstünə uzanaraq, qoruya biləcəyini düşündü. Ev sahibi Həsən kişi arvadı Fəridə qarını ayaqyolunda gizlədib, özü bir küncdə büzüşüb oturdu. Yaşlı qadının bacısı Nüvbər isə 5 aylıq qızını da qucaqlayaraq, hamamın tinində gizlənmək istədi. Bu vaxt qapı qırıldı və ev avtomat silahlardan fasiləsiz atəşə tutuldu.

 

Məhəllədə şiddətli atışmalar davam etdiyindən həmin evə iki gün sonra girmək mümkün oldu. Mənzərə dəhşətliydi – deşik-deşik cansız bədənlər, ət parçaları yapışmış, qana boyanmış divarlar...

 

 

2 nömrəli ev sonradan muzeyə çevriləcəkdi - Barbarlıq Muzeyi. İstefada olan polkovnik Nihat İlhan o muzeyi hadisədən 44 il sonra, 2007-ci ildə ziyarət edəcəkdi. O zaman artıq ada ikiyə bölünmüş olacaqdı: Şimali Kipr Türk Respublikası (ŞKTR), Cənubi Kipr...

 

 

***

 

Kipr Aralıq dənizinin Siciliya və Sardiniyadan sonra 3-cü böyük adasıdır. Türkiyədən 65 km, Suriyadan 112 km, Livandan 162 km, İsraildən 267 km, Misirdən 418, Yunanıstandan 965 km uzaqlıqdadır. Əhalisinin 70 faizi yunan, 30 faizi türkdür. Ən böyük şəhəri Lefkoşadır.

 

1571-ci ildə Osmanlı İmperatorluğunun fəth etdiyi Kipr 1878-ci ildə 92 min qızıl qarşılığında Birləşmiş Krallığa icarəyə verildi. 1914-cü ildə, I Dünya Savaşında isə Krallıq tərəfindən ilhaq edildi və 1925-ci ildə Kipr adası müstəmləkə elan olundu. Elə həmin il adaya Türkiyənin ilk səfiri göndərildi.

 

Adadakı yunanlar 1931-ci ildə “enosis” (adanın Yunanıstana birləşdirilməsi) tələbi ilə aksiyalara başladılar. Bunun nəticəsi kimi, 1950-ci ildə adanın türk icmasının boykot etdiyi referendum keçirdilər. Səsvermənin nəticəsinə əsasən, adanın Yunanıstana birləşməsinə qərar verildi. 1955-ci ildə isə EOKA silahlı qrupunu yaradan yunanlar ingilislərin adadan çıxarılması istiqamətində aksiyalara başladılar. Həmin vaxtlarda türklər də silahlanırdılar. Artıq Birləşmiş Krallıq adanı idarə etməkdə çətinlik çəkirdi. Kiprdə yunanlarla türklər arasında silahlı qarşıdurmanın başlaması ilə vəziyyət nəzarətdən çıxırdı.

 

Ada 1960-cı ildə Kipr Respublikası adı ilə müstəqilliyini elan etdi. Türkiyə Silahlı Qüvvələri yunanların adada törətdiyi soyqırımının qarşısını almaq üçün hərəkətə keçdi və 1974-cü ildə ŞKTR quruldu. ŞKTR-nın müstəqilliyini tanıyan tək dövlət Türkiyədir.

 

2004-cü ildə isə yunanların idarəsində olan Cənubi Kipr Respublikası adanı təmsil etmək şərti ilə Avropa İttifaqına üzv qəbul edildi.

 

 

Hazırda dünyanın bölünmüş tək paytaxtı olan Lefkoşa “yaşıl xətt” adlanan sərhədlə iki hissəyə ayrılıb. Şəhərin cənubunda yunanlar, şimalında türklər yaşayır. Yunan tərəfindən qarşıya keçmək sərbəstdir. Bütün ölkələrin vətəndaşları sadəcə, pasportlarını göstərərək, ŞKTR-ya keçə bilər. Ancaq türk tərəfindən qarşıya keçə bilmək isə elə asan deyil. Bu hüquq yalnızca Avropa İttifaqına üzv dövlətlər və ŞKTR vətəndaşlarına tanınır.

 

 

Şimali Kiprin paytaxtdan sonra ikinci əsas şəhəri Girnedir. Liman şəhəri olan Girne onlarla tarixi binanı, muzeyi, abidəni qoruyub saxlayır. Təkcə Girne qalasında hər addımbaşı Roma, Bizans, Osmanlı mədəniyyətinin izlərinə rast gəlmək mümkündür.

 

 

40 il əvvəl - 1976-cı ildə salınan Qaraoğlanoğlu şəhidliyində isə Kipr hərəkatı zamanı şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 70 hərbçisi yatır. Şəhidliyin yaxınlığındakı parkda isə hərəkatda istifadə olunan hərbi texnika nümayiş olunur.

 

 

Şimali Kipr deyiləndə ağla ilk Rauf Denktaş gəlir. “Kipr və Denktaş eyniləşmiş anlayışlardır” – desək, yanılmarıq.

 

1924-cü ildə Lefkoşada anadan olan, ŞKTR-nın qurucusu və ilk prezidenti Denktaş ilk təhsilini İstanbulda alır, 1941-ci ildə Kiprə qayıdır. Orada Fazil Kiçiyin “Xalqın səsi” qəzetində bir müddət işləyəndən sonra hüquq təhsili almaq üçün Birləşmiş Krallığa yollanır. Təhsilini başa vurub, yenidən adaya qayıdır və baş prokuror vəzifəsinə qədər yüksəlir.

 

Amma millətinin müstəqilliyi uğrunda mübarizə onun üçün daha vacib idi. Bu səbəbdən “enosis” və EOKA-ya qarşı mübarizəyə başlayır, dostları ilə birlikdə 1958-ci ildə Türk Müqavimət Təşkilatını (TMT) yaradır. Əziyyətli, ağrılı mübarizənin sonunda hədəfinə çatır, Şimali Kiprin müstəqilliyinə nail olur.  


Dəfələrlə müstəqil ŞKTR-nın prezidenti seçilir, 2005-ci il seçkilərində isə namizədlikdən imtina edir. 2012-ci ilin ilk günlərində səhhəti pisləşən və həmin il yanvarın 13-də vəfat edən Denktaş Lefkoşadakı Cümhuriyyət Parkında dəfn olunub.

 

Denktaşın bir neçə peşəyə marağı vardı – onlarca kitabın, yüzlərlə qəzet məqaləsinin müəllifi, televiziya proqramının aparıcısı olub. Ən sevimli məşğuliyyəti isə şəkil çəkməkdi, fotoaparat əlindən düşməzdi.

 

 

Bu il oktyabrın 16-da Böyük Denktaşın əsəri olan ŞKTR-da Türk Dünyası 1-ci Gənclik Forumu keçirildi. Türk Birliyi Dayanışma Dərnəyinin (TBDD) təşkilatçılığı, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı, Türkiyə Nazirlər Kabinetinin dəstəyi ilə Girne şəhərində keçirilən tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, İran, Makedoniya, İraqdan (Türkmən eli) təmsilçilər qatılmışdı.

 

 

Forumun açılışında çıxış edən TBDD başqanı Güven Arıklı tədbirin ömrünü Turan və Türklük idealına həsr etmiş Alparslan Türkeşin Vətəni Kiprdə keçirildiyinə diqqət çəkdi, ŞKTR-a ən böyük dəstəyi Türkiyənin verdiyini vurğuladı. Arıklı Gənclik Forumunun ənənə halına gətirilməsinin hədəfləndiyini də diqqətə çatdırdı. Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev gənclərin ortaq informasiya mərkəzinin yaradılmasının vacibliyini vurğuladı: "Bu gün türk gənclərinin birliyi ən vacib məsələlərdən biridir. Hesab edirik ki, vahid informasiya mərkəzinin yaradılması bu birliyin daha da möhkəmlənməsinə imkan verər”. 

 

Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini qeyd etdiyini diqqətə çatdıran sektor müdiri qeyd etdi ki, bu Forum gənclərin fikirlərini bölüşməsinə, problemlərini çözməyə imkan yaradır: “Dünyada yeni çağırışlar var ki, gənclər onlara doğru addımlamalıdırlar”.  
 

Türkiyə baş nazirinin müavini, Türk Cümhuriyyətləri və ŞKTR üzrə dövlət naziri Toğrul Türkeş Forumun gənclərin bir araya gəlməsində mühüm addım olacağını vurğuladı: "Hər işdə bir olmalı və gələcəyimiz üçün birgə addımlamalıyıq. Türklərin tarixində heç bir zaman irqçilik olmayıb. Bu gün bu bölgəni dağıtmaq üçün böyük güclər bütün istiqamətlərdə çalışır. Bu, utancverici haldır. Türk dövləti dedikdə müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, ərazisində 30 milyon türk yaşayan Rusiyanı, 25 milyon uyğurun yaşadığı Çini qəbul edirik”.

 

Dövlət naziri Türk Cümhuriyyətinin bütün Türk dövlətlərinin yanında olduğunu qeyd etdi: "İqtisadi, mədəni, təhsil və s. sahələrdə əlaqələrimizi daha da inkişaf etdirməliyik. Bizim birliyimiz türk dünyasının güclü olması deməkdir”.
 

ŞKTR baş nazirinin müavini Sərdar Denktaş isə hazırda ölkədə sakit və xoşbəxt həyat sürdüklərini bildirdi: "Təbii ki, problemlər var. Başqa ölkələr Kipr türklərinin idman yarışlarına qoşulmasına icazə vermir. Bizim gənclər sadəcə yunan Kiprinin tərkibində beynəlxalq müsabiqələr qoşula bilərlər. Bu, bizim böyük problemimizdir. Bu problemi çözməliyik. Bütün dünya deyir ki, Kiprdə sülh olsun. Bura bizim evimizdir. Burada biz öz problemlərimizlə, sevincimizlə insan kimi yaşamaq istəyirik”.

   
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu da çıxışında tədbirin əhəmiyyətinə diqqət çəkdi, qonaqlara təşəkkürünü bildirdi.

 

Orxan Həsənoğlu rəhbərlik etdiyi qurum adından Azərbaycan və Türkiyənin dostluq və əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Türkiyə Cümhuriyyətinin baş nazirin müavini Toğrul Türkeşə plaket təqdim etdi.

 

 

Forumun açılışından sonra panellərdə maraqlı müzakirələr aparıldı. Müzakirələr zamanı Azərbaycanın millət vəkili Elman Nəsirov gənclərə səslənərək, problemlərin deyilməsindən daha çox həlli yollarının göstərilməsinin vacibliyini vurğuladı: "Türk dünyasında həmişə birlik olub. İndi isə bu birliyin daha da sıxlaşmasına ehtiyac var”.

 

Girəsun Universitetinin professoru Aygün Attar Türk Birliyinin yaradılması istiqamətində daha çox işin görülməli olduğunu bildirdi: "Təklif edərdim ki, Türk dünyası Gənclik Forumunun internet səhifəsi açılsın, bundan sonra qəzeti də, televiziyası da yaranacaq”.

 

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Əbülfəz Şeydabəyov bildirdi ki, türk gəncinin əsil vəzifəsinin müstəqilliyimizi  qorumaqdır.

 

Oktyabrın 20-dək davam edən Forum çərçivəsində iştirakçılar Kipr turuna çıxaraq, Lefkoşa, Magossa şəhərləri ilə tanış oldular, Kipr Mədəniyyət Gecəsinə, Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlərə qatıldılar. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR