Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qənim və arxa olan qardaşlar -TÜRKÜN TARİXİ FOTO-VIDEO

Qənim və arxa olan qardaşlar -TÜRKÜN TARİXİ FOTO-VIDEO

Date: 26 October 2016 09:33

Tarix bir çox cəsur liderə sahib olduğu kimi, taxt və iqtidar uğrunda aparılan saysız-hesabsız döyüşlərə də şahidlik edir. “Ditdili”nin bu dəfəki mövzusu bir-birinə dərindən bağlı olan türk əsilli qardaş hökmdarlar və onların əlaqələridir.

Attila və Bleda

“Tanrının qırmancı” adıyla tanınan məşhur Hun başbuğlarından Attila əvvəlcə qardaşı Bleda ilə ortaq hərəkət edirdi. Təsvirlərə görə, Attila daha cəsarətli və döyüşçü xarakterə sahib idi. Bleda isə daha çox rifah və rahatlığı sevirdi. Tarixdə Bledanın ölümü bir qədər mübahisəlidir. İddia edirlər ki, Bledanı öz doğma qardaşı Atilla öldürür. Belə ki, Nibelunqlar haqqında yazılan dastana görə, Bleda burquntlarla döyüşdə ölür. Macar şairi Aran Yanos isə 19-cu əsrdə Buda (Bleda) şahının ölümü haqqında poema yazır. Həmin poemada o, Budanın öz adına şəhər salmasını və hökmranlıq etməsini, hakimiyyətin bir hissəsini isə kiçik qardaşı Attilaya verməsini təsvir edir. Attilanın arvadı İldiqo ilə Bledanın arvadı Qınqivar arasında narazılıq yaranır, məhz bu narazılığa görə Attila öz qardaşını öldürür.

Bledanın ölümündən sonra hakimiyyət Atillanın əlinə keçir. Müasirləri onun ortaboylu, enlikürəkli, qarasaçlı olduğunu yazırlar. O, güclü natiqlik qabiliyyəti ilə digərlərindən seçilir. Sadə həyat tərzi sürən Attila qonaqpərvər biri kimi olduqca məşhur olur. Atilla Avropa qitəsinin üçdə ikisindən çoxunu öz hakimiyyəti altına keçirir və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirir. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (Bizans) imperiyalarını tez-tez istila edən Attila Orta əsr salnamələrində qəddarlığı ilə tez-tez xatırlanır.

Bumin Xaqan - İstəmi Yabqu

Göytürklər, şübhəsiz Türk tarixinin ən mühüm iqtidarlarından biridir. Ümumi Türk tarixini anlaya bilmək üçün, bu iqtidarın tarixini bilmək vacibdir. Kiçik bir qəbilə halında ikən, Türk dövlətinin hökmdarı olmaq məqsədiylə ortaya çıxan Bumin hakimiyyətinin ilk dövrlərindən xaqanlığın qərb torpaqlarını qardaşı İstəmiyə verir. Bu hərəkət illər boyunca “torpaqların ortaq mal olaraq paylaşılması” adı ilə şərh olunur.

Xaqanların vəzifəsi acları yedirtmək, evsizlərə ev olmaq, xalqın sevgisini qazanmaq və onları xarici düşmənlərdən qorumaq idi. Aşina sülaləsindən olan ilk Göytürk xaqanı və Aşina Tuvunun ən böyük oğlu Bumin xaqan 552-ci ildə Jujan xaqanlığının hökmdarı Anaxuanı devirərək özünü müstəqil elan edir. Bir neçə aydan sonra vəfat etsə də, qardaşı İstəmi Yabqu ömrünün sonuna qədər Qərb yabqusu olur və Göytürk xaqanlığına sadiq qalır. İstəmi Yabqu de-fakto müstəqil, amma rəsmi olaraq xaqan olmayan yabqu idi. O, Bizans imperiyası və Sasanilərlə diplomatik əlaqələr saxlayırdı, bunun haqqında Bizans arxivlərində də geniş məlumat verilir.İstəmi Yabqunu bizanslılar Stembis Dizaboulos kimi tanıyır. O, Göytürk Xaqanlığının qısa zamanda güclənməsində əvəzsiz işlər görür, Çinə səfərlər təşkil edir, həmçinin, Ağ Hunların əlindəki İpək Yolunu ələ keçirmək üçün Sasanilərlə müttəfiq olur. Onun Sasanilərlə ittifaqı nəticəsində Ağ Hunların dövləti süqut edir. Ancaq bir müddət sonra Sasanilərin İpək Yoluna göz dikməsinə reaksiya olaraq Bizansla ittifaqa girir və Sasaniləri çətin vəziyyətə salır. Güclü Türk yabqusu İstəminin zamanında Göytürk dövlətinin sərhədləri genişlənir və dövlət çiçəklənmə dövrünü yaşayır.

Bilgə Kağan - Gül Tikinn

Göytürklər 630-cu illərdən etibarən 50 ilə qədər Çin əsarəti altında qalır. Bu əsarət dövründə təkrarlanan müstəqillik mübarizələri ən sonda nəticə verir və Göytürk iqtidarı yenidən yüksəliş dövrünə qədəm qoyur.

Kapgan Kağanın liderlik etdiyi döyüşlərdə Bilgə və Kül Tegin böyük rol oynayır. Bu iki qardaşdan Gültikin daha sərt, daha cəsur xarakterə sahib olur.

716-ci ildə Kapgan Kağanın vəfatı ilə oğlu İnel hakimiyyətə gəlir. Gültikin İneli və bütün ailəsini öldürərək qardaşı Bilgəni xaqan elan edir. Bilgə Xaqan hakimiyyətə gəldikdən sonra Gültikin vəliəhd elan olunur. Bu vaxtdan sonra bir-birini çox sevən bu iki qardaş bir çox müvəffəqiyyətli döyüşlərdə iştirak edirlər.

731-ci ildə Kül Tegin vəfat edir. İmperator xaqana baş sağlığı göndərir və Gültikin üçün abidə tikdirir. Qardaşının vəfatından sonra Bilgə Kağan çox kədərlənir və iki il sonra o da dünyasını dəyişir. O abidə bu gün də türkün əzəmət simvolu kimi tanınır. Gültikin abidələri həm də böyük yazılı mədəniyyətin nümunəsi sayılır.

Çağrı və Toğrul Bəylər

Səlcuq Bəyin oğlu Mikayılın ölümündən sonra oğulları Çağrı ilə Toğrul yetim qalır. Bu səbəbdən Səlcuq Bəy bu iki nəvəsi ilə daha çox maraqlanır və onları diqqətlə, xüsusi qayğı ilə yetişdirir. Bir-birini çox sevən bu iki qardaş birlik olaraq mübarizəyə başlayırlar. Çağrı bəy 1018-1021 illər arasında Anadoluya bir səfər edir. Toğrul bəy bu səfərdən həddən artıq qənimətlə geri dönən qardaşını böyük bir həsrətlə qarşılayır. Səlcuq Bəyin ölümü, Anadolu səfərinin gətirdiyi şöhrət və zənginlikdən faydalanaraq, oğuzları ətrafına toplamağa başlayan bu iki qardaş Qəznəvilərə belə rəqib olacaq bir vəziyyətə gəlib çıxırlar. Və nəhayət, 1040-ci ildə Qəznəviləri ağır məğlubiyyətə uğradaraq Böyük Səlcuq dövlətini yaradırlar.

Çağrı bəy ömrünün çoxunu türklərin zəfər qazanmasına və yeni torpaqların fəthinə sərf edir və1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında vəfat edir.

Səlcuq sultanı Toğrul 4 sentyabr 1063- cü ildə 70 yaşında dünyadan köçür. Vəzir Həmid əl- Mülk əl-Qundurinin dediyinə görə, Sultan Toğrul ona belə bir əhvalat danışır: "Xorasanda fəaliyyətə başladığım ilk illərdə yuxumda gördüm ki, məni xoş iy verən dumanlı bir yerə qaldırdılar və qeybdən bir səs eşitdim: "Bizdən bir şey istə! Dediyin yerinə yetəcək". Mən dedim ki, uzun ömür istəyirəm. Mənə cavab verdilər ki, sən 70 il yaşayacaqsan". Müasirlərinin yazdığına görə, Sultan Toğrul cəsur, səbrli, geniş ürəkli bir insan idi. Dəbdəbəli geyinməyi sevməzdi. Ürəyində Uca Allaha dərin inam duyurdu. Bir dəfə də olsun Cümə namazından qalmır, bazar ertəsi və cümə axşamları oruc tuturdu. Pul toplamağı və nahaq qan tökülməsini istəməzdi. Nəzir verməkdə, xüsusilə məscid tikdirməkdə comərd idi. Sultan Toğrul demişdi: "Əgər mən tikdirdiyim evin yanında ondan uca məscid tikdirməsəm, Allahın qarşısında nə cavab verərəm!".

Dilrubə Vaqifzadə


Tags:  Qənim arxa olan qardaşlar -TÜRKÜN TARİXİ FOTO-VIDEO


RƏYLƏR


Top news