İzzət Rüstəmov: "Dedim, ay rus dili, sənə əzab verəcəyəm..."

İzzət Rüstəmov: "Dedim, ay rus dili, sənə əzab verəcəyəm..."
10:54 26 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

...Mən elmləri bir-birindən seçmirdim. Bütün elm sahələrinə diqqət yetirirdim. Sonra gözləmədiyim halda dedilər ki, sən qızıl medala namizədsən. Nə tapşırıq olurdusa, hamısını yerinə yetirdim. Hətta orta məktəbdə riyaziyyat üzrə buraxılış  imtahanını müəllimlə birgə yoxladıq. Sonra gördüm ki, medalı gecikdirirlər, direktorun yanına getdim. Qədim Mustafayev adında çox hörmətli alim və ali təhsilli müəllim idi. Digərləri, ali təhsilləri olmasa da, təcrübəsi və qeyrəti olan insanlar idilər. Dedim, Qədim müəllim, hamı ali məktəbə qəbula gedir, mənim attestatım və medalım haradadır? Dedi ki, oğlum, gedərsən Bakıya, Bakıda hamısını hazır görəcəksən. Bakıya gələndə, indi həyatda olmayan əmioğlum məni vağzaldan 2 nömrəli tramvaya mindirdi və dedi ki, universitetin qabağında düşərsən. O vaxtlar şəhər haqqında təsəvvürüm başqa idi. Xuliqanlıq-filan. Dedim, mənə universitet lazımdır, dedilər, buradır. Dedim, yəqin məni aldadırlar. İndiki Nərimanov heykəlinin yanına getdim, dedilər, cavan oğlan, sən bir neçə dayanacaq artıq gəlmisən...
 
...Avqustun 4-nə qədər  özümü ora-bura vurdum.  Maarif Nazirliyinə getdim. Gördüm nə qızıl medal, nə kamal attestatı... Heç biri yoxdur. Kəndə xəbər verdik, qardaşım oradan müəyyən məlumat toplayıb gəldi.  Ona qədər mən Azərbaycan Pedaqoji İnstitutuna getdim. Dedilər ki, riyaziyyat fakültəsinə  attestatsız sənəd qəbulu var. Onda Səməd Seyidovun babası həmin institutda  rektor idi. Mən imtahana girənə qədər böyük qardaşım gəlib çatdı. O da APİ-də oxuyurdu. Məni tutub gətirdi universitetə. Mənim əvəzimə akademik Abdulla Qarayevin otağına girdi. Guya ki, mənəm. O, çox cəsarətli idi. Orada mənə bir arayış verdilər ki, bu cavan oğlan attestat alacaq. Abdulla Qarayev avqustun 4-də məni 2 imtahana buraxdı - coğrafiya və tarix. Hər ikisindən “Əla” qiymət aldım. Sonra digərlərindən də “Əla” aldım. Amma yeganə imtahan rus dili idi ki, ondan da köməklə bir “kafi” aldım. Çünki bu fənni məktəbdə keçməmişdilər, az-maz bilirdim. Fəlsəfə şöbəsinə qəbul olundum, amma təqaüd almadım. Bu da rus dilindən “3”  aldığıma görə idi. Amma dedim, ay rus dili, sən sən ol, mən də mən! Sənə əzab verəcəyəm və səni heç saymayacağam da. 4 il bu fəndən imtahan verdim, hər dəfə də “əla” aldım. O “əla”lardan ikisini müəllim  heç məndən soruşmadan yazdı.
 
... Amma həyat elə gətirdi ki, sonradan mən rus bölməsində dərs deməli oldum. Seminar və mühazirələrə başladım. İlk dəfə, mühazirəçi olaraq, auditoriyaya girdiyim rus bölməsindən Akif Quliyev indi görkəmli professordur, bioloqdur, biologiya fakültəsinin dekanıdır. Yəni çoxlu belə tələbələrim oldu ki, sonralar akademik oldular, general oldular və s. Çoxuna da mən yalnız rus dilində dərs deyirdim. Mənə elə gəlir ki, insan özünü düzgün dərk edirsə, iradəsi varsa, həyatın çətinliklərinə dözməyi bacarırsa, o qalib gəlməlidir.
 
...Gəlib-gedəndən soruşurdum ki, mən elə bir fakültəyə qəbul olmaq istəyirəm ki, orada digər elmlər də tədris olunsun. Kəndimizdə Zirəddin müəllim vardı, tarix müəllimi idi. Bir təpənin üzərində uzanmışdıq. Dedi, fəlsəfə fakültəsi var, Firudin Köçərli də orada oxuyur. Dedim, əgər o orada oxuyursa, deməli ora yaxşı yerdir. Ona görə də mən fəlsəfəni seçdim. Sonra heç peşman da olmadım. Dünyanın görkəmli alimi, bütün dünyada tanınan Aleksandr Rospoviç, Mehbalı Qasımov və digər təcrübəli müəllimlərdən dərs aldım. Amma onu deyim ki, nəticə təkcə müəllimlərdən asılı deyildi. Əgər tələbə fərasətli idisə, özü oxumaq istəyirdisə, o, nə çətinlik desən, aradan qaldırırdı. Rus dilini təzə öyrənirdim, amma Frensis Bekonun müəyyən əsərlərini Azərbaycan dilinə tərcümə etmişdim. Hətta bir dəfə xəstə olduğum üçün məntiqdən imtahana gəlməmişdim. Müəllim də çox sərt müəllim idi. Mən gələn kimi bir dənə “əla” yazdı. Mənim acığım tutdu. Dedim, mən cavab verməmiş niyə  “əla” yazırsınız? Dedi, Frensis Bekonun əsərini tərcümə edən adamdan nə soruşmalıyam? Məntiq müəllimimiz Mustafa Güliyev idi. Onun ilk ixtisası həkimlik idi, amma məntiqi də çox gözəl mənimsəmişdi.
 
...Biz riyaziyyat da keçirdik. Gördüm ki, riyaziyyatdan dərs keçən müəllim çox ordan-burdan danışır, mövzudan uzaqlaşır. Acığım tutdu. Dedim, müəllim, kənddən, ayağıçarıqlı, Molla Nəsrəddin nağılını dinləməyə gəlmişik? Müəllim məni sinifdən çıxartdı və dedi ki, dekana deyəcəyəm. Dedim ki, mən də rektora deyərəm. Otağın birində oturmuşdum, dekan müavini Zaman müəllim məni çağırdı yanına. Soruşdu ki, sən Firudinin canı, düzünü de, nə olub? Firudin Köçərli həm yerlimiz idi, həm də qohum idik. Nə əhvalat vardı danışdım. Müəllimi də çağırdı. Müəllim: “Zaman müəllim, sizin canınız üçün, Molla Nəsrəddin deyil, Nəsrəddin Tusidən danışmışam” dedi. Sonra həmin müəllim imtahanda mənə “4” verdi, sonra dost olduq. Onun müəyyən işlərini rus dilindən Azərbaycan dilinə tərcümə etdim.
 
...Uşaqlığımın müharibə dövrünə düşdüyü barədə onu deyə bilərəm ki, o dövrdə hamı müharibəyə kömək üçün çalışırdı. Kimi corab toxuyurdu, kimi yeməyindən kəsib göndərirdi, kimi pul verirdi. Eləcə də, bizim evimiz bacardığı köməkliyi göstərirdi. Bizim vəzifəmiz də gələn məktubları oxumaq idi. Bütün çətinliklərə dözürdük. Ən böyük çətinlik isə qida ilə bağlı idi. Yadımdadır, analarımız yeməyi bişirib öz övladlarına verirdilər. Sonradan dərk edirdik ki, özlərinə yemək qalmayıb. Deyirlər ki, torpaq, uğrunda ölən varsa, vətəndir. Bunu biz aydın dərk etmişdik ki, torpaq uğrunda döyüşlər gedir. Qohumlardan, qardaşlardan gəlməyənlər də oldu, igid olanlar da oldu. Eləsi oldu 94 yaşınadək yaşadı. Əmim oğlu, dayım, kəndimizdən neçə adam müharibədən gəlmədi. Ancaq insanlar bu məhrumiyyətlərə dözdülər. Analar mərdliklə atasız övladlar böyütdülər, onları yetişdirdilər, müəyyən məqama çatdırdılar, ali təhsil verdilər. Bəzən görürsən, kimsə bu cür çətinlikləri görmədən yüksək zirvədə oturmaq istəyir. Axı sən kiçik bir maneəni aradan qaldırmamısan, çətinliklər görməmisən. Zirvədə necə otura bilərsən?..
 
... O vaxt qaldığımız küçə indi Rastropoviç adına küçədir. Orada indi gimnaziya yerləşir. Həmin yer bizim kiçik ana vətənimiz idi. Ora biz tələbələrin yataqxanası idi. Yuxarı mərtəbədə qızlar, aşağıda isə oğlanlar olurdu. Xüsusilə, bazar günləri konsertlər təşkil edirdik. Mən demirəm ki, indi tələbələrimiz bundan məhrum olublar. Sadəcə, yataqxananın möcüzəsi başqadır. Gərək bunu ali məktəb rəhbərləri dərk etsinlər. Universitetin yataqxanalarını qaçqın və köçkünlər tutublar. Dövlətin də siyasəti var ki, onlar incidilməsinlər. Ümidvaram, BDU və digər ali məktəblər də tədbirlər görür ki, bizim yataqxanalarımız olsun. Əgər beynəlxalq elmi əlaqələrimiz, təhsil əlaqələrimiz güclənirsə, xaricdən gələn tələbələrə də, gərək, yataqxana və ya mənzil verəsən.
 
...Bizə də mənzili dərhal ayırmadılar. Alimlər evi adlanan yerin zirzəmisində  döşəmənin altına 1 metr hündürlüyündə su yığılırdı. Hər gün əl nasosu ilə oradan su çəkirdim. Elə həmin mənzildə də ailə qurdum. Mənim oğlum, indi Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov orada dünyaya göz açdı. Mərd insanlar  var idi. Mənim mənzilimin üstündə Mehbalı Qasımov olurdu. Bir gün bizə gəldi. Balaca bacamız  var idi, genişləndirirdim ki, işıq bir az çox gəlsin. Dedi, yazıq proletariat, gör harada yaşamaq məcburiyyətində qalıb. Ondakı 26-lar, indiki Səbail rayon Partiya Komitəsinə gedib mənim üçün 8-ci kilometr qəsəbəsində ikiotaqlı mənzil aldı. O, qeyrətli adam idi, sözü keçən adam idi. Mən 17 il həmin mənzildə yaşadım, indi Qara Qarayev adlanan metrodan bir az aşağıda oluram. Oğlum Məzahirin adını daşıyan məktəb də ondan bir az aralıdadır. Mən Prezidentimizə təşəkkürümü bildirirəm ki, o məktəbi xüsusi təmir etdirdi, orada Məzahirin adına layiq, qəhrəmanlara layiq bir guşə yaradıldı və  onun mərmərdən büstü qoyuldu.
 
...Əgər bilik, elm olmasa, müəllim nə cür sinfə girəcək? Sinfə girəndə həmin o biliyi sən necə təqdim etməlisən ki, səni müəllim kimi qarşılasınlar, sənin dediyini dərk etsinlər, sən onları tələbə ola-ola elmi yaradıcılığa da həvəsləndirəsən. Kim deyirsə ki, elmdən, bilikdən kənarda təhsil var, deməli, o ciddi səhvə yol verir. Mən istəmirəm ki, keçmiş dövrlə indiki dövrü müqayisə edəndə bəzi məqamlara toxunum, və yaxud da səhvlərə yol verim. Hələ onda baş nazirin müavini işləyirdim, bir dəfə televiziyada məndən soruşanda, dedim ki, mən Kommunist Partiyasının üzvü olanda da İzzət Rüstəmov idim, yenə İzzət Rüstəmovam. Mən həyatda olan vəzifələrimə, məsuliyyətimə həmişə ciddi yanaşmışam, bilmişəm ki, bu işi yerinə yetirməliyəm. Biz 6 qardaş idik. Hamı partiyanın üzvü idi, hamımız ali təhsilli idik, o cümlədən mən başda olmaqla 5 qardaş Bakı Dövlət Universitetini qurtarmışıq, özü də yüksək səviyyədə. Yəni o dövrdə elmin, təhsilin inkişafına heç də az fikir verilmirdi. Lakin ideoloji məsələlər var idi, bəzən o, sənin irəli getməyinə mane olurdu. Elə ona görə də o Kommunist Partiyası maneələrlə rastlaşdı. Öz fəaliyyətini davam etdirə bilmədi. Elə Dağlıq Qarabağ məsələsini götürək. Böyük Kommunist Partiyasına ermənilərin iddialarına uymaq, Qarabağ münaqişəsinin həllində ciddi mövqe tutmamaq yaraşmazdı. Bu mövqe indi də o davam edir, baxmayaraq ki, Kommunist Partiyası əvvəlki kimi hakim partiya deyil. Amma haradasa balaca bir istilik, mehribançılıq yaranırsa, deyirsən, Allaha şükür, bu gün-sabah Dağlıq Qarabağ problemimiz həll olunacaq. Müasir dövr əvvəlki dövrdən özünün keyfiyyəti ilə fərqlənir. Söhbət ondan gedir ki, indi informasiya əsri, informasiya texnologiyaları dövrüdür. Əvvəl sən məktubu bir göyərçinin ayağına bağlayıb göndərirdinsə, indi əlini düyməyə basan kimi Amerika ilə, yaxud Almaniya ilə əlaqə saxlayırsan. Mənim nəvəmin biri Almaniyada tibb fakültəsində oxuyur. Hərdənbir mənim üçün burada evlərində şərait yaradırlar, nəvəmlə ekran vasitəsi ilə  danışıram. Bu, böyük bir uğurdur. Əlbəttə, bunun çətinlikləri də var. Yəni bu dəqiqə elmin müxtəlif sahələrini mənimsəmək üçün texniki imkanlar yüksəlib. Amma gərək o texniki imkanlardan düzgün istifadə olunsun. Əldə edilən biliklər mənəvi cəhətdən, əxlaqi cəhətdən düzgün dərk edilsin.
 
...Hərdən fikirləşirəm, kasıb, zəhmətkeş bakılıları gözümün qabağına gətirirəm, bir maşını var, maşın ailənin üzvünə çevrilir. Əvvəldən axıra kimi onunla yaşayır. Biri də var, maşını dayandırır, özü də fasonla maşının yanında durur. Gərək insan, təkcə, maşını ilə yox, özünün şəxsiyyəti, ləyaqəti, cəmiyyətə verdiyi payla fəxr etsin. İndi nə olsun ki, mən neçə illərdir elm sahəsində çalışıram, gərək indiyə qədər akademik olaydım, heç olmasa, müxbir üzvü olaydım, amma deyiləm. Yenə qəm məni götürmür.
 
...Hamı bilsin ki, mənim baş nazirin müavini olduğum dövr, nəinki Azərbaycan xalqının, ümumiyyətlə, Azərbaycan Respublikasının, onun hökumətinin həyatında ən çətin dövr idi. Torpaqlarımız işğal olunmuşdu, deyək ki, indi bəzilərini geri qaytardıq, Füzulinin bir hissəsi, Ağdamın bir hissəsi əlimizdədir...
 
Bizim 1 milyondan artıq köçkünümüz, yəni işğal olunmuş özümüzün rayonlarımızdan olan, bir də Ermənistandan qovulan, digər respublikalardan pənah gətirib bizə gələn çoxlu sayda qaçqınımız vardı. Onların içərisində azərbaycanlı da vardı, rus da,  Axıska türkü də... Kənardan gələnlərə də rus dilində “беженцы”, ingilis dilində “refugees”, o birilərnə “İDPs” deyirlər, yəni məcburi köçkün. Bax bunlar var idi, bunları dolandırmaq lazım idi, bunlara qida çatışmırdı. Mən deyim ki, o dövrdə aldığım əsas dərs bu oldu ki, mən dara düşən, işğala məruz qalmış insanların ahu-zarına şərik ola bildim, onlara çarə tapa bildim.
 
Elə yenicə baş nazirin müavini təyin olunmuşdum ki, 3 gün sonra  Romaya göndərildim. Orada BMT-nin Dünya Ərzaq Proqramının iqamətgahı var idi. Onda Azərbaycanın bir həftəlik qida ehtiyatı qalmışdı. Heydər Əliyev təşkil etdi, əvvəldən danışmışdı, məni ora göndərdi. Mən də xaricdə belə işlərdə olmamışam. Lakin bir böyük ürəyim var idi, elə bir ürək ki, mən getməliyəm və xalqıma kömək etməliyəm. Özü də elə bir hal idi ki, biz humanitar yardımı Çeçenistan xətti ilə ala bilmirdik, orada müharibə gedirdi. Gürcüstanın nümayəndələri ilə danışmalı idik ki, sizin Poti və digər limanlardan imkan verin, bizə humanitar yardım gəlsin, biz də sizə bunu kömək edərik, onu kömək edərik və etdik də. Yardım Poti-Batumi xətti ilə gəldi. Mən getdim orada Dünya Ərzaq Proqramının rəhbərliyi ilə söhbət etdim. Onda məni Xarici İşlər Nazirliyindən İbrahim müəllim və Mahmud əl-Səid müşayiət edirdi. Mahmud əl-Səid BMT-nin Azərbaycandakı nümayəndəsi idi, rus dilini gözəl bilirdi. Mən xaric görməmişdim. Mənə danışmaq lazım idi, danışmağım da uğurlu oldu, Azərbaycana 100 min ton taxıl ayrıldı.
 
...Həyatdakı çətinliklərin aradan qaldırılmasında həm genetik, həm də sosial amillər rol oynayır. Mən adlı-sanlı, igid insanları olan bir nəslin övladıyam. Gözümü açanda zəhmətkeş insanları, əmilərimi, atamı görmüşəm. Atamın əlində neçə qat qabar var idi. Lakin mərd insan idi, ağıllı insan idi. O, 6 oğlu, 7 olub, birini biz görməmişik, ona Cavadxan adı veriblər, 6 oğul, 1 qızı tərbiyə edib, saxlayıb, paltarla təmin edib. Anamla ikisi də cəsur insanlar idi. Bütün çətinliklərə dözdülər. Hətta atama deyirdilər ki, mən 49-cu ildə orta məktəbi qurtarmışam, qoy bu il İzzət qalsın, İsmayıl hələ oxusun. Atam maraqlı cavab verib. O dövrdə atın nə qiyməti varmış bilmirəm, atam deyib ki, mən atımı satacağam, amma İzzəti oxudacağam.
 
...Mən kəndimizdən 6-7 kilometr aralıda yerləşən Çayrəsulluda orta məktəbə gedirdim. Əslində oranın da çoxu bizim nəslimizdir - Düzrəsullu, Çayrəsullu. Orada mənə bir qarının evində, hətta, yer də tutmuşdular ki, məktəbdən gələ bilməyəndə orada qalım, mənim oxumağıma mane olmasın. Atam məndə o qədər mənəvi keyfiyyətlər tərbiyə etmiş,  nağıllar danışmışdı ki...Tək mən yox, qohumlar yığılırdı ki, Əşrəf əmi, bir Bəhlul Danəndədən danış, Molla Nəsrəddindən danış. Deyim ki, onun danışdıqlarının çoxunu mən universitetin auditoriyasında tələbələrə danışırdım. Yəni anam da, atam da zəhmətkeş idilər və mənim özümün əlim nəyisə tuta biləndən ailədə işləyirdim. Müəyyən dövrdən sonra təsərrüfata elə mən rəhbərlik edirdim. Əlbəttə, bu, 49-cu ilə qədər olan vaxtlar idi... İş çox olurdu, onu idarə etmək lazım idi.
 
...İndi mən BDU-nun sosiologiya kafedrasının müdiriyəm, bir az fəlsəfədən uzaqlaşmışam, amma fəlsəfəni yenə sevməkdə davam edirəm. Gərək biləsən, həyatın dəyişən şəraitində insan özünü necə aparmalıdır. Hər bir yer, elə lap balaca təsərrüfat olsun, idarə edilməlidir. O gün bir verilişdə dedim ki, necə yəni, əgər müəyyən tabeçilik olmasa, subordinasiya olmasa, kimsə kiməsə tabe olmasa, kim kimin sözünü eşidər? Mexanizm işləməyəcək, idarəçilik baş tutmayacaq.
 
... Bilirsiniz, bir bütövü hissələrə parçalayanda hər bir hissə haqqında danışmaq mənasız olur. Onlar hamısı bir sistemi təşkil edib insanın xarakterində əzmkarlıq, iradəlilik, çətinlikdən qorxmamaq, elmə həvəs göstərmək, idraki maraq kimi keyfiyyətləri formalaşdırır. Bayaq torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan oğlum, Azərbaycanın Milli Qəhrəmanı Məzahirdən danışdınız. Mən onu deyim ki, Məzahir indi babadır. Onun 3 aylıq nəvəsi var. O Təhminə qızımız ki, Heydər Əliyevin qucağındakı şəkli  bütün Azərbaycanı gəzmişdi, indi ali savad alıb, kənd təsərrüfatı idarəsində işləyir.  Prezident Administrasiyası yanında İdarəçilik Akademiyasını bitirib, gözəl bir oğlanla ailə qurub, Məryəm adında gözəl bir qızı var. Yəni mənim nəticəm var.  Burada sevinc hamısı bir mərkəzdə birləşir. Düşünürəm ki, Allah sənə şükür, Məzahirin yeganə övladı indi bir ailə ocağı yaradıb. Nağıldan danışırdım ki, Rəfiqə, bildiyim nağıllar qurtaranda özümdən uydururdum və Məzahir də deyirdi, ata, bu nə gözəl nağıldır, deyirəm, onları lentə yazsaydıq,  indi qalardı. Bunu deyəndə, istər-istəməz gözüm yaşardı. Mən həyatımda qəmi də yaşamağı bacarıram, sevinci də... 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR