Prezidentə hesabat təqdim edəcəyi gün öldürüldü – “Nə İraq, nə də başqa ölkə qalacaq”

Prezidentə hesabat təqdim edəcəyi gün öldürüldü – “Nə İraq, nə də başqa ölkə qalacaq”
12:43 26 Oktyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 19-da “Misaki Milli” (Milli And) bəyannaməsinin xatırlandığı çıxışından sonra bu məsələ mətbuatın gündəmini tutub.

Publika.az xəbər verir ki, “Star” qəzetində dərc olunan bir yazıda “Misaki Milli”nin sərhədlərinə daxil olan İraqın Mosul vilayətində araşdırmalar aparan Raif Karadağın ölümündən bəhs edilib.

Ankaranın “milli vəzifə” üçün 1964-ci ildə Mosula göndərdiyi Raif Karadağ 5 il sonra geri dönür. O, topladığı sənədləri Türkiyə prezidenti Fahri Korutürkə təqdim edəcəyi gün – 12 dekabr 1973-cü ildə otel otağında öldürülür.

Məlumata görə, dövlət Raif Karadağa neft və Mosul mövzusunu araşdırmağı tapşırmışdı. Karadağın daha rahat işləməsi üçün ona “səfir müşavirliyi” statusu verilməsi gündəmə gəlmişdi. O, Türkiyə və ingilis arxivlərində Türkiyənin xeyrinə olan sənədlərlə tanış olduqdan sonra Diyarbakır-Mosul xəttində neft araşdırmaları aparıb. Sultan Əbdulhəmidin təlimatı ilə hazırlanan hesabatları araşdıran Karadağ Türkiyənin özünə 100 il kifayət edəcək neftinin olduğu qənaətinə gəlir. Karadağ 50 il əvvəl sanki bu günün də şəkilini çəkmişdir: “Bu nefti bizə verməzlər. Bölgədə nə İraq, nə də başqa bir ölkə qalacaq. Hamısını tarixdən siləcəklər”.

Karadağ bu sözləri öldürülməsindən bir gün əvvəl söyləmişdi. Ailəsinə onun xroniki ürək çatmazlığı ilə əlaqədar öldüyü deyilmişdi. Amma onun ailəsində heç bir ürək xəstəsi olmayıb. Bundan başqa, 53 yaşında öldürülən Karadağ heç dərmandan istifadə etməyib. Ailəsi cəsədin yarılmasını istəsə də, bunu etməyiblər. Hadisənin baş verdiyi otel otağında ürək dərmanının olduğu bir paket tapılmışdı. Maraqlıdır ki, paket yeni açılmış və içindən yalnız bir ədəd dərman götürülmüşdü.

Oğlu Murad Karadağ ölümünün bütün Türkiyədə şübhəli hesab edilməsinə baxmayaraq, atasının cəsədinin yarılmadığına diqqət çəkir. O, atasının Mosul və Türkiyə nefti ilə əlaqədar araşdırmaya qurban getdiyini bildirib.

Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.

“Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.

1926-cı ildə iraqlılarla imzalanan müqaviləyə əsasən, əgər Kərkük-Mosul bölgəsi Bağdad hakimiyyətinin əlindən çıxarsa, Türkiyə Cümhuriyyəti dərhal və qeyd-şərtsiz sözügedən ərazidə haqq sahibi olacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR