Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda tədbir keçirilib

"Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda tədbir keçirilib

Date: 26 October 2016 13:32

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda tədbir keçirib.
"Report" xəbər verir ki, tədbirdə deputatlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də BMT-nin İnkişaf Proqramının nümayəndələri iştirak ediblər.
Mərkəzin rəhbəri Aynur Camal bildirib ki, layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsinə çalışılacaq: "Ölkədə son illərdə qeyri-neft sektorunun inkişafına yönələn diqqət bu sahəyə olan marağı artırır. Keçən ilin rəsmi statistikasına əsasən, məşğul əhalinin 36,4 faizi kənd təsərrüfatında fəaliyyət göstərir. Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksini tapmır. Bu gün sadəcə kənd təsərrüfatında muzdla işləyən qadınların sayı məlumdur. Onların sayı keçən il 9 733 nəfər olub. Halbuki bu rəqəm 2014-cü ildə 10 125 nəfər idi. Sahibkarlıq sahəsində qadınlar daha çox muzdlu işçi qüvvəsi kimi çalışırlar. Onların arasında rəhbər kimi işləyənlərin sayı azdır".
Onun sözlərinə görə, layihə çərçivəsində Bərdə, Tərtər, Salyan, Neftçala, Masallı, Ucar və digər rayonlarda fəaliyyət göstərən fermer qadınlarla söhbət edilib, onların fəaliyyəti, qarşılaşdıqları çətinliklər araşdırılıb.
Deputat Fəzail Ağamalı vurğulayıb ki, humanitar sahədə qadınların sayı kifayət qədərdir: "Lakin fermer təsərrüfatlarında qadınların rolu azdır. Qadınların yalnız fiziki imkanlarından istifadə olunur. Kişilər çay içməklə, qadınlar isə evin bütün yükünü öz üzərinə götürür. Kişi fermerləri qadın əməyindən istifadə edir. Bundan başqa, qadınların əməyinin qarşılığı lazımi miqdarda ödənilmir".
Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri çıxış edərək layihə barədə fikirlərini bildiriblər.

Tags:  Qadın fermer təsərrüfatları problemlər təşəbbüslər uğurlar mövzusunda tədbir keçirilib

RƏYLƏR


Top news