Aynur Camalqızı: “Kənd təsərrüfatı məhsullarının 80 faizini qadınlar istahsal edir” - FOTOLAR

Aynur Camalqızı: “Kənd təsərrüfatı məhsullarının 80 faizini qadınlar istahsal edir” - FOTOLAR
14:03 26 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Qadın Konsersus Mərkəzi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihənin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Qadın Konsersus Mərkəzinin rəhbəri Aynur Camalqızı iki ay davam edəcək layihə barədə ətraflı məlumat verib:

“Layihə çərçivəsində Azərbaycanın kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılması və “15 oktyabr –Dünya Qadın Fermerlər Günü”nə diqqət ayrılması ilə bağlı təşqivat aparmaq planlaşdırılır”.

Aynur Camalqızı bildirib ki, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına artan diqqətlə bağlı kənd təsərrüfatı alternativ sahə kimi tez-tez xatırlanır:

“Ərzaq və kənd təsərrüfatı məhsullarının 80 faizi qadınlar tərəfindən istahsal olunur. Deməli, qadınların rolu əhəmiyyətli dərəcədədir. Layihə çərçivəsində bu qadınları cəmiyyətə tanıtmaq istəyirik. Bölgələrdə belə qadınlar çoxdur. 2015-ci ilin rəsmi statistik məlumatlarına əsasən, məşğul əhalinin 36,4 faizi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Kənd təsərüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksini tapmır. İndi sadəcə kənd təsərrüfatında muzdlu işləyən qadınların sayı bəllidir. Onların da sayı 2015-ci ildə 9733 nəfər olub. 2014-cü ildə bu rəqəm 10125 nəfər idi”.

Layihənin rəhbəri Fainə Hənifəyeva Qadın Konsensus Mərkəzinin daima qadınlarla bağlı silsilə layihələr həyata keçirdiyini xatırladıb. Onun sözlərinə görə, layihələrin hamısı qadınların iqtisadi gücünün nümayişinə yönəlib: “Bura məişət zorakılığının qarşısının alınmasından tutmuş lider qadın yetişdirilməsinədək mühüm məsələlər daxildir. Məqsədimiz qadınların bir çox sahələrdə rolunun güclənməsi, onların maddi asılılığının azalmasıdır”.

F.Hənifəyeva qeyd edib ki, layihə çərçivəsində Bərdə, Tərtər, Salyan, Neftçala, Masallı, Ucar və s. rayonlarda fəaliyyət göstərən fermer qadınlarla müsahibələr edilib, onların fəaliyyəti, qarşılaşdıqları çətinliklər araşdırılıb, Azərbaycanda “Fermer qadın” portreti cızılıb:

“Oktyabrın 15-də Dünya Fermerlər Günü idi, həmin gün mətbuatda silsilə yazılarla çıxış edərək diqqəti qadın fermerlərin problemlərinə yönəltdik. Araşdırmalarımıza görə, qadınlar əkinçilik və heyvandarlıq sahələrində fəaliyyət göstərirlər. Siyəzən, İmişli, Dəvəçidə fermer qadınlar quşçuluqla, cənub rayonlarda sitrus meyvələrinin yetişdirilməsi, Şəmkirdə isə istixanalarda meyvə-tərəvəzin yetişdirilməsi ilə məşğul olurlar. Müsahibə verən qadın fermerlər üzləşdikləri problemlərdən də danışıblar. Buraya maddi gəlirlərinin, texnologiya və innovativ biliklərin azlığı, torpağın məhsuldarlığının artrılması, gübrədən düzgün istifadə, ziyanvericilərlə mübarizə, düzgün toxumun seçilməsi, bazarın əlçatan olmaması, nəqliyyat, tədarük məsələsi kimi problemlər daxildir. Məhz bu problemlər səbəbindən məhsuldarlıq aşağı düşür. Cavan qadın fermerlər bazarda yetişdirdiyi məhsulu satmaqdan utanırlar. Onlar etiraf edirlər ki, pul olsa, toxum alıb yaxşı nəticə əldə edə bilərlər”.

Milli Məclisin deputatı Fəzail Ağamalı tədbirin təşkilinə görə “Qadın Konsensus Mərkəzi”nin rəhbəri Aynur Camalqızına təşəkkür edərək deyib ki, Azərbaycanda gender bərabərliyi mövcuddur. Onun sözlərinə görə, Azərbaycanın ictimi-siyasi həyatında kişilər kimi qadınlar da öz töhfələrini verməkdədir: “Bu, dövlətin apardığı siyasətlərdən biridir. Ancaq çox təəssüf ki, kənd təsərrüfatı sahələrində çalışan fermerlər arasında qadınların sayı azlıq təşkil edir. Bu sahədə daha çox kişilər təmsil olunur.

Etiraf etmək lazımdır ki, bu gün ölkə başçısı Azərbaycanda fermer təsərrüfatlarının inkişafı istiamətində ciddi addımlar atır, dövlət tərəfindən yardımlar olunur.

Ölkə başçısının kənd təsərrüfatı sahəsinə başçılıq edən şəxsin yenisi ilə əvəz etməsi bu sahədə inkişafa gətirib çıxaracağına inam yaradır. Etiraf etmək lazımdır ki, buna qədər Azərbaycanda kənd təsərrüfatı sahəsi yaxşı vəziyyətdə olmayıb”.

F.Ağamalı bildirib ki, indi Azərbaycanda qadınlar da kənd təsərrüfatı sahəsində çalışır:

“Bu gün cənub zonasına gedəndə yolboyu Salyanda, Cəlilabadda və digər rayonlarda əkin sahələrində nə qədər qadınların çalışdığının şahidi oluruq. Bütün bu təsərrüfatlarda qadın əməyindən istifadə olunur. Ancaq həmin təsərrüfatlarının əksəriyyəti kişi sahibkarlara məxsusdur. Elə etmək olar ki, qadınlar da həmin təsərrüfatlarda rəhbər olsunlar”.

F.Ağamalı Azərbaycanda xırda təsərrüfatlarının birləşdirilməsinin vacibliyini də vurğulayıb:

“Ailə fermer təsərrüfatlarında qadınların rolunu artırmaq lazımdır. Elə etmək lazımdır ki, ailə fermer təsərrüfatlarında qadınlar da rəhbərlikdə çalışsınlar. Bunun üçün maarifləndirici xüsusi seminarlar keçirmək lazımdır. Bu seminarları İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri və yerli icra hakimiyyətləri ilə birgə təşkil etmək olar. Hesab edirəm ki, bu təşəbbüs çox gözəldir. Ona görə də bu istiqamətdə müvafiq addımlar atılması lazımdır”.

Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, Azərbaycanda daha böyük kənd təsərrüfatlarının olması üçün kiçik təsərrüfatlar birləşdirilməlidir:

“Bu gün Azərbaycanda torpaqların bir çoxu şoranlaşdığı üçün onların təmizlənməsi ilə bağlı müvafiq addımlar atılmalıdır. Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması işinə dövlət tərəfindən də dəstək verilməsi vacibdir. Bu istiqamətdə cənab Prezident İlham Əliyev tərəfindən də addımlar atılır. Hətta, “ASAN Xidmət”-in nəzdində fermerlərə dəstək verilməsi işi ilə bağlı ölkə başçısı tərəfindən müvafiq fərman imzalanıb. İndi Azərbaycanda kiçik fermer təsərrüfatlarının inkişafı üçün dövlət tərəfindən dəstək mütləq lazımdır. Hesab edirəm ki, dövlət də bu dəstəyi verəcək”.

Tədbir çıxışlarla davam edir.

Vasif Həsənli

Fotolar: Elçin Murad


























Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/173601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR