Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Multikulturalizm” jurnalının ikinci sayı çap olunub

“Multikulturalizm” jurnalının ikinci sayı çap olunub

Date: 26 October 2016 16:12

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının ikinci sayı işıq üzü görüb.
"Report" xəbər verir ki, jurnalın “Azərbaycançılıq” rubrikasında Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı nitqi, “Dünyanın tanınmış din xadimləri” rubrikasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Ağa Əlizadə – cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” məqaləsi yer alıb.
Bundan başqa, jurnalın “Çoxmədəniyyətlilik” bölməsində İsveçrənin Frayburq Universitetinin baş müəllimi Ansqar Yödikenin “Dəyişən dünyada müxtəlifliyin idarə olunması problemi” (ingilis dilində), “Tariximiz, bugünümüz” rubrikasında tarix elmləri namizədi Südabə Zeynalovanın “Multikulturalizmin tarixi: avropalılar Azərbaycanda” (rus dilində), “Homo Sapiens” rubrikasında Qan Turalının “İnsan olmanın macəra dolu qəddar tarixi”, “Tənqid və esseistika” rubrikasında Şərif Ağayarın “İki qitəni birləşdirən və ayıran yazıçı”, “Resenziya” rubrikası altında AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin “İslam peyğəmbərinin həyatı haqqında dəyərli mənbə” yazısı, “Höte zalı” rubrikasında şair-tərcüməçi Səlim Babullaoğlunun polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşdan tərcümələri, eləcə də, İtalo Kalvinonun “Nizaminin “Yeddi gözəl”i” adlı essesi, Ömər Xəyyamın İsmayıllının haputlar yaşayan kəndləri haqqında reportajı, “Qürbətdən görünən Vətən” rubrikasında Milli Məclisin deputatı Sevinc Hüseynovanın “Hardan başlanır Vətən…” adlı ön sözü ilə əslən Gədəbəyin Slavyanka kəndindən olan Mariya Popovanın şeirləri (rus dilində) çap olunub.
Jurnalın “Axundov zalı” bölməsində tanınmış şairlərdən Mətləb Ağanın, Aqşin Yeniseyin, Qismətin şeirləri dərc edilib.
“Multikulturalizm” jurnalının budəfəki “Region” əlavəsi Azərbaycanın cənub bölgəsinə həsr edilib. Rubrika çərçivəsində Şəkər Aslanın, Əhəd Muxtarın, Arif Fərzəlinin, Sabir Yusifoğlunun, Balaxan Qəribin, Balayar Sadiqin, Tərlan Əbilovun, Anar Həbiboğlunun, Cavidanın, Zahir Əzəmətin, Mehman Qaraxanoğlunun, Anar Aminin, Allahverdi Bayraminin, Bəxtiyar Ruşinin, Əbdülrza Əhmədovun, Elşad Səfərlinin, Xanəli Tolişin, İlham İlhaminin, Vüqar Həmatinin Azərbaycan və talış dillərində şeirləri, Aslan Quliyevin “Qarpız” hekayəsi işıq üzü görüb.
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

Tags:  Multikulturalizm jurnalının ikinci sayı çap olunub

RƏYLƏR


Top news