Bakıda kosmonavt balı satılır - BAL SƏRGİSİNDƏN REPORTAJ

Bakıda kosmonavt balı satılır - BAL SƏRGİSİNDƏN REPORTAJ
16:54 26 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi hər il olduğu kimi bu il də  paytaxtda arıçılıq  məhsullarının sərgi-satışını təşkil edib. Bu ilki sərgiyə 71 ton bal çıxarılıb. 
 
Yarmarkada iştirak etmək üçün 400 arıçı müraciət etsə də, onlardan  8 iqtisadi rayon üzrə cəmi 254 nəfər seçilib. Məhsullar laboratoriyadan keçirilib, 24 ton saxta bal sərgidən çıxarılıb.
 
Yarmarkaya Qax rayonundan qatılan arıçı Bədrəddin Həsrətov deyir ki, ilk gündən bu sərgidə iştirak edir. Əvvəllər bir çox arıçının bu sərgilərdə iştirak edə bilmədiyini deyən müsahibimizin sözlərinə görə, arıçılıqdan anlayışı olmayan şəxslər sərgini işğal edib və onları buradan çıxardıblar. Onun sözlərinə görə, indiki sərgi bu vaxta kimi keçirilən sərgilərin ən yaxşısıdır. Ancaq buna baxmayaraq, arıçıların bir çox narazılığı da var. Daha çox onlara ayrılan yerdən gileylənirlər.
 
"Arıçılar şikayət edirlər ki, yeri bir az uzaqdır. Təcrid olunmuş yerdir. "Amay" Ticarət Mərkəzi şəhərdən kənar hesab olunur. Bundan başqa sərginin müddəti bir az gec təşkil olunub. Bu, arıçılar üçün bir az çətinlik törədir. Arıçı öz arılarını qışlamaya hazırladığı dövrü burada keçirmək məcburiyyətindədir. Bir də soyuqdur. Dayandığımız yerdə isitmə sistemi yoxdur. Soyuq bir yerdir".
 
Arıçı deyir ki,  kütləvi alıcılıq qabiliyyəti olmasa da, satış pis deyil. O bildirir ki, şənbə və bazar günləri satış daha yaxşı olur. Lakin sərginin ilk günlərində yağan aramsız yağışlar alıcılıq qabiliyyətinə nisbətən mənfi təsir edib. Bədrəddin Həsrətov deyir ki, bu il məhsuldarlıq aşağı olub. Buna görə də qiymətlərdə artım müşahidə olunur.
 
"Keçən il anbara təxminən 500 ton bal yığılmışdırsa, bu il cəmi 70 ton  bal yığılıb. Məhsuldarlıq da aşağı olub. Qiymətlərdə də artım müşahidə olunur. Keçən il bal 15 manata satılırdısa, bu il 25-30 manata satılır. Əvvəlki illərdə 15 manata satırdıq. Bu il minimum bal satışı 20 manatdır. Qiymətlərin artması birbaşa balın maya dəyərini artmasına gətirib çıxarır. Əvvəllər qiymət qoyurdular ki, bu qiymətə satacaqsınız, bu il sərbəstdir. Bazar iqtisadiyyatıdır, buna uyğun olaraq arıçılar qiyməti  özləri  tənzimləyir".  
 
Hə, indi də keçək sərgiyə gətirilən arıçılıq məhsullarına. Əlimdə gördüyünüz bu bal şabalıd balıdır. Deyilənə görə, Türkiyədə daha çox məşhurdur. Türkiyə prezidentinin hər səhər bu baldan istifadə etməsi onu daha da populyarlaşdırıb. Türkiyədə məşhur olan bu bal Azərbaycanda da məşhurdur. Digər ballarla müqayisədə qiyməti bir az bahadır. Qeyd edim ki, şabalıd balı bir çox xəstəliklər üçün faydalıdır.
 
"Məsələn, çökə balı  soyuqlamanı çıxarır, akasiya balı göz problemlərində, ağ ciyər problemlərində istifadə olunur, gəzəngi balını, şəkər xəstələri qəbul edirsə, şabalıd balını birbaşa ürək-damar problemi olan insanlar daha çox qəbul edirlər. Bu bal olduqca azdır, qiyməti isə 35 manatdır".
 
"Bu arı məhsulu kosmonavtlar üçün nəzərdə tutulub. Başqa qida qəbul etmədən gündə 3 dəfə bundan yeməklə yaşamaq mümkündür. Artıq çəkidən qurtulmaq üçün də istifadə etmək olar".  
 
"Kosmonavt qidası - çiçək tozu, bal, bir də arı südünün qarışığıdır. Bunlar üçü bir yerdə olanda insan üçün lazım olan hər şeyi verir. Bu həqiqətən də kosmonavtların özləri ilə kosmosa apardıqları baldır. Bir çay qaşığı bir dəfə yeməyi əvəz edir".
 
Bədrəddin Həsrətov deyir ki, bal arısının 14 adda məhsulu var. 10 məhsulunu  yığıb toplaya bilsələr də,  4-ü yığılmır. Arının aurası,  səsi, vızıltısı da dərmandır.
 
Gördüyünüz bu bal məşhur Boz Qafqaz arı cinsinin Qabaqtəpə populyasiyası növüdür. Burada satılan balların bahalı növlərindəndir. Sərginin 10 günü keçməsinə baxmayaraq artıq 40 kiloqram satılıb.
 
Arıçı Mehman Musayev deyir ki, Qabaqtəpə arı sortunun fərqli xüsusiyyətləri var: "Bu bal Daşkəsənin Qabaqtəpə kəndinin balıdır.  Bu bala Qabaqtəpə sortu deyirlər. Bu arının xortumu uzundur, istənilən çiçəyin dərinliyinə girə bilir. Zonada ən güclü bal növüdür. Bu bal ürək,  qara ciyər, mədə xəstəlikləri üçün dərmandır. Təmiz dağ balıdır. Qiyməti 50 manatdır. Sərgi olduğu üçün ucuz veririk".
 
Bu bal isə keçən ildən qalan baldır. Deyirlər ki, yaxşı bal xarlamalıdır. Bu bal da xarlayıb. Dadına baxaq görək necədir. Dadlıdır.
 
Mehman Musayev təmiz balın xarlamasını adi hal sayır: "Təbii bal xarlayanda nehrə yağı kimi olmalıdır. Balın xarlama prosesi var. Bal öz funksiyasını itirmir. Bunun tərkibində şəkər tozu qarışığı olsa, bu, kristallaşar. Saxta bala bıçaq girmir, təmiz bal isə belə olmalıdır. Nehrə yağı kimi.  
 
Yarmarkada ən bahalı bal “Vəhşi bal”dır, onun qiyməti isə 100 manatdır. “Vəhşi bal”ın satıcısı İlqar Məmmədov bildirib ki, baha olmasına baxmayaraq, alıcılıq qabiliyyəti yaxşıdır. O, bu balı sərgidə 80 manata satdığını deyir: "Bu balın fərqi ondadır ki, arı ailəsi əgər yeşiklərdə olarsa, biz şanlardan istifadə edirik. Ancaq bu pətəklər arının özünün toxuduğu pətəklərdir. Burada hər şey təbii alınıb. Elə fərz edin ki, bir ağacı yonub, vermişəm arı ailəsinə demişəm ki, arılar siz nəyə qadirsiz, göstərin mənə. Nəhayət onlar bu şanı ərsəyə gətirdilər. Burada hər çiçək növündən istifadə olunub. Mən bunu aparıb qayalıqda yerləşdirdim. Qax rayonunda və o qayalıqda onlar mənim üçün belə bir məhsulu ərsəyə gətirdilər. Yarısını satmışam".
 
Yarmarkaya gələn alıcılar da sərgidən məmnun görünürlər:  
 
- Bütün Azərbaycanın gözəl guşələrindən ballar var. Bal məsələsi zövqlədir. Bizimkilər İsmayilli zonasının balına üstünlük verirlər. Bir-ikisinin dadına baxdıq, xoşumuza gəldi. 25 manata deyir, qiyməti razılaşıb alacağıq.
 
- May balı daha yaxşıdır. Çox yandırmır. 20 manata aldım.
 
Qeyd edək ki, yarmarka  noyabrın 15-ə kimi davam edəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR