Avrasiyanın “ürəyi”ndə üç ssenari: dünyanın hökmdarı kim olacaq?

Avrasiyanın “ürəyi”ndə üç ssenari: dünyanın hökmdarı kim olacaq?
17:03 26 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Asiya regionu – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan – hazırda iki təhlükə ilə üz-üzədir.

1. Əfqanıstandan radikal müsəlmanların müdaxiləsi.
2. Çinin tədricən hiss olunan həmləsi.

Bu iki təhlükə hazırda qabarıq görünür, lakin o da qeyd olunmalıdır ki, supergüclər bütün region uğrunda olduqca təhlükəli mübarizə aparır.

***

SSRİ dağılandan sonra region ölkələrinin əksəriyyəti feodalizmə qayıtdı. Hansı ki, SSRİ-yə qədər bu region tayfa prinsipi ilə idarə olunurdu. Xüsusilə, Türkmənistan və Tacikistanda bu, qabarıq görünür. Digərləri ilə müqayisədə bu iki ölkədə birinci şəxsin iradəsi hakimdir.

Misal üçün, Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov yerli tayfaların ağsaqqallarına öz hakimiyyətini qəbul etdirərək iqtidarını qurdu. Tacikistan prezidenti Emomali Rahmon əvvəlcə Kulyab qəbiləsinə arxalanırdı. Sonra doğma Danqara şəhərindən gələnlərə bel bağladı. Nəhayət, ən sonra yalnız öz ailəsini hakimiyyətin mənbəyi elan etdi.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev əhaliyə müəyyən iqtisadi azadlıq verərək, ölkəni müasirləşdirmək qərarına gəldi. Qırğızıstanda Əsgər Akayevin 15 illik hakimiyyətindən sonra demokratiyaya keçid başlandı və həmin vaxtdan başlayaraq, ölkə daxili problemlərlə əlləşir. Özbəkistanda İslam Kərimovun bir qərinəyə yaxın hökmranlığından sonra yenə eyni sistemi davam etdirirlər.

Rusiya və Qərb Mərkəzi Asiyaya həmişə bütöv bölgə olaraq baxır. Rusiya, ABŞ və Yaponiyada bu regiondakı ölkələr bir-birindən fərqləndirilmir. Avropa Birliyi isə bu regionu bütövlükdə xammal resurslarının mənbəyi və bazar olaraq görür. Lakin heç də təsəvvür edildiyi kimi, Mərkəzi Asiya vahid region deyil.

Hesab olunur ki, Mərkəzi Asiyanın vahidləşməsi üçün üç versiya var.

Birinci: bu, Avrasiya İqtisadi İttifaqıdır. Rusiya və Qazaxıstanın təşəbbüsü ilə yaradılan bu ittifaq SSRİ-nin oxşarı olmağa cəhd edir. Lakin bu ittifaqın uzunmüddətli və düşünülmüş iqtisadi strategiyası olmadığı üçün güclənməsi və regionu öz qanadları altında möhkəm saxlaması çətindir.

İkinci: bu, Çinin “Yeni İpək Yolu” konsepsiyasıdır. Bu layihə Pekinin Mərkəzi Asiyaya doğru sürünən təhlükəli ekspansiyası olaraq qiymətləndirilir.

Üçüncü: bu, islam fundamentalizmidir. Mərkəzi Asiyada əhalinin geniş kütlələri tərəfindən bu konsepsiya qəbul edilir. Bu konsepsiyanın Amerikanın əlində olduğu fikri güclüdür. ABŞ coğrafi tərəfdən uzaq olan regiona məhz radikal islamçıların əli ilə təsir etməyə cəhd edir.

Hər üç konsepsiyanın heç biri tam olaraq alınmayıb və region uğrunda bir-birinə qarşı mübarizə aparır.

Bu mübarizənin nəticəsinin nə olacağı hələ ki, görünmür. Lakin geosiyasi proseslərə bir fikir də hakimdir: Mərkəzi Asiyaya nəzarət edən Avrasiyaya nəzarəti təmin edəcək. Avrasiyaya nəzarət isə bütün dünyanı idarə etməyə imkan yaradacaq.

Bu fikirlər fonunda Avrasiyanın “ürəyi”ni fəth etmək istəklərinin hədəfi aydın görünür.


Mərkəzi Asiya üzrə rusiyalı ekspert Arkadi Dubnov hesab edir ki, Rusiyanın əli hələ ki, güclü görünür: “Moskva üçün Qırğızıstanı yanına çəkmək regionda hakimiyyət üçün çox əhəmiyyətli idi. Hazırda Bişkek də Moskvanın çətiri altına girib, yaxud belə görünür. Prezident Almazbek Atambayev həmişə Moskvanı aldadan və nəticədə bunun əvəzini ödəyən sələfi Kurmanbek Bakiyevdən yaxşı dərs götürüb. O, Rusiya ilə ağıllı münasibət qurmağa çalışır. Amma Atambayev Rusiya və Çin arasında da balansı məharətlə saxlayır. Çinin Qırğızıstana təsiri his olunacaq qədər artır. Buna paralel olaraq, Rusiya da Qırğızıstana müəyyən güzəştlər edir. Misal üçün, “Qazrpom” qazın qiymətini 165 dollardan 150 dollara qədər azaltdı”.

Rusiyalı ekspertə görə, Qırğızıstanda Rusiya və Çinin “yumşaq güc” mübarizəsi də davam edir.

“Bu məsələdə Rusiya hazırda zəif görünür. Belə ki, Qırğızıstanda rus dilinin tədrisi azalmaqdadır. Çinin təhsildə sahib olduğu pay isə artır. (Misal üçün, Konfusti İnstitutu). Qırğızıstanda ABŞ-ın “Sülh korpusu”nun üzvləri, Britaniya Məsləhət Şurasının nümayəndələri, həmçinin, yapon və koreyalı könüllüləri də işləyir. Bütün bunlara baxmayaraq, Mərkəzi Asiya əhalisinin böyük əksəriyyəti hələki Rusiyaya meyllidir. Lakin bir neçə il sonra vəziyyət Rusiyanın əleyhinə dəyişə bilər”, - deyə o vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR