Parlament üzvləri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar

Parlament üzvləri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar
19:07 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri bu gün Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olublar.
"Report"a nazirlikdən verilən xəbərə görə, görüşdə Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 ha təşkil edən Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün yaradılan güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib.
Millət vəkillərinin diqqətinə çatdırılıb ki, ümumilikdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.
Deputatlar Sənaye Parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan "Azertexnolayn" MMC-nin istehsalat müəssisələri, Aqrokimya Azərbaycan" MMC, eləcə də "SOCAR Polymer" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
"Azertexnolayn" MMC bu gün eksport potensialına malik polad boru, qofralı boru, fitinqlər, metal konstruksiya, metal hasar və s. məhsullar istehsal edir. MMC-yə məxsus Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu və Hidrotexniki Avadanlıqlar zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda burada istehsal olunan məhsulların 75%-i ixrac olunur. Artıq "Azertexnolayn" tərəfindən bu ilin 9 ayında istehsal olunan 47 mln. manat həcmində müxtəlif borular, mexaniki və hidrotexniki avadanlıqlar "Made in Azerbaijan" brendi ilə xaricə ixrac edilib.
"SOCAR Polymer" MMC tərəfindən isə sənaye parkının ərazisində polipropilen zavodunun tikintisi davam etdirilir. Artıq ərazidə polipropilen istehsalı üçün lazım olan bütün obyektlərin tikintisinə başlanılıb. Hazırda tikintidə 1100 nəfər çalışır. Yüksəksıxlıqlı polietilen istehsal edən zavodun inşasına başlandıqdan sonra isə tikintidə çalışanların sayı 1500 nəfəri ötəcək. Sumqayıt şəhər sakinlərinin tikinti işlərinə cəlb edilməsinə xüsusi önəm verilir. Layihənin investisiya dəyəri 750 mln. ABŞ dollarıdır. Polipropilen zavodunun 2017-ci ilin sonu, yüksəksıxlıqlı polietilen zavodunun isə 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi "Aqrokimya Azərbaycan" MMC isə Türkiyə, Almaniya, ABŞ və İtaliya texnologiyası əsasında ildə 57 min ton maye halında və min ton toz halında pestisidlər istehsalını həyata keçirəcək. Layihə dəyəri 16 mln. dollar olan zavodun fəaliyyətə başlaması ilə 100 nəfər daimi işlə təmin olunacaq.
Hazırda SKSP-nin 4 rezidenti - "SOCAR Polymer", "Aqrokimya Azerbaijan", "Ferro Ərintilər zavodu", "MST Engineering" tərəfindən istehsal sahələrinin tikinti-quraşdırma işləri aparılır.




Xəbərin orijinal ünvanı: http://report.az/biznes/millet-vekilleri-sumqayit-kimya-senaye-parkinin-fealiyyeti-ile-tanis-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR