Türk dünyasının elmi əməkdaşlığı müzakirə olunub

Türk dünyasının elmi əməkdaşlığı müzakirə olunub
03:13 27 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Publika.az xəbər veririk ki, tədbiri giriş sözü ilə Türkiyə Elmlər Akademiyasının prezidenti, akademik Əhməd Cavad Açar açaraq Birinci Türkoloji qurultayın böyük tarixi əhəmiyyətindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayı türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi olduğunu bildirən akademik İsa Həbibbəyli bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum kimi dəyərləndirib.

Tədbirdə Türkiyənin Eye Universitetinin professoru Mustafa Öner, professor Mustafa Çufalı, Qırğız Respublikası Milli Elmlər Akademiyasının nümayəndəsi Gülzar Karıbekova, Beynəlxalq Türk Akademiyasının elmi katibi, siyasi elmlər namizədi Asxat Kesikbayev və başqaları çıxış ediblər. Türkdilli ölkələrin Elmlər Akademiyalarının nümayəndələri təmsil etdikləri ölkələrdə Türkoloji Qurultayla əlaqədar keçirilən tədbirlərdən danışıb, alimlər mövzu üzrə mülahizələrini və təkliflərini bildiriblər.

Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə indiyədək bir sıra xarici ölkələrdə, o cümlədən Qazaxıstanda (Astana), Macarıstanda (Budapeşt), Tatarıstanda (Kazan) elmi konfranslar keçirilib. AMEA-nın bir sıra elmi-tədqiqat institutlarında da silsilə tədbirlər təşkil edilib.

Yekun yubiley tədbiri isə AMEA-nın təşkilatçılığı ilə noyabrın 13-15-də Bakıda keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR