Xaqani Məmmədov: "Şəxsi həyatımı hakimliyə qurban verdim"

Xaqani Məmmədov: "Şəxsi həyatımı hakimliyə qurban verdim"
09:22 27 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun "Report"a müsahibəsi
- Bu yaxınlarda 55 yaşınız tamam oldu. 55 ilin icmalını necə verərdiniz?
- Bu illəri müxtəlif dövrlərə bölmək olar. Məsələn, məktəb illəri, tələbəlik illəri, hakimlik və funksioner karyerası. Hesab edirəm ki, hamısından uğurla keçmişəm. Hansı işin qulpundan yapışmışamsa, həmin işi həmişə yüksək səviyyədə etməyə çalışmışam. Xüsusən də bunu hakimlik karyerama aid edirəm. Hətta ən yüksək zirvəyə çatmaq üçün bəzi şeyləri qurban da vermişəm. Bu səbəbdən, hesab edirəm ki, 55 ilim uğurlu alınıb. Düzdür, o vaxt biz ilklər idik. Mən, Asim Xudiyev, Tahir Süleymanov ilk FİFA hakimləri idik. Qabağa getmək üçün nəyin lazım olduğunu tam bilmirdik. Üstəlik, həmin dövrdə ingilis dilini bilmək o qədər də vacib deyildi. Amma indi bu dili bilməyən hakim qabağa gedə bilməz. Tələblər ciddi deyildi. 1999-cu ildən sonra başladı. Hansısa ölkənin hakimləri oyuna gedib çıxa bilməmişdilər. Hava limanında terminalları tapmadıqları üçün oyuna çatmadılar. UEFA məcbur olub qonşu ölkədən təcili hakimlər briqadası çağırdı. Bundan sonra referinin ingilis dilini bilməsi tələbi qoyuldu.
- Şagird, tələbə və jurnalist Xaqani Məmmədov o qədər də tanınmadı. Sizi məşhurlaşdıran hakimlik oldu...
- Təbii ki. Bu gün hakimlər idman aləmində sayılıb-seçilən insanlardır. Xüsusən də referiləri nəzərdə tuturam. Jurnalist kimi uzun müddət "İdman" qəzetində çalışmışam. Eyni zamanda hakimlik də edirdim. Təvazökarlıqdan uzaq olsa da, artıq həm hakim, həm də jurnalist kimi tanınırdım.
- Hakimlik sizə nə qazandırdı və əlinizdən nəyi aldı?
- Qazandırdığı futbol ictimaiyyətində, ölkədə az-çox tanınmağım oldu. Amma şəxsi həyatımdan çox şeylər aldı. Bir çox şeyləri hakimliyə qurban verdim. Burada birmənalı cavab yoxdur. Amma daha çox xeyri oldu.
- Bildirdiniz ki, hakimlik şəxsi həyatınızdan çox şey aldı. Ailə qurmamısınız. 55 yaşı tək qeyd etmək....
- Bu barədə çox danışmışam ve yenidən qayıtmaq istəmirəm. Ən böyük ziyan bu oldu, bunu nəzərdə tuturam. Geniş açıqlamaq istəmirəm. Fikirləşirdim ki, bu il, gələn il... Bir də gördüm ki, qatar getdi və yaş ötdü.
- Xaqani Məmmədov indi gənc olsaydı, hansı oyunu idarə etmək istərdi?
- Hər bir hakimin ən böyük arzusu dünya, Avropa çempionatının final mərhələləri, Çempionlar Liqasının vacib oyunlarında iştirak etməkdir.
- Hakimlik sizi tanıtdı, amma hakim-inspektor olmaq sizi tənqid hədəfinə çevirdi...
- Təbii ki. Hakim hər hansı səhv buraxırsa, ilk növbədə mən tənqid olunuram. Niyəsi mənə aydın deyil. Hakim səhv edir, mən onun əvəzinə qərar vermirəm. Deyə bilərlər ki, onların hazırlığına cavabdeh şəxs mənəm. Amma hazırlıq üçün nə lazımdırsa, edirik. Təlim-məşq toplanışları təşkil edilir, FİFA və UEFA-dan alınan materiallar tərcümə olunaraq hakimlərə verilir, hər həftə bütün oyunlar analiz olunur, fiziki hazırlıq üzrə xüsusi məşqçimiz var. Yəni, bizi günahkar saymaq heç nəyə yaramır. Bizim hakimlər Avropada ən gənc 27 - 32 yaş arasındadırlar. Yalnız Fariz Yusifov istisnadır. Cavandırlar, psixoloji cəhətdən tam hazır deyillər, çempionatın səviyyəsi əvvəlki illərdən yüksəkdir, medianın tənqid hədəfindirlər. Bəziləri oyunları təhlil, analiz edə bilmirlər, ancaq hakimlikdən danışırlar. Fikir verirsinizsə, təcrübə toplandıqca, yaş artdıqca öz sözlərini deyirlər. Son turların oyunlarına baxın, demək olar ki, heç bir iradımız yoxdur.
- Hakimlərin oyuna sifarişlə çıxması fikirləri də var...
- Bu məsələyə münasibətim son dərəcədə mənfidir. Son 8 ildə Azərbaycan hakimliyində belə şey yoxdur və olmayacaq. Heç kim heç bir hakimə tapşırıq verə bilməz. Hakim səhv edirsə, bu, onun öz günahıdır. Məsələn, kiməsə desək ki, get belə et, sabah onun üzünə necə bacağıq? O, hakimlikdən uzaqlaşanda, bizə deməyəcək ki, tapşırığı verən siz deyildiniz? Ona görə də niyə belə şey etməliyik? Azərbaycan çempionatıdır, güclü olan qalib gəlsin. Səhv ola bilər, amma qərəzdən söhbət gedə bilməz. Onların aldıqları pul bu gün üçün çox yaxşıdır. Bir oyun üçün baş hakim 700 manat alır. Ayda 3 oyun olsa və ya əlavə köməkçi, ehtiyat hakim kimi getsə, aylıq gəliri 2500-3000 manat olur. Onlar niyə bu gəliri itirməlidir? Bu səbəbdən, hamı öz yeri uğrunda mübarizə aparır.
- Hazırkı hakimlərdən hansı Xaqani Məmmədovun şah əsəridir?
- Bunu mən demirəm, ölkənin futbol ictimaiyyəti bunu qəbul edib. Cavabım Əliyar Ağayevdir. Digər hakimlərimiz də çox güclüdür. Rəhim Həsənov, Orxan Məmmədov, Rauf Cabbarov, Ömər Paşayev və digərləri çox yaxşı hakimlərdir. Məqsədimiz odur ki, Ağayev ilin sonunda UEFA-nın I kateqoriyasına daxil edilsin, bundan sonra digər hakimləri də irəli çəkə bilək. Hesab edirəm ki, bizim bir hakimimiz bu gün keçmiş SSRİ-dən beş ölkənin hakimi sırasındadırsa, bu bizim uğurumuzdur. Keçmiş SSRİ ölkələrində bir neçəsindən başqa heç birində Avropa Liqasının qrup mərhələsində oyun idarə edən hakim yoxdur, amma Ukrayna, Rusiya, Qazaxıstan, Belarus və Azərbaycandan var. Bir müddət əvvəl deyirdilər azərbaycanlı hakim Avropa Liqasının qrupuna təyinat ala bilməz. Amma bir neçə gün sonra təyinat verildi. Biz də hər şeyi açıqlaya bilmərik. UEFA onu gizli göndərir və son ana qədər açıqlaya bilmirik. Bir özəl məlumat deyim: Ağayev 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin noyabrın 13-də keçiriləcək bir oyununa təyinat alıb. Amma hansı oyunun olduğunu deyə bilmərəm. Gizli saxlanılır.
- Uğurlar və təriflər Əliyar Ağayevə necə təsir edir?
- Qoltuğu qarpızlanmır. Elə olsaydı, tərifləməzdim. Avroliqanın qrup oyunlarına təyinat alanadək ikilikdə ancaq onu tənqid etmişəm. O, bunu normal qəbul edib və iradları dinləyib. Elələri var ki, bu qulağından alıb, o birisindən buraxır. Ancaq Əliyar elə deyil. İndi də vaxt gəlib, tərifləyirik. Əminəm ki, bundan sonra da ulduz xəstəliyinə tutulmayacaq. Onun atası Kərim Ağayevlə uzun müddət hakimlik etmişik. Bütün beynəlxalq oyunlarda bir yerdə olmuşuq.
- İndiki hakimlərdən hansı bu günün və ya sabahın Xaqani Məmmədovudur?
- Əliyar Ağayev. O, gələcəyin Xaqani Məmmədovu yox, məndən də yaxşı, böyük, irəli gedən hakimdir.
- Bir müddət əvvəl FİFA referilərinin yeni siyahısına əlavə olunduğunu demişdiniz. Kimlərdir?
- Referi kimi Ömər Paşayevin adını vermişik. Laynsmanlar isə Akif Əmirəli və Knyaz Əmiraslanovdur. Ancaq kimin təsdiq olunub-olunmayacağını bilmirik. Ola bilər hamısı təsdiqlənsin və ya kimisə təsdiq etməsinlər. Bu, FİFA Hakimlər Komitəsinin səlahiyyətində olan bir məsələdir.
- Ağayevin Avropa Liqasında qrup mərhələsinin Rumıniya "Astra"sı ilə oyununda İtaliya "Roma"sının canlı əfsanəsi Françesko Tottiyə göstərdiyi sarı vərəqə Azərbaycanda böyük maraqla qarşılandı. Həmin oyunu izləyirdiniz?
- Təbii ki. Həmin oyuna canlı baxdıqdan sonra təkrarını da izləmişəm. Bu, ancaq maraq doğura bilər. Sevindim, baxmayaraq ki, bu, Tottidir, vərəqəni göstərdi. Bu zaman qətiyyətli olduğu üçün fərəh hissi keçirirsən. Çünki qaydalar bunu tələb edir. Belə olmasa, sabah hər hansı iradlar ola bilər. Əliyar öz işini qaydalar çərçivəsində həyata keçirirdi. 
- Əliyar Ağayev beynəlxalq təyinatların verilməsi sevindiricidir. Amma digər FİFA referilərimiz - Orxan Məmmədov və Rəhim Həsənova təyinat verilmir. Səbəb nədir? 
- Bu, bizim üçün də maraqlıdır. Çünki idarə etdikləri hər oyunda qiymətləri 8.4 olub. Bu da çox yüksək rəqəmdir. Hətta bunun səbəbini öyrənmək üçün UEFA-ya sorğu da göndərmək istəyirik. Sonra öz-özümüzə təskinlik veririk ki, UEFA, adətən, Azərbaycan kimi ölkələrdən bir hakimi irəli çəkir. Elə ölkələr var ki, heç bir hakimi yoxdur. Əliyar I kateqoriyaya, gələcəkdə elit kateqoriyaya düşsə, yaxşı olacaq. Türkiyəli referi Cüneyt Çakırın köməkçiləri indi ayrı-ayrılıqda Avropa Liqasında oyun idarə edir. Bu da uğurdur. Əliyar da həmin kateqoriyaya düşsə, davamı gələcək.
- Siz niyə beynəlxalq oyunlara hakim-inspektor kimi təyinat almırsınız? Yalnız Asim Xudiyevi görürük... 
- Mən getmirəm. Hakim-inspektor kimi beynəlxalq dərəcəm yoxdur. Bu da dil problemi ilə bağlıdır. Hər il UEFA-nın seminarlarında iştirak edirəm. Fikirlərimi tərcüməçi çatdırsa da, ən fəalı mən oluram.
- 56 yaşla bağlı planlarınız nədir? 
- Ən başlıca planım hakimlərimizin daha uzağa getməsidir. İstərdim ki, onların kateqoriyaları yüksəlsin, FİFA hakimlərimizin sayı artsın. Məqsədimiz çempionat oyunlarının obyektiv idarəçiliyidir. Şəxsi həyata gəlincə, bunu zaman göstərər.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/hakimler-komitesinin-sedri-eliyar-agayev-xaqani-memmedovun-sah-eseridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR