Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dağlıq Qarabağ: əgər müharibə olarsa...

Dağlıq Qarabağ: əgər müharibə olarsa...

Date: 27 October 2016 09:42

"Rəsmi Bakının Dağlıq Qarabağla bağlı təklifləri bizim üçün qəbuledilməz variantdır və bunu da Azərbaycan yaxşı bilir. Azərbaycanda deyirlər ki, Dağlıq Qarabağa ölkə tərkibində muxtar respublika statusu verməyə hazırdırlar. Lakin belə situasiya biz erməniləri 1988-1989-cu illərə qaytarır. Sanki müharibə olmayıb".

Fransa Strateji Tədqiqatlar mərkəzinin eksperti, politoloq Kats Minasyan Ermənistandakı "Jamanak" saytına verdiyi açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan yeni müharibə astanasındadırlar.

"Azərbaycan bizə güzəştə getmək istəmir və belə kompromislərə hazır deyil. Deməli, yeni savaş ehtimalı həddən artıq yüksəkdir. Dünya birliyi də artıq susmaq niyyətində deyil. Dağlıq Qarabağ problemi həllini tapmalıdır. Azərbaycan onu da bilməlidir ki, biz mharibəyə əvvəlki dövrlərlə müqayisədə daha yaxşı hazırıq", - K.Minasyan söyləyib.

Rusiyanın XİN başçısı Sergey Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində Türkiyə konstruktiv rol oynaya bilər" açıqlamasına gəldikdə isə, K.Minasyan hesab edir ki, Rusiya Ermənistana və ermənilərə qarşı bu minvalla radikal addımlar atmaq niyyətində deyil: "Ermənistanın arxasında Rusiya ilə Türkiyənin oyun oynadıqlarını da düşünmürəm. Sergey Lavrovun sözləri, sadəcə, bəyanatdır. Moskva Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istəyir və bu səbəbdən də türklər üçün xoşagələn bəyanatlar səslənir. Cənubi Qafqazdakı proseslərin axarına sərt müdaxilələr etməklə Rusiyanın ABŞ ilə qarşıdurmanı daha da sərtləşdirəcəyini sanmıram. Ona görə də Dağlıq Qarabağla bağlı danışıqlara Türkiyənin cəlb olunması ehtimalı çox azdır".

Kats Minasyanın müsahibəsində səslənən fikirlərin istisnasız olaraq hamısı Ermənistanın mövqelərinin dayanıqlı olması, İrəvanın müdafiə potensialını artırması və hətta ermənilərin hücum imkanlarını gücləndirərək mümkün savaşda "daha güclü olacaqları" barədədir.

Yəni bütün bu gəvəzəliyin məcmusu sadədir: "Azərbaycan bizdən qorxmalıdır!"

Ermənistanın rəhbərliyində təmsil olunmuş şəxslər - prezident Serj Sarkisyandan başlayaraq, kənd təsərrüfatı nazirinədək - hər kəs son günlər "ermənilərin gücünün artmasından, mövqelərinin möhkəmlənməsi"ndən bəhs edir.

Ermənistan parlamentində aparılan müzakirələrdə səslənən fikirlər, xüsusilə də İrəvan mediasındakı zahirən bravur, ötkəm və qətiyyətli açıqlamalar da artıb.

İlk baxışdan Ermənistan hakimiyyəti, müxalifəti və xarici ölkələrdə yaşayan erməni diasporunun nümayəndələri, o cümlədən Minasyan kimi başabəla politoloqlar sanki eyni mövqedən çıxış edir, indiyədək çox fərqli və ziddiyyətli təsir bağışlayan fikirlərini eyni məcraya yönəldirlər.

Bəs yaxşı, Ermənistanın silahlı qüvvələri ermənilərə belə "nikbinlik" üçün nə dərəcədə əsas verir?

Azərbaycan ordusunda 750 tank, 1500 zirehli maşın, çapı 100 mm-dən artıq olan 469 artilleriya qurğusu və 84 döyüş helikopteri var.

Ermənistanın silahlı qüvvələri 166 tanka, 636 zirehli maşına, çapı 100 mm-dən artıq olan 240 artilleriya qurğusuna  və 15 döyüş helikopterinə malikdir.

Bu ilin sonunadək Azərbaycanın müdafiə xərcləri 1,7 milyard dollar təşkil edəcək.

Müqayisə üçün yazaq ki, Ermənistanın dövlət büdcəsinin xərcləri toplam olaraq 2,6 milyard dollardır və belədə müdafiə xərcləri Azərbaycanla müqayisədə dəfələrlə azdır.

Milli Ordumuzda təqribən 67 min hərbçi var ki, onların 57 min nəfəri quru qoşunlarında, 8 min nəfəri Hərbi-Dəniz Qüvvələrində, 2 min nəfəri isə Hərbi-Hava Qüvvələrindədir. Müharibə başlayarsa, Azərbaycan 300 min nəfəri ordu sıralarına çağıra bilər.

Silah və hərbi texnikaya gəldkdə isə, sadəcə son 4 ildə Azərbaycan Rusiyadan 100 T-90S tankı (94 belə tank yenə alınacaq), 100 PDM-3, 18 2S19M1 "Msta-S" özüyeriyən artilleriya qurğusu (ÖAQ), 18 2S31 "Vena" ÖAQ-ı, 18 9A52 "Smerç" reaktiv yaylış atəş sistemi qurğusu və 18 TOS-1A "Solntsepyok" ağır odpüskürmə sistemi, habelə 300 "İqla-S" zenit-raket kompleksi alıb.

Eyni zamanda, Rusiyadan mühəndis-istehkam texnikası və avadanlığı da alınıb. Bu texnikalar sayəsində ordumuz Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttində ermənilərin müdafiə xətlərini asanlıqla yara bilər.

Hava Hücumundan Müdafiə (HHM) qüvvələrimiz üçün bir neçə S-300PMU-2 "Favorit" sistemi və "Tor-M2E" zenit batareyaları kompleksi, Hərbi-Hava Qüvvələri üçün 60 Mi-17 nəqliyyat və 24 Mi-35M döyüş helikopterləri alınıb.

Azərbaycan ordusundakı tanklardan 100-ü ən son model T-90S, yerdə qalanları T-72A və T-72M1-lərdir. Onların əksər qismi İsrailin "Elbit" şirkəti tərəfindən modernizasiya olunub.

Tank əleyhinə vasitələrə gəldikdə isə, 100 mm çaplı MT-12 "Rapira" topları, 100 "Kornet", sistemi ilə yanaşı, İsraildə "Spike" tank əleyhinə raket sistemləri alınıb. Lakin tank əleyhinə ən ciddi vasitə "Xrizantema-S" sistemidir.

Hərbi-Hava Qüvvlələrimiz də 16 MiQ-29 və MiQ-29UB qırıcı-bombardmançı təyyarələrinə, habelə Su-25, Su-24 və Su-17 bombardmançılarına malikdir, habelə L-29 və L-39 təyyarələri, 50 Mi-24 və Mi-35M helikopterləri, 70 Mi-8/17 nəqliyyat helikopteri və bir neçə Mi-2 var.

Hava Hücumundan Müdafiə qüvvələrində  S-300PMU-2 kompleksləri ilə yanaşı, İsrail istehsalı olan "Barak 8" zenit-raket kompleksləri, S-200 divizionları, 50 S-125-2TM raket buraxılış qurğusu var.

Ermənistana gəldikdə isə, bu ölkənin ordusunda  tanklar modernizasiya edilməmiş 400 T-72-lərdir.

Ermənilərin HHQ-si 15 Su-25 bombardanmaçısı, bir neçə təlim təyyarəsi, 12 Mi-24, 10 Mi-8 və 10 Mi-2 helikopterlərindən ibarətdir.

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında 5 min hərbçi, MiQ-29 qırıcıları qrupu və S-300V zenit-raket kompleksləri divizonu olsa da, bu obyekt MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki struktur sayılır. Yəni 102-ci baza yalnız Ermənistana hücum olarsa, döyüşlərə qatıla bilər.

"Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlarsa, onlar heç bir halda Ermənistana birbaşa təhdid kimi dəyərləndirilə bilməz", - Rusiyanın Müdafiə Nazirliyinin mövqeyi belədir. Yəni Dağlıq Qarabağda savaş olarsa, 102-ci baza Ermənistanın tərəfində döyüşlərə qatılmayacaq.

Əksinə, Rusiya Ermənistanı silahlandırır, Azərbaycana isə silah və hərbi texnika satır. Moskvanın məramı aydındır: ermənilərin sərt etirazları və nifrət aksiyaları ilə qarşılaşsa da, Rusiya Azərbaycana silah və hərbi texnika satmağa davam edəcək. Səbəb çox sadədir: Rusiya anlayır ki, silahı o satmasa, Azərbaycan gərəkli silah və texnikanı almaq üçün başqa satıcıları asanlıqla tapacaq.

Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlarsa və ya ermənilər aprel ayının əvvəllərində olduğu kimi yenidən hücuma keçməyə cəhd göstərərlərsə, onda Ermənistanın süqutu başlanacaq.

İqtisadi, maliyyə, müdafiə potensialı, hərbi-texniki imkanlar və insan resursları baxımından Azərbaycandan dəfələrlə zəif Ermənistanın problemlərinə son aylarda daha birinin əlavə olunmasını, yəni Serj Sarkisyan rejiminin özünə ən yaxın müttəfiq və tərəfdaş hesab etdiyi ölkələrin belə İrəvandan iyrənmələrini, hətta KTMT toplantısında ermənilərə aşkar və sərt xəbərdarlıqlar etmələrini nəzərə alsaq, işğalçı dövlətin yürütdüyü siyasət onu fəlakətə sürükləyir.

Elçin Alıoğlu
Milli.Az


Tags:  Dağlıq Qarabağ müharibə olarsa


RƏYLƏR


Top news