“Göndərilmiş agent” - yeni “dəmir ledi”nin məxfi çıxışı

“Göndərilmiş agent” - yeni “dəmir ledi”nin məxfi çıxışı
10:08 27 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri Tereza Mayın (ingilislər Marqareta Tetçerden sonra ilk qadın baş nazir olan Mayın yeni “dəmir ledi” olmacağına ümid edirlər) “Brexit”dən bir ay öncə “Goldman Sach” bankının dəvəti ilə bankirlərlə gizli görüşdə etdiyi çıxışı yayılıb.

Publika.az xəbər verir ki, “Guardian” nəşrinin “məxfi çıxış” kimi təqdim etdiyi söhbətdə May İngiltərənin Avropa Birliyindən çıxmasının əleyhinə çıxış edib.

Həmin vaxt daxili işlər naziri olan May bunu iqtisadi problemlərlə əlaqələndirib.

“Guardian” “Goldman Sach” bankında hazırda baş nazir olan xanım siyasətçinin çıxışını əldə edib.

May Avropa Birliyindən çıxmağın investisiyanın ölkədən qaçmasına səbəb olacağına və iqtisadi problemlər yaradacağına diqqət çəkib.

“Əgər biz Avropa Birliyinin üzvü olmayacağıqsa, o zaman şirkətlər bizdən investisiyalarını çəkəcəklər. Həmçinin Böyük Britaniyanın təhlükəsizliyi vahid Avropada təmin olunub”, - deyə o bildirib.

Həmçinin, Tereza May Britaniyanın Avropa Birliyinə rəhbərlik etməsinin vacibliyindən danışıb: “Hesab edirəm ki Avropa Birliyinə bizim ölkəmiz rəhbərlik etməlidir. Uzun illər biz Avropa Birliyindən kənarda dayanmağı seçmişik. Əgər bu mövqeni dəyişsək və irəli çıxsaq, o zaman lider ola bilərik. Hesab edirəm ki, lider olmaq üçün birliyə qayğı göstərməliyik”.

Bu çıxışdan bir ay sonra “Brexit” baş verdi və yeni hökumətdə Tereza May baş nazir postunu tutdu. Baş nazir olaraq Mühafizəkarlar Partiyasının konfransında çıxış edən May bu dəfə Avropa Birliyindən çıxmağın üstünlüklərindən danışdı və “Brexit”i müdafiə etdi.

Ortaya çıxan bu faktlar xanım siyasətçiyə tənqidlərin tuşlanmasına səbəb olub. Keçmiş baş nazir Devid Kemeronun mətbuat katibi Kreq Oliver Mayı “göndərilmiş agent” adlandırıb.

Liberal demokratların lideri Tim Ferron qeyd edib ki, Tereza May cəsarətli çıxışlarını o zaman ictimaiyyətə açıqlamalı idi. “Çox təəsüf ki, May Avropa Birliyindən çıxışın dağıdıcı iqtisadi nəticələri haqda ictimaiyyəti deyil, bankirləri xəbərdar edib”, - deyə Ferron bildirib.

O əlavə edib ki, ən pisi hazırda Mayın öz dediklərinin əksinə çıxış etməsidir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR