Deputat: “Hillari Klinton prezident olsa, cinayətlərini ört-basdır etməyə çalışacaq”

Deputat: “Hillari Klinton prezident olsa, cinayətlərini ört-basdır etməyə çalışacaq”
14:43 27 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

“ABŞ-da ciddi seçki saxtakarlığı baş verir. Bunu inkar etmək özünü kor yerinə qoymaq deməkdir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən deyib.

A.Əlizadə bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı saxtakarlığın olduğunu Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp özü də açıq şəkildə bəyan edib:

“İndi Donald Tramp da deyir ki, seçkilərdə 3 milyon saxta səs olacaq. Əslində, mən də bunun olacağına inanıram. İnanmıram ki, ABŞ xalqının başı o qədər xarab olsun ki, gedib həyasız bir qadına səs versinlər.

Donald Tramp ağıllı siyasətçi deyil. Əgər o peşəkar siyasətçi olsaydı, seçki kampaniyasını ayrı formada aparardı”.

Millət vəkili ABŞ-da ciddi seçki saxtakarlığının uzun illərdən bəri olduğunu söyləyib:

“Hələ 2000-ci ildə keçirilən seçkilərdə Albert Qor respublikaçılar partiyasının namizədi olan Corc Buşa qalib gəlsə də, ancaq Corc Buş prezident seçilib. Həmin vaxtı Corc Buşun qardaşı da Florida ştatında qubernator idi. Əslində isə Albert Qor Corc Buşa qalib gəlmişdi. Bu seçkilərdə saxtakarlığın olması ilə bağlı fikirlər indiyədək hələ də səsləndirilir”.

A.Əlizadə seçkilərdə Demokrat Partiyasından olan namizəd Hillari Klintonun prezident olma şanslarının daha böyük olduğunu bildirib:

“Dünyanın idarə edən varlı qüvvələr indi ABŞ-da prezident seçkilərinə namizəd olan Donal Trampa qarşı birləşiblər. Çünki Donald Tramp milyarder iş adamı olduğu üçün onların rəqibi hesab olunur. Ona görə də həmin qüvvələr nə yolla olursa-olsun, Hillari Klintonun prezident seçilməsinə çalışacaqlar. Artıq ABŞ-da dövləti idarə edən varlı qüvvələr növbəti prezidentin kim olacağı da müəyyən ediblər. Bu, Hillari Klinton olacaq”.

Partiya sədri ABŞ-da prezident seçkilərinin taleyinin xalq tərəfindən deyil, varlı biznesmenlər tərəfindən müəyyən edildiyini bəyan edib:

“ABŞ-da keçirilən bütün prezident seçkilərinin nəticələrini bir qrup varlı iş adamları müəyyən edir. Onların istəyi olmadan ABŞ-da xalq tərəfindən prezident seçilə bilməz.

ABŞ-da varlılar tərəfindən təyin olunmayan yeganə prezident isə Con Kennedi idi, onu da öldürdülər”.

A.Əlizadə qeyd edib ki, əslində, Hillari Klinton zəif namizəddir və ona Obama hakimiyyəti ciddi dəstək verir:

“İndiyədək ABŞ prezidentləri heç zaman seçki kampaniyasına müdaxilə etməyib. Ancaq görün Hillari Klinton nə qədər zəif namizəddir ki, prezident Barak Obama da açıq şəkildə onu müdafiə edir. Bu yaxınlarda Barak Obama dəfələrlə xalqı Hillari Klintona səs verməyə çağırıb. Əslində isə bu, demokratik seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır.

İndi isə “WikiLeaks” Hillari Klintonla bağlı gizli sənədləri də açıqlayıb. Həmin açıqlamalarda deyilir ki, prezident Barak Obamanın da təmsil olunduğu Demokrat Partiyasının rəhbərliyi prezidentliyə namizəd Hillari Klintona açıq dəstək verilməsi üçün yerlərə birbaşa göstərişlər verib”.

A.Əlizadə deyib ki, Hillari Klinton dövlət katibi kimi xeyli sayda cinayət əməli törədib:

“Hillari Klinton dövlət katibi vəzifəsində çalışanda ABŞ Dövlət Departamentini “sms”lərlə idarə etməklə, məxfi sənədləri telefon mesajları ilə göndərməklə yadda qalıb. Bütün bunları “WikiLeaks” də açıqlayıb. Əlsində isə Hillari Klintonun bu hərəkətləri böyük cinayət əməlidir. Ancaq nədənsə Barak Obama hakimiyyəti bütün bunlara göz yumur.

Hillari Klinton işğalçı Ermənistana böyük dəstəyi ilə də tarixə düşüb. Onun birbaşa təşəbbüsü ilə Türkiyə ilə Ermənistan xarici işlər nazirlərinin 2009-cu il oktyabrın 10-da imzaladıqları “Sürix protokolları” layihəsi bunun bariz nümunəsidir. Ancaq bu protokollar cənab Prezident İlham Əliyevin iradəsi ilə həyata keçə bilmədi. Bununla da Hillari Klintonun bu planı həyata keçə bilmədi.

Hillari Klintonun digər ən böyük xidməti isə “demokratiya” adı ilə “Ərəb baharı” adlanan münaqişə ocaqlarını yaratmasıdır. Bunun faciəli və acı nəticələri bu gün Yaxın Şərq ölkələrində hələ də davam edir. Hillari Klintonun müəllifi oldu “Ərəb baharı” Misirdə, Tunisdə, Liviyada, Suriyada, Yəməndə soyuq qış ilə nəticələndi. Bu ölkələrin xalqlarını da bədbəxt etdi, ölkələrini viran qoydu. İndi təsəvvür edin ki, belə bir qadın ABŞ-da prezident olsa, o zaman dünyada daha hansı fəlakətlər baş verə bilər. Ona görə də mən qətiyyən Hillari Klintonun prezident seçilməsini istəmirəm. Çox istəyirəm ki, Donald Tramp ABŞ prezidenti seçilsin. Çünki onun əli insan cinayətlərinə bulaşmayıb. Hillari Klinton isə ABŞ prezidenti olsa, ilk növbədə öz qadın hikkəsini həyata keçirəcək, digər tərəfdən isə öz cinayətlərini ört-basdır etməyə çalışacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR