"Neftçi"nin icraçı direktoru: "Heç bir futbolçunun azarkeşi vurmağa haqqı yoxdur"

"Neftçi"nin icraçı direktoru: "Heç bir futbolçunun azarkeşi vurmağa haqqı yoxdur"
16:57 27 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Bu dəyişikliklər klubdakı iş fəaliyyətinin səmərəliliyini artırmağa hesablanıb. Mənimlə maliyyə məsələləri üzrə müavin Elnur Eyvazov arasında vəzifə borcumuz dəqiq müəyyənləşdirilib. O, bizim maliyyə məsələlərini qaydasına salır, marketinqin işinə, təchizat şöbəsinə cavabdehlik daşıyır, təhlükəsizlik xidmətinə nəzarət edir. İdmanın – əsas və əvəzedici komandaların, akademiyanın, seleksiya xidmətinin, beynəlxalq departamentin "yük”ü isə mənim üzərimə düşür".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni icraçı direktoru Orxan Hüseynzadə klub saytına müsahibəsində deyib.
Komandanın hazırkı durumu ilə bağlı danışan O.Hüseynzadə baş məşqçi Elxan Abdullayevin "Neftçi"dəki taleyinə də aydınlıq gətirib: "Klub hazırda Elxan Abdullayevin, eyni zamanda həm "Neftçi”nin baş məşqçisi, həm də milli komandanın məşqçisi vəzifəsini yerinə yetirməsinə etiraz etmir. Sevindiricidir ki, millinin son uğurlarında baş məşqçimizin böyük rolu var və ümid edirik, o, yığma komandada olan müsbət ab-havanı "Neftçi”yə də daşıya biləcək. Biz onu seçim qarşısında qoymuruq. Bundan əlavə, "Neftçi”nin klub komandalarının baş inzibatçısı milli komandada da həmin vəzifəni yerinə yetirən İslam Abbasovdur. Hər şeyə real baxmaq lazımdır. İndi hansısa yüksək məqsədlərdən danışmaq çətindir. Belə deyək: bizə qış fasiləsinədək mümkün qədər çox xal toplamaq, ilk "dördlük”də qərarlaşmış komanlarla xal fərqini azaltmaq, Azərbaycan Kubokunda iki mərhələ adlamaq, bundan sonra tam halda təlim-məşq toplanışı keçmək və mümkün qədər güclənmək lazımdır".
İcraçı direktor Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ"la baş tutmuş görüşün sonlarında "Neftçi"nin futbolçusu Katalin Tiranın meydana daxil olan azarkeşi vurmasına da münasibət bildirib: "Klub artıq Tira ilə bağlı qərar verib. O, əvvəlcə komandanın məşqlərindən kənarlaşdırılıb. Yekun qərar isə yaxın günlərdə qəbul ediləcək, çünki bu proses vaxt tələb edir. Mən azarkeşləri gözəl anlayıram. Heç bir futbolçunun azarkeşi vurmağa haqqı yoxdur. Eyni zamanda, azarkeşlərə müraciət etmək istəyirəm. Burada olduğum qısa müddət ərzində onların "Neftçi”ni necə çox sevdiyini, klubun onlar üçün necə əziz olduğunu anladım. Azarkeşlər bu barədə bizimlə çox danışıblar. Amma indi komanda çətin günlərini yaşayır, nəticələr də bundan xəbər verir. Bununla belə, biz xüsusilə son oyunlarda futbolçuları istək və cəhd çatışmazlığına görə qınaya bilmərik. Əgər azarkeş komandanın göstərdiyi nəticədən narazıdırsa, o, 70-ci dəqiqədən başlayaraq hamını istefaya səsləmək əvəzinə, etirazını oyundan sonra da bildirə bilər. Bu, futbolçuların oyuna köklənməsinə pis təsir edir. Azarkeşlərimizdən səbrli olmağı və komandanın böhrandan çıxmasına kömək göstərməyi xahiş edirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/neftci-nin-icraci-direktoru-hec-bir-futbolcunun-azarkesi-vurmaga-haqqi-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR