Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yevda Abramov: "ABŞ demokratiyanın heç anası da deyil”

Yevda Abramov: "ABŞ demokratiyanın heç anası da deyil”

Date: 27 October 2016 18:03

“ABŞ-ı demokratiyanın atası adlandırırlar. Ancaq ABŞ demokratiyanın heç anası da deyil”.

Bu fikirləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, milliyyətcə yəhudi deputat Yevda Abramov bildirib.

YAP-çı millət vəkili deyib ki, indiyədək dünyada ən böyük seçki saxtakarlığı ABŞ-da olub:

“Bunu Amerika tarixinə bələd olan insanlar yaxşı bilir. 2000-ci ildə ABŞ-da keçirilən seçkilərdə Albert Qora qarşı olan saxtakarlıq dünyanın heç bir ölkəsində olmamışdı. Sadəcə olaraq, ABŞ hər zaman kiçik və öz maraqlarına xidmət etməyən ölkələrin seçkilərini bəyənmir. Həmin ölkələrdə keçirilən seçkiləri “qeyri-demokratik” adlandırır. Xüsusilə də, hər hansı ölkədə xalq bir rəhbəri sevib seçirsə, ABŞ-ın həmin ölkəni gözü götürmür. Hər hansı ölkədə mütləq ABŞ-ın istədiyi adam seçiləndə seçki demokratik olur. Özləri istəməyən adam seçiləndə isə bu “qeyri-demokratik seçki” olur. Bütün bunlar ABŞ-ın əbədi maraqları üçündür”.

Y.Abramov qeyd edib ki, dünyanın heç bir ölkəsində ideal seçki yoxdur: “İdeal seçki ideal cəmiyyətdə ola bilər. Hələlik Yer kürəsində ideal cəmiyyət də yoxdur. ABŞ-ın ictimai-siyasi həyatı isə çox qarışıqdır. Bu ölkədə keçirilən seçkilər isə çox əcaib olur. Mən bir dəfə ABŞ-da keçirilən seçkiləri izlədiyim üçün bilirəm. Ona görə də biz ABŞ-da keçirilən seçkiləri anlaya bilmərik. Azərbaycan xalqı üçün belə seçki sistemi çox qarışıqdır. ABŞ-da xalq seçkiyə gedir, amma xalqın həmin seçkidə rolu olmur. Amerikada keçirilən seçkilərdə əsasən “boslar”, mafioz qüvvələr rol oynayır. Yəni, bu həm Respublikaçılar, həm də Demokratlar Partiyasının namizədləri üçün eynidir. Bu mafioz qüvvələr yığılıb bir yerə seçkilərin taleyini həll edirlər. Hətta, bir qədər çətinlik olanda ya yunan mafiyası, ya da yəhudi mafiyası öz sözünü deyir”.

Y.Abramov prezidentliyə namizəd Hillari Klintonun prezident Barak Obama tərəfindən açıq dəstəkləməsinə də münasibət bildirib:

“Hillari Klinton ABŞ prezidenti Barak Obama tərəfindən dəstəklənir və onun dövründə dövlət katibi vəzifəsində işləyib. Digər tərəfdən isə Hillari Klinton keçmiş prezident Bil Klintonun xanımıdır. Bu baxımdan da ABŞ-da seçkilər nə qədər qeyri-şəffaf və qeyri-demokratik keçirilsə belə Hillari Klintonun prezident olmaq şansı yüksəkdir. Ancaq Barak Obamanın bir namizədə açıq dəstək verməsi və digər namizədi pisləməsi doğru addım deyil. Baxmayaraq ki, Barak Obamanın bu hərəkəti ABŞ-ın seçki qanunlarının tələblərinə uyğundur, ancaq prezident tərəfsiz olmalıdır. Prezident hər hansı namizədi açıq dəstəkləyə, onun təbliğatına pul xərclərə, digər namizəd barəsində isə anti-təbliğat apara bilməz. Bəzi adamların da bizim gözümüzə soxduğu Amerikadakı bu cür həyat tərzi “ideal demokratiya”dır. Budurmu ideal demokratiya? Namizədlər seçkilərdə bir-birini söyüb təhqir edirlər, əxlaqsızlıqda ittiham edirlər. Belə seçkilər və “demokratiya” bizə lazım deyil. Bizim üçün Azərbaycana məxsus spesifik demokratiya ənənələri Amerikanın və Avropanın ən yüksək demokratiyasından üstündür. Əminliklə deyirəm ki, Azərbaycanda mövcud olan seçki demokratiyası ABŞ-a əsla ola bilməz”.

Vasif Həsənli


Tags:  Yevda Abramov ABŞ demokratiyanın heç anası deyil

RƏYLƏR


Top news