Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramil Usubovun şəxsən seçdiyi xanım polis: "Elə bilirəm, mən də kişiyəm" - FOTO

Ramil Usubovun şəxsən seçdiyi xanım polis: "Elə bilirəm, mən də kişiyəm" - FOTO

Date: 27 October 2016 19:57

Milli.Az Daxili İşlər Nazirliyinin əməkdaşı polis serjantı Aygün Səmədovanın femida.az-a müsahibisini təqdim edir.

- Aygün xanım, zəhmət olmasa, özünüz barədə məlumat verərdiniz.

- 1986-cı ildə Zaqatala rayonunun Aşağı Çardaqlar kəndində anadan olmuşam. Orta məktəbi də orada bitirmişəm. Uşaqlıq illərim həmin kənddə keçib. Hərbçi ailəsində böyümüşəm. Atam Sərhəd Qoşunlarında xidmət keçib. Atamın seçdiyi sənətə və onun çətinliklərinə dözərək seçdiyi sənəti sevərək mənə aşıladığı üçün, uşaqlıqdan oğlan kimi böyümüşəm. Uşaq vaxtlarımda atamın papağını başıma qoyurdum. Çox həvəsim var idi forma geyinməyə. Bundan başqa dayım da hərbçi olub. Bütün bunlar məndə uşaqlıqdan həvəs yaradıb.

- Niyə bəs hərbçi yox, polis oldunuz?

- Hərbçi olmaq istəyirdim. Atamın yolunu davam etdirəcəkdim. Hətta sənədlərimi hərbçi olmaq üçün təqdim etdim və qəbul da olundum. Amma anam icazə vermədi. Hərbçi xanımı olduğu üçün çətinlikləri yaxşı bilirdi. Həm də o qardaşını Qarabağ müharibəsində itirmişdi. Bu səbəbdən də yəqin ki, gələcəkdə baş verəcək nələrdənsə qorxurdu. Anamın iradəsinə zidd gedə bilməzdim. Buna görə polisliyi seçdim.

- Deməli, qərarı özünüz verdiniz. Hansı mərhələlərdən keçdiniz polis olmaq üçün?

- Bəli, qərarı özüm verdim. DİN-nin rəsmi saytında DİO-na qəbulla bağlı vakansiya elanını görüb, qadın olmağıma baxmayaraq atamın mənə arzusunu həyata keçirmək üçün və mənim arzularımın həyata keçməsinə gözəl şans olduğunu düşünüb DİN-ə müraciət etdim. Müəyyən mərhələlərdən keçəndən sonra sənədlərimi DİN-ə təqdim etdim və Daxili İşlər Naziri cənab Ramil Usubovun Çevik Polis Alayında qəbulla bağlı sıra baxışında iştirak edəcəyimi bildirdilər. 2015-ci ilin fevral ayında cənab nazirin sıra baxışında oldum və həmin vaxt cənab nazir Ramil Usubov özü qadın polisləri seçirdi. Hardasa seçim turunda 16 nəfər qadın var idi. Cənab nazir onlardan cəmi 4 nəfəri seçdi. Biri də mən oldum. Ondan sonra müəyyən mərhələləri keçdikdən sonra martın 8-də əmrlə Nizami Rayon Polis İdarəsinə, PPXB-nə təyinat aldım.

- İlk iş gününüz necə keçdi? Yadınızdadır?

- Bəli. İş vaxtı keçmirdi. İlk günün həyəcanı ilə çox darıxırdım. Birinci dəfə idi ki, bu formanı əynimdə daşıyırdım. O zaman məsuliyyəti dərk etdim. Hazırda post patrul xidmətindəyəm. Xidmətdən də, komandir heyətindən də razıyam. Bundan əlavə dövlət tədbirlərinə də çağırılıram.

- Fiziki cəhətdən nə dərəcə güclüsünüz?

- Özümə görə gücüm var. Özümü müdafiə edəcək qədər güclüyəm. Çünki 8 il cüdo ilə məşğul olmuşam. Hətta Gürcüstanda keçirilən yarışlarda nailiyyətlər də əldə etmişəm. Sonradan müəyyən səbəblərə görə məşqlərdən ayrıldım.

- Sizi polis formasında görən həmcinslərinizin münasibət necə olur?

- Münasibət müxtəlifdir. Çox vaxt qeyri-adi kimi gəlir onlara. Amma bu günə kimi mənə pis fikir deyən olmayıb.

- Bəs kişilər necə? Sizdən qorxmurlar ki?

- Formada olarkən heç kim yaxınlaşmır. Yəqin ki, çəkinirlər.

- İşiniz şəxsi həyatınıza mane olmur ki?

- Subayam. Hələ ki işimi şəxsi həyatımdan üstün tuturam. Mənimlə ailə həyatı quran şəxs məni bu cür qəbul etməlidir.

- Qeyri-peşə sahibləri olan qadınlar bir yerə düşəndə adətən geyimdən, bazarlıqdan danışırlar. Bəs siz nədən danışırsınız?

- İş artıq bizim həyat tərzimizdir. Biz də digər peşə sahibləri kimi öz işimizdən danışırıq.

- Daşıdığınız ulduzlar zərif qadına ağırlıq etmir ki?

- Əksinə. Məni daha güclü edir. Formanı hər dəfə geyinəndə sevinmişəm. İşimi sevirəm və işimlə fəxr edirəm. Çünki bu formanı şərəflə daşımaq hər insana nəsib olmur.

- 110 kiloqramlıq kişini zərərsizləşdirmək çətin olmadı ki?

- Əlbəttə, oldu. İndiyə kimi yadımdadır. Noyabr idi, hava da yağışlı... İşdən çıxıb evə gedirdim. Məndən qarşı tərəfdə bir qadın, yanında da iki balaca uşaq gedirdi. Gözlənilmədən ağacların arasından canlı bir kişi çıxıb qadına hücum etdi. Qadının əlindən çantanısını alıb, qaçdı. Mənsə özümü itirmədən onun arxasınca qaçdım. Xeyli qaçandan sonra onu bir dəfə yerə yıxdım. Həmin vaxt qolumdan zədələndim. O da çox güclü idi. Durub qaçdı. Ancaq sona qədər qaçmağa imkan vermədim. Onu təqib edib, zərərsizləşdirdim. Səsə ətrafdakı insanlar da gəldilər. Aidiyyatı üzrə polis bölməsinə təhvil verdim. Çantanı da qadına qaytardıq.

- Bu qəhrəmanlığınızın mükafatı nə oldu?

- İdarə rəisinin buna diqqəti sayəsində mənə mükafat verildi.

- İstərdim qonşu ölkənin təcrübəsindən də misal gətirək. Məsələn, qonşu Türkiyədə hicablı qadınlara rast gəlinir. Hətta bu rəsmi şəkildə təsdiqlənib. Sizcə, hicablı polis olarmı?

- Hər ölkənin özünəməxsus qanunları var. Bu haqda heç fikirləşməmişəm. Amma ölkəmizdə DİO-da xidmət edənlər üçün Daxili İşlər Naziriyi tərəfindən polis əməkdaşlarının geyim qaydası təyin olunub və hər bir polis əməkdaşı bu qanuna riayət etməlidir.

- Geyimdən söz düşmüşkən, digər bir məsələyə toxunaq. Məsələn, qonşu Rusiyada qadın polislərin qısa ətək geyinməsinə qadağa qoyulub. Bizdə vəziyyət necədir?

- Bəli, bizdə geyimə ciddi nəzarət var. Ətək geyiniriksə, diz qapağından 4 santı aşağı olmalıdır. Əgər bu qaydanı pozsaq, bizə cəza verilə bilər. Bu məsələyə xüsusi yanaşılır.

- Cəza verilə bilər dediniz. Heç cəzalandırılmısınız?

- Xeyr. Əksinə mükafatlandırılmışam. Həmin o cinayətkarı saxlayanda Baş Polis İdarəsi tərəfindən mükafatlandırıldım.

- Sərt peşə zərif qadını sərtləşdirmir ki?

- Olur. Formada olarkən daha fərqli oluram. İnsanlar arasında olarkən bütün diqqətlər mənə olur. Düzü, hərdən sıxılıram. Amma bundan bezmirəm. Çünki özüm sevmişəm bu formanı.

- Bəs ailədə necəsiniz?

- Atam mənə həmişə oğlan kimi baxıb. Ailədə 3 övladıq. Qardaşım məndən balacadır. Evdə tam fərqli oluram. Hər iş görürəm. Xaraktercə deyib-gülənəm. Ancaq bütün bunlar evin divarları arxasında qalır.

- Qardaşının polis bacısına münasibəti necədir?

- Qardaşımın münasibəti də normaldır. O da polis olmaq arzusundadır.

- Azərbaycan polisinin yüksən səviyyədə xalqa xidməti hamımıza bəllidir. Bəzən xoşa gəlməyən hallar da olur. Məsələn sosial şəbəkələrdə polisin sərxoş vətəndaşı su ilə islatmağının görüntüləri yayıldı. Sizcə, bu nə dərəcədə düzdür?

- Düzü, o görüntünü görməmişəm. Ancaq başqa yolla da o şəxs həmin yerdən uzaqlaşdırıla bilərdi.

- Mətbuatla münasibətiniz necədir?

- Normal. Gündəlik xəbərləri oxuyuram. Xəbərləri izləməsəm olmaz.

- Bizim cəmiyyətdə bir çox insanlar polisdən qorxur. Niyə?

- Bu fikirlə razı deyiləm. Polisdən qorxmaq lazım deyil. Fikrimcə polisdən qorxanlar səhvi və günahı olanlardır. Polisə güvənmək, dayaq kimi baxmaq lazımdır. Mən insanları polislərlə əməkdaşlığa çağırıram. Polis insanları qoruyur. Ondan qorxmaq yox, ona daha yaxın olmaq lazımdır. Bizim kifayət qədər qəhrəmanlığı nümunə göstəriləcək polislərimiz var. Ömrünü vətənə, dövlətə həsr edən neçə-neçə polisimiz var. Bunların bariz nümunəsi Daxili İşlər naziri cənab Ramil Usubovdur.

- Bəs polisin xarici görünüşü necə olmalıdır? Məsələn, qarınlı polis olarmı?

- Polis xarici görünüşcə səliqəli olmalıdır. Qaldı ki, köklüyə, bu, hər kəsin orqanizmi ilə bağlı olsa da, polis əməkdaşı daim polisə yaraşan xarici görkəmdə olmalıdır.

- Olubmu ki, keçirdiyiniz əməliyyatlarda həyatınıza təhlükə olsun?

- 110 kiloqramlıq cinayətkarı həbs edəndə qolumdan yaralanmışdım. Bundan başqa belə ciddi problemim olmayıb.

- Qoluna qandal vurduğunuz qadın olub?

- Qadını həbs etməmişəm. Ancaq qanun hamı üçün qanundur. Yaxınım olsa, belə, qanun qarşısında cavab verməlidirsə, qoluna qandal vuraram. Mənim xarakterim budur.

- Qanunları pozduğunuz hallar olub?

- Kiçik hallar olub. Məsələn, bir dəfə yolu səhv keçmişdim. Amma bəxtim gətirdi ki, polis görmədi. Ümumilikdə qanunları bacardığım qədər pozmuram.

- Bəs polis formanız hansısa çətin məqamınızda köməyinizə gəlibmi?

- Çalışıram belə hallardan qaçam. Ancaq bir dəfə olub. Sonradan bildilər ki, polis əməkdaşıyam, güzəştə getdilər.

- Qadın və kişi polisin xidmətində fərqi varmı?

- Xeyr. Xidmətdə bunun fərqi yoxdur. Kişi polislərə keçirilən təlimi bizə də keçirlər. Hamımız eyni xidməti edirik.

- Polis olmağınız nəyi dəyişdi?

- Hər şeyi... Bu formanı geyinəndə daha məsuliyyətli oluram. Özümə çox qadağalar qoyuram. Çünki hansısa səhv addım bu formaya xələl gətirə bilər.

- Sosial şəbəkələrdə varsınız?

- Xeyr. Marağım yoxdur. Heç vaxt da etməmişəm. Xəbərləri saytlardan oxuyuram.

- Müxalifət saytlarını da oxuyursunuz?

- Xeyr.

- Mitinqlərdə olursunuz? Deyirlər arabir adamları döyürlər...

- Bəli, oluram. Məsələn, sonuncu mitinqdə oldum. Polis icazəli mitinqdə ictimai asayişi qorumaq üçün orada olur. O sözləri yayanlarsa, qərəzlidirlər. İcazəsiz aksiyaya, təbii ki, müdaxilə olmalıdır. Biz qanunvericiliyə və təlimata uyğun hərəkət edirik.

- Bu gün polisimizin işini 5 ballıq şkala ilə neçə qiymətləndirərdiniz?

- Ən yüksək qiyməti. Çünki biz müharibə şəraitində olan bir ölkənin daxili sabitliyini qoruyuruq.

- Müharibəyə toxundunuz. Aprel döyüşləri zamanı hansı hissləri keçirdiniz?

- O günləri xatırlamaq istəmirəm. Göz yaşlarımı saxlaya bilmədiyim günlər idi. Dayım Muradov Fazil 1993-cü ildə Qızılqaya döyüşlərində şəhid olduğu üçün o ağrıları yenidən hiss etmək çətin olmadı. Pilotlarımızın şəhid xəbərini alanda göz yaşlarımı saxlaya bilmədim. Həmin vaxt həm qürurlandım, həm də kövrəldim. Bizim üçün onlar ölməyib. Aprel müharibəsində ordumuz qanla şanlı tarix yazdı. Əgər qadınları döyüşə aparsaydılar birinci mən gedərdim. Bunu söz xatirinə yox, içdən deyirəm.

- Bəs erməni qadın hərbçisi ilə üz-üzə gəlsəydiniz, onu öldürə bilərdiniz?

- Fikirləşmədən Xocalıda qətlə yetirilən uşaqların qisasını alardım. Biz sülhə meyilli xalq olsaq da, qisasımızı da unutmuruq.

- Baxıram, gözləriniz yaşarır. Tez kövrəlirsiniz?

- Söhbət şəhiddən gedəndə hə, kövrəlirəm. Bir hadisə yadıma düşür. Dayım müharibəyə gedəndə anam ona deyibmiş ki, arxada getsin. Birdən ona nəsə olar. Həmin vaxt dayım anama cavab verib: "Mən kişiyəm, arxada niyə gedim ki?" Bax, bu söz mənim yadımdan çıxmaz. Azərbaycan kişisi budur.

- Bəs, 102 xidmətini yığdığınız an olub?

- Düzünü deyim, olmayıb. Hələ ki, polisə müraciət etməmişəm.

- Deyirlər polisdə qadın-kişi olmağın fərqi yoxdur...

- Düzdür. İşə gələndə elə bilirəm mən də kişiyəm. Xidmət bunu tələb edir. (Gülür...)

- Qadın polisin sonda cəmiyyətə nə sözü var?

- Sözüm odur ki, polisə daha yaxın olun. Polis xalqı qoruyur. Ona görə də xalq və polis bir olmalıdır.

Milli.Az








Tags:  Ramil Usubovun şəxsən seçdiyi xanım polis bilirəm mən kişiyəm FOTO

RƏYLƏR


Top news