Gürcü milliyyətçiləri səhvlərini yenə təkrarlayırlar - ŞƏRH

Gürcü milliyyətçiləri səhvlərini yenə təkrarlayırlar - ŞƏRH
20:58 27 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Seçkilərin azad, demokratik və ədalətli keçirilib-keçirilməməsindən asılı olmayaraq, bu proses istənilən ölkədə cəmiyyətin ayrı-ayrı üzvlərinin, siyasi və ictimai təşkilatların düşüncəsini nümayiş etdirir, güzgüsünə çevrilir.

Bu baxımdan qonşu, strateji müttəfiq və dost sayılan Gürcüstanda keçirilən parlament seçkiləri də bu ölkənin cəmiyyətinin düşüncəsini ortaya qoydu və bir çox məsələlər aydınlaşdı. Bu ölkənin Qərbə inteqrasiya olunmaq hədəfi, ərazi bütövlüyünün təmin olunması, Ruisya ilə münasibətlərin normallaşdırılması, iqtisadi layihələrdən daha çox qazanc əldə etmək, demokratikləşmənin daha da dərinləşdirilməsi, insan haqları, gürcü etnik qrupunun dominantlığının artırılması, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və belə məsələlər seçkiqabağı təbliğat kampaniyası zamanı xüsusi vurğulanırdı.

Azərbaycan Gürcüstanla atalar sözümüzlə ifadə etsək "Od qonşusudur". Başqa sözlə, bu ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunmasını, inkişafını, demokratikləşməsini, müstəqilliyini gürcülərdən sonra ən çox Azərbaycan vətəndaşları istəyir. Çünki biz "od qonşusuyuq".

Ancaq təəssüf ki, seçkiqabağı kampaniya zamanı bunun əksinin də dilə gətirilməsinin şahidi olduq.

Baş verənlərdən və deyilənlərdən belə görünür ki, gürcü etnik qrupuna mənsub milliyyətçilər deyəsən yenə əsas hədəfi və məsələni unudublar. Lap 26-27 il əvvəl olduğu kimi.

1989-92-ci illərdə o biri müttəfiq respublikalar kimi, Azərbaycan və Gürcüstan da keçmiş SSRİ-nin tərkibindən çıxmaq və ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparırdı. Həmin illərdə Gürcüstan milliyyətçiləri əsas hədəfdən yayınaraq Azərbaycan türklərinə qarşı düşmənçilik xəttini seçdilər. Bu, 1991-1993-cü illərdə Gürcüstanın dövlət başçısı olmuş Zviad Qamsaxurdiyanın prezidentliyi dövründə də davam etdi.

2008-ci ilin avqust hadisələri Gürcüstanda özünü "vətənsevər" adlandıranlara dərs olmadı. Onlar ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə apararaq, oxşar problemlə üzləşən Azərbaycan və Gürcüstandakı türklərlə (azərbaycanlılar) həmkarlıq etməkdənsə, öz dövlətləri üçün ciddi problem yaratmaq xəttini seçirlər.

Belələrinin fikrinə heç əhəmiyyət verməmək də olar. Sadəcə, "Vətənpərvərlər Alyansı" Gürcüstan parlamentində yerlərin 5 faizindən çoxunu tutmaqla parlamentə keçən 3 əsas partiyadan biri olduğundan məsələyə münasibət bildirməyi vacib saydıq. Çünki bu, Gürcüstanda təşkilatlanmış və parlamentdə təmsil olunacaq cəmiyyətin nümayəndələrinin təşkilatıdır.

Partiyanın liderlərindən biri Georgi Maqlakelidze seçkiqabağı kampaniya zamanı deyib ki, "Vətənpərvərlər Alyansı" dünyadakı digər ultramillətçilərlə müqayisə olunacaq dərəcədə güclənməyə başlayıb: "Hazırda multikulturalizm məhv olmaqdadır. İndi yeni baxışların, ölkəyə yeni aspektdən, tarixi perspektivdən, eyni zamanda dünya iqtisadiyyatına inteqrasiya perspektivindən baxmağın zamanıdır..."

Parlamentdəki rəqiblərindən fərqli olaraq, Rusiyaya meylli partiya kimi tanınan "Vətənpərvərlər Alyansı" da Aİ və NATO-ya üzvlüyə etiraz etmədiyini bildirir: "NATO və Avropa İttifaqı indi bizim üçün bağlıdır. Top onların tərəfindədir və Gürcüstan bu halda heç nə edə bilməz. Biz xalqı aldatmaq istəmirik". G.Maqlakelidze "EurasiaNet"ə müsahibəsində deyib ki, NATO və Aİ ilə bağlı tənqidi çıxışlarında məqsəd hakimiyyətdəkilərin Qərbə hədsiz hörmətinin səmtini dəyişməkdir. Onun fikrincə, hakimiyyətdə olanlar Qərbə o qədər bağlanıblar ki, ABŞ və Avropa ölkələrinin Gürcüstana təklif etdiyi hər şeyə gözüyumulu razılıq verirlər. İndi Gürcüstanda fərqli hərəkat var".

Partiya sosial proqramların, tibbi xidmətin gücləndirilməsinin tərəfdarı olduğunu bildirir, gürcü xalq mahnıları və rəqsləri ifaçılarını dəstəkləyəcəyini vəd edir: "Əsl vət

Vənpərvərlik milli ruhda, yəni gürcü ruhunda düşünmək, danışmaq və müzakirə etmək, gürcü ruhu ilə davranmaqdır. Gürcü ruhu vətənə bağlılıq, Allaha inam, Gürcüstana aid hər şeyə sevgi, gürcü dilinə hörmətlə yanaşmaqdır..."

"EurasiaNet"in müxbiri Coşua Kuçeranın qələmə aldığı həmin yazıda daha sonra bildirilib: "Ultramillətçilərin bu çağırışlarına gününü bazarda keçirən, pensiyaların azlığından şikayət edən 67 yaşlı Qoderzdi Şeşelidze kimi seçicilər cavab verirlər. O, hökumətin inkişafla bağlı vədlərə əməl etmədiyinə, gürcülərdən çox qərbdəkilərin maraqlarına xidmət göstərdiyinə inanır. O hesab edir ki, ultramillətçilər fərqli olacaqlar. Çünki onların lideri David Tarxan-Mouravi Gürcüstanın son kralının törəmələrindəndir. Onun sözlərinə görə, hakimiyyətdəkilərin yumşaqlığı Gürcüstanın bir az parçalanmasına səbəb olacaq: "Ruslar Abxaziyanı, Cənubi Osetiyanı tutduqları kimi, Azərbaycan da Marneulini, ermənilər Cavaxetiyanı, türklər Acarıstanı alacaqlar. Gürcüstana nə qalacaq?"

Düzdür, mətbuatda Tarxan-Mouravinin belə dediyi haqda xəbər yayılmışdı: "Gürcüstan hakimiyyətinin həddindən artıq yumşaqlığı ölkənin dağılması ilə nəticələnəcək. İstənilən halda Azərbaycan Marneuli bölgəsini ələ keçirmək istəyir". Məqalə müəllifi bunu təkzib edərək Tarxan-Mouravinin belə demədiyini bildirib.

"Azadlıq" radiosunun yaydığı məlumata görə, ölkədəki seçki və bu siyasi kampaniyadan sonrakı vəziyyətlə bağlı gürcüstanlı politoloq Gela Vasadze deyib ki, parlamentdə yalnız bir partiya – "Vahid Milli Hərəkat" müxalif mövqe nümayiş etdirəcək. Onun fikrincə, "Vətənpərvərlər Alyansı"na ümid bəsləməyə dəyməz. Politoloq deyib ki, alyans hakimiyyətin ruporu olacaq:

"Bidzina İvanişvilinin Rusiyada maraqları var. Kreml və Moskva ona təsir göstərə bilir. Qərb də ona eyni dərəcədə təsir göstərə bilir. "Gürcü Arzusu"nun parlamentdə səsləndirməyə çəkindiyi, populyar olmayan, marginal fikirləri "Vətənpərvərlər Alyansı" səsləndirəcək"

Onun sözlərinə görə, "Vətənpərvərlər Alyansı" özünü qərbpərəst qüvvə, sağçı Avropa mühafizəkarları kimi göstərən gənc partiyadır: "Ancaq partiyanın təbliğatçısı olan "Obyektiv" telekanalı rusiyapərəst qüvvələrin çıxış meydançasına çevrilib. Bundan başqa, bu partiyanı tez-tez ksenofobiya və millətçilikdə suçlayırlar.

Gəlin, açıq danışaq: Avroatlantika kursunu dəstəkləməklə yanaşı, bütün seçki kampaniyasını ksenofob bəyanatlar, antitürk təbliğatı, hətta "türklər insandırmı, yoxsa o qədər də yox" mövzusunda düşüncələr üzərində qurmaq mümkün deyil. Onlar hətta bunu da səsləndiriblər.

Vasadze hesab edir ki, buna bənzər bəyanatlar başqa ölkələrlə münasibətlərdə Gürcüstanın nüfuzuna xələl gətirə bilər.

Beləliklə, biz də Vasadze ilə həmrəyik. Bu sayaq bəyanat və əməllərin Gürcüstana ziyan vuracağı qənaətindəyik. Odur ki, özünü gürcü milliyyətçisi sayıb, bu etnik qrupun mənafeyindən danışan dostlar - meqobaro, katso, ehtiyatlı olun, indi sizin dost itirən vaxtınız deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR