Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İmam Səccadın (ə) Kərbəladan şəhadətə qədər həyatı

İmam Səccadın (ə) Kərbəladan şəhadətə qədər həyatı

Date: 27 October 2016 21:12

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:

1. İmam Səccadın (ə) xəstəliyi.
2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu.
3. Onun Əhli-Beyt (ə) əsirlərinin arasında olması.
4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr.
5. İmamın şəhadəti.
 
1. İmamın xəstəliyi
Bəzi tarixçilər bu fikirdədirlər ki, İmam Zeynəlabidin (ə) qanlı Kərbəla hadisəsində 24 yaşında idi. Bəziləri isə 22 yaş deyirlər. Muhəmməd ibni Səyid kitabında yazır: "Əli ibni Hüseyn (ə) Kərbəla hadisəsində İmam Hüseynlə (ə) bir yerdə idi. Onun 23 yaşı var idi. Onun övladı İmam Baqir (ə) Kərbəla hadisəsindən İmamın şəhadətinə qədər atası ilə bir yerdə olmuşdur. 3 və ya 4 yaşı var idi. İmam Səccad (ə) xəstəliyinə görə cihadda iştirak edə bilmədi. Allah onu insanları hidayət etməsi üçün qorudu. Peyğəmbərin (s) Həzrət Fatimədən (s.ə) olan nəsli İmam Hüseyn (ə) vasitəsilə İmam Səccada (ə) çatmışdı".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Şeyx Müfid bu haqda yazır: "O zaman ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içir, Şimr (lən) İmam Səccadı (ə) öldürmək üçün hücum edir. İmam Səccad (ə) xəstə yatağında idi. Həmid ibni Müslim ona müdafiə etdi və Şimrin hücumunu dəf etdi. Ömər ibni Səd xəstə olmağına baxmayaraq, onu Əhli-Beytlə (ə) bərabər Kufəyə aparır".
İmam Səccad (ə) Kərbəlada yalnız məhdud bir müddətdə xəstə olmuşdu. Sağalandan sonra 35 il müddətində müsəlmanlara imamlıq edir. Bəziləri onun daima xəstə olduğunu söyləyirdilər, bu məsələ insanların zehnində o qədər uzun müddət qaldı ki, dördüncü İmama (ə) və onun fədakarlıqlarına qarşı diqqətsizlik edirdilər.
 
2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu
İmam Hüseynin (ə) və onun tərəfdaşlarının şəhadəti Bəni-Uməyyə hökuməti üçün viranedici xarakter daşıyırdı. Bu xəlifəliyin dini olmasını sual altına alırdı. Bu şəhidlərin fədakarlıqlarının unudulmaması üçün İmam Səccad (ə) həm şəhidlərə göz yaşı tökür, həm də atasının hədəfini davam etdirirdi. Cavidan Aşura hadisəsi o qədər qəmgin və ürəkürpədici idi ki, onun müşahidə edənlər ölənə qədər bu hadisəni yaddan çıxartmadılar.
İmam (ə) o zaman ki, su içmək istəyərdi, gözü suya dəyəndə ağlamağa başlayardı. Həzrətin ağlamağının səbəbini soruşanda buyurardı: "Necə ağlamayım? O zaman ki, yezidlilər suyu vəhşi heyvanlara açıq buraxmışdılar, ancaq atamın üzünə bağlamışdılar. Onu susuz şəhid etdilər".
İmam Səccad (ə) öz xütbələri ilə insanların bu məsələdə yollarını azmasına imkan vermədi və 14 əsr keçməsinə baxmayaraq, bu hadisə hələ də canlı və cavidandır.
 
3.Onun Əhli-Beyt (ə) əsilərinin arasında olması
Aşura hadisəsindən sonra İmam Səccad (ə) Əhli-Beyt (ə) ilə Kufəyə hərəkət etdi. Əsirlərin dəqiq sayı haqqında məlumat yoxdur. Bəziləri qadınların sayının 64 nəfərdən 84 nəfərə qədər olduğunu və oğlan uşaqların sayının 12-dən 14-ə qədər olduğunu yazırlar. Onları 40 dəvə ilə aparırdılar. Hamısını zəncirə vurmuşdular. Bu karvanın tək kişisi İmam Səccad (ə) idi. Düşmən onlara qarşı çox sərt rəftar edirdi. Tarixçilərin yazdığına görə İmam Səccadı (ə) palansız dəvənin üzərinə otuzdurmuşdular. Həzrətin mübarək əllərini boynundan asmış, ayaqlarının hər ikisini dəvənin qarnına bağlamışdılar. Bəzi tarixçilər karvanın Kufəyə daxil olma tarixini Məhərrəm ayının 12-si olduğunu və bəziləri də 16 və 17-si olduğunu yazırlar.
 
4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr
İmam Səccad (ə) Kufədə olan zaman iki dəfə xütbə demişdi. Birinci xütbəni carçıların Kufə xalqını əsirlərə baxmağa dəvət etdiyi zaman etmişdi. Kufənin kənarında əsirlər üçün xeymə qurmuşdular. İmam Səccad (ə) xeymədən bayıra çıxdı və insanlara işarə etdi ki, sakit olsunlar. İmam Səccad (ə) çıxışını Allaha sitayiş etməklə başladı. Peyğəmbərə (s) salavat göndərdi və buyurdu: "Ey insanlar! Kim ki, məni tanıyırsa, tanıyır və tanımırsa, mən - Hüseynin (ə) oğlu Əliyəm (ə). O Hüseynin (ə) ki, Fərat sahilində günahı olmadan və haqsız olaraq, müqəddəs başını bədəninidən ayırdılar. Mən o ağanın oğluyam ki, hərəminə hörmətsizlik edildi, rahatlığı aradan aparıldı. Malı qarət edildi və ailəsi əsir oldu. Mən o insanın oğluyam ki, (düşmənlər onu mühasirəyə aldılar, halbuki o, tək idi və yardımına tələsən kimsə yox idi) şəhid etdilər. Əlbəttə, bu cür şəhadət bizim iftixarımızdır. Ey insanlar! Sizi Allaha and verirəm, Həzrətə yazdığınız məktublar yadınızdadırmı? Onunla əhd və peyman bağlamışdınız, onunla beyət etmişdiniz? Siz onunla döyüşə girdiniz və ona yardım etməkdən əl çəkdiniz. Vay olsun sizə! Axirətiniz üçün tədarük gördüyünüz şey necə çirkindir və Peyğəmbərin (s) üzünə necə baxacaqsınız?".
İmamın (ə) çıxışı bu yerə çatanda kufəlilər ağlamağa başladılar. Yatmış vicdanları oyandı. Onlar bir-birini danlamağa başladı.
İmam Səccad (ə) davam edərək, buyurur: "Allah mənim nəsihətimi qəbul edən hər kəsi bağışlasın. Allah və Peyğəmbərə (s) xatir hər nə desəm, əməl etsin. Çünki Peyğəmbəri-Əkrəmin (s) yolu bizim üçün nümunədir". İmamın (ə) sözləri sona çatmamış kufəlilər bir səslə dedilər: "Ey Rəsulun (s) övladı! Biz sənin əmrinə qulaq asırıq və sənə vəfadarıq. Bundan sonra əmrinin quluyuq. Hər kimlə desən, vuruşarıq. Hər kimlə desən sülh bağlayarıq. Biz sənin və özümüzün haqqını düşməndən alarıq". İmam (ə) kufəlilərə buyurdu: "Sizə heç vaxt etimad bəsləməyəcəm. Ey xəyanətkarlar! Ey şəhvət əsirləri! Atama etdiyiniz xəyanəti mənə də etmək istəyirsiniz? Xeyr, Allaha and olsun ki, hələ də vurduğunuz yaradan qan axır. Ürəyim ata və qardaş dağı ilə yanır. Müsibətin acı dadı hələ də getməyib. Mənim qəmim təskinedici deyil. Siz kufəlilərdən istəyirəm ki, nə bizimlə olun və nə bizim əleyhimizə".
İmam Səccad (ə) bu sözləri ilə onların vəfasızlığını və etibarsız olduqlarını üzlərinə vurdu və həsrət atəşini qəlblərinə saldı. Sonra buyurdu: "Əgər Hüseyn (ə) öldürülübsə, elə də qəribə deyildir. Onun da atası ondan qabaq bu kəramət və dəyərlərlə şəhid edilmişdi. Ey kufəlilər! O şeyi ki, İmam Hüseynə (ə) rəva bildiniz, şad olmayın. Bu, böyük hadisə idi. Canım ona fəda olsun ki, Fərat çayının kənarında şəhid oldu. Cəhənnəm atəşi o insanların cəzasıdır ki, onu şəhid etdilər".
 
Ubeydullah ibni Ziyadın məclisindəki xütbəsi

İmam Səccadın (ə) Kərbəla əsirləri içərisindəki hüzuru nəzərə çarpan idi. Əsirlər karvanı Ubeydullahın məclisinə daxil olanda burada Ubeydullahın nəzərini cəlb edən şəxs İmam Səccad (ə) oldu. Çünki o, belə təsəvvür edirdi ki, Kərbəlada bir kişi belə sağ qalmamışdır. Onların hamısını qətlə yetirdiyini düşünürdü. Buna görə sorgu-sual edir və İmam Hüseynin (ə) nəslindən kiminsə sağ qalmasına şahid olmaq istəmədiyini bildirirdi. Karvan məclisə daxil olanda Ubeydullah üzünü İmam Səccada (ə) tutub, deyir: "Adın nədir?" İmam buyurdu: "Əli ibni Hüseyn (ə)". Ubeydullah dedi: "Məgər Allah Əli ibni Hüseyni (ə) Kərbəlada öldürmədimi?" İmam (ə) bir anlıq susur. Ubeydullah (lən) deyir: "Niyə susursan?" İmam (ə) buyurur: "Allah ölüm zamanı canları alar. Heç bir insan Allahın izni olmadan ölmür". Ubeydullah bu sözlərdən o qədər əsəbləşir ki, əmr edir, onu da şəhid etsinlər. Ancaq Həzrət Zeynəb (s.ə) fəryad çəkir: "Ey ibni Ziyad! Bu qədər qanımızı tökmüsən, sənin üçün kifayət deyilmi? Allaha and olsun ki, əgər onu öldürmək istəyirsənsə, məni də onunla bir yerdə öldür". Zeynəbi-Kubranın (s.ə) sözləri ona təsir etdi və İmaını (ə) öldürməkdən əl çəkdi.
Əsirlər karvanı lənətlik Yezidin məclisinə daxil olur, İmam (ə) Yezidi görəndə buyurur: "Ey Yezid! Allaha and olsun ki, əgər Allahın Rəsulu (s) bizi bu halda müşahidə etsəydi, səninlə nə edərdi?" Şam əhalisi Yezidi Peyğəmbərin (s) xəlifəsi hesab edirdilər. İmamın (ə) bu sözlərindən sonra özlərindən soruşdular ki, məgər bu insanların Peyğəmbərlə (ə) rabitələri varmı? Bununla Yezid rüsvay oldu. Əmr edir ki, İmamın (ə) əl və ayaqlarında olan zəncirləri açsınlar.
İmam (ə) irəli gəlib, Yezidə (lən) buyurdu: "Belə düşünməyin ki, siz bizi xar edəsiniz və biz sizi dəyərləndirək. Siz bizə əziyyət verərsiniz və biz də sizə əziyyət verməkdən əl çəkərik. Allah bilir ki, biz sizi sevmirik, əgər siz də bizi sevmirsinizsə, sizi məzəmmət etmərik". Yezid dedi: "Düz deyirsən, ancaq sənin atan və cəddin əmir olmaq istəyirdilər. Allaha həmd olsun ki, onları öldürdü və qanlarını tökdü. Atan qohumluğa riayət etmədi. Bizim haqqımızı görməməzliyə vurdular. Mənim səltənətliyimə görə mənimlə döyüşə qalxdı və axırı da gördüyün kimi oldu. İmam (ə) buyurdu: "Ey Müaviyə ilə Hindin oğlu! Dünyaya gəlməmişdən qabaq peyğəmbərlik və hökumət mənim atama və nəslimə aid idi. Bədr, Ühud döyüşlərində Peyğəmbərin (s) bayrağı atamın əlində olurdu. Ancaq sənin atan, atasının və cəddinin bayrağını gəzdirirdi. Ey Yezid! Əgər bilsəydin ki, nə etmisən, atamın, qardaşımın, əmim oğlunun və ailəmin başına nə gətirmisən, dağlara qaçardın. Çınqıllıqda gizlənər və fəryad çəkərdin". Sonra Yeziddən istədi ki, minbərə çıxsın. Yezid (lən) əvvəl icazə vermir. Ancaq sonra razı olur və Həzrət (ə) minbərə çıxır. İmamın (ə) xütbəsindən sonra hamı ağlayır və Yezid (lən) rüsvay olur. Yezid də onun bu yanğılı çıxışı qarşısında heç nə deyə bilmir. Üzr istəyir və bütün bu olanların günahını Ubeydullah ibn Ziyadın (lən) üzərinə atır. Sonra İmamdan (ə) nə istədiyini soruşur və İmam da əsirlərin azad edilməsini, şəhidlərin basdırılmasını və Mədinə şəhərinə getməyi istəyir. Şamda bir müddət qalandan sonra İmam (ə) və ailəsi Mədinəyə qayıdır.
 
5. İmamın şəhadəti
İmam 35 il müsəlmanlara rəhbərlik edir. Xilafətin növbəti qəsbkarı olan Vəlid ibni Əbdulməlik (lən), İmamı 95-ci hicri ilində Məhərrəm ayının 25-də zəhərləyir və şəhadətə yetirir. Həzrət İmam Səccadı (ə) Bəqi qəbiristanlığında, əmisi İmam Həsən Müctəbanın (ə) qəbrinin yanında torpağa tapşırırlar.

Milli.Az


Tags:  İmam Səccadın Kərbəladan şəhadətə həyatı

RƏYLƏR


Top news